Elmə həsr olunmuş şərəfli ömür yolu

Bu gün görkəmli alim, ictimai xadim, akademik Arif Mir Cəlal oğlu Paşayevin ad günüdür. O, 1934-cü il fevralın 15-də Azərbaycanın böyük yazıçısı, görkəmli pedaqoq və ədəbiyyat xadimi Mir Cəlal Paşayevin ailəsində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illərinin o dövrün adlı-sanlı, tanınmış şəxsiyyətlərinin əhatəsində keçməsi Arif Paşayevin həyat və yaradıcılığına öz müsbət təsirini göstərmişdir.

Bir sıra beynəlxalq akademiyaların həqiqi üzvü olan Arif Paşayev müasir dövrümüzün parlaq ziyalılarından biridir. Azərbaycan ədəbiyyatının güclü simalarından biri olan Mir Cəlal Paşayevin ailəsində böyüməsi onun şəxsiyyət kimi formalaşmasında mühüm rol oynamışdır. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bununla bağlı yazır: “Mir Cəlal Paşayevin ata ocağında və mühitində Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimləri – Xalq şairi Səməd Vurğun, Xalq yazıçısı Mirzə İbrahimov, akademik Həmid Araslı, professor Cəfər Xəndan, Sabit Rəhman, Mehdi Hüseynlə yanaşı, o dövrün musiqiçiləri, ad-san qazanmış bəstəkarları və dramaturqları da toplaşırdılar. Bu ədəbi-mədəni və elmi mühitin zənginliyi Azərbaycanın ənənəvi ədəbi məclislərindən geri qalmırdı. Məhz belə bir sağlam münbit mühit akademik Arif Paşayevin dünyagörüşünün formalaşmasında əvəzsiz rol oynamışdır”.

Akademik Arif Paşayev Bakıdakı 164 nömrəli orta məktəbi bitirdikdən sonra ali təhsilini Odessa Elektrotexnika Rabitə İnstitutunda almışdır. 1960-1964-cü illərdə Moskva şəhərində “Gired met” İnstitutunda aspirant olmuş, 1966-cı ildə “Yüksək və ifrat yüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Elmi axtarışlarını uğurla davam etdirən gənc alim 1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

Filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlinin və texnika elmləri üzrə fəlsəfə doktoru Ənvər Həzərxanovun tərtibatı ilə hazırlanmış “Arif Mir Cəlal oğlu Paşayev: biblioqrafiya” göstəricisində qeyd olunur: “AMEA-nın həqiqi üzvü, Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq İnformasiya akademiyalarının akademiki Arif Mir Cəlal oğlu Paşayevin elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır. O, yüksək və ifrat yüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmışdır”.

Biblioqrafiyada, həmçinin qeyd olunur ki, akademik Arif Paşayev 40 ildən artıq bir dövrdə zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olmuşdur. Əlamətdar haldır ki, funksional elektronikanın müstəqil elmi istiqaməti olan neqatronika sahəsi keçən əsrin sonunda ilk dəfə olaraq Azərbaycanda, məhz akademik Arif Paşayevin elmi məktəbində aşkarlanmış və inkişaf etdirilmişdir.

Tanınmış alim Arif Paşayev Azərbaycan MEA Fizika İnstitutunda 1959-cu ildən elmi fəaliyyətə başlamışdır. Həmin vaxtdan o, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradaraq seriya ilə istehsalına nail olmuşdur.

Akademik Akif Əlizadə görkəmli alim Arif Paşayevin elmi fəaliyyəti barədə məqaləsində qeyd edir ki, 1960-cı ilin əvvəllərində fizikada, yarımkeçiricilər fizikasında Qann effekti deyilən effekt müşahidə edilmişdi. O yazır: “Bu effektin mahiyyəti ondan ibarətdir ki, yarımkeçirici monokristal elektrik sahəsində yerləşdirildikdə sahənin müəyyən qiymətində sabit cərəyan dövrəsində yüksək tezlikli elektrik rəqsləri əmələ gəlir. Arif Paşayev Azərbaycan Elmlər Akademiyası sistemində ilk dəfə olaraq yüksək həssaslığa malik qurğu yaratmış və bu qurğuda Qann effekti tədqiq olunmuşdur”. Akademik A.Əlizadə əlavə edir ki, sonralar Arif Paşayev daha irəli gedərək yarımkeçiricilərdə elektrik, fotoelektrik və digər xassələri kontaktsız tədqiq etmək metodunu yaratmağa müvəffəq olmuşdur. Bundan başqa, akademik Arif Paşayev müxtəlif quruluşa malik elektromaqnit sahəsinin keçirici mühitə qarşılıqlı təsirinin tədqiqi nəticəsində maşınqayırma məmulatının cərəyan burulğanları ilə nəzarəti üçün yeni üsulların və qurğuların yaradıcısı kimi tanınır. “Arif Mir Cəlal oğlu Paşayev: biblioqrafiya” göstəricisində bildirilir ki, həmin üsul və qurğular elektron mikrometri, dərinlik nasoslarının içliklərinin diametri, dərin deşikləri ölçmək üçün proqram təminatlı xüsusi elektron qurğulardır. Həmçinin SD-1 kondisionerlərinin diaqnostikası üçün stend və sair bu qəbildəndir.

Akademik Arif Paşayev 1996-cı ildən indiyədək “Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasının (MAA) rektorudur. Akademiyada tədris prosesi, elmi-metodik işlər yüksək səviyyədə təşkil edilmiş, yeni kafedra və ixtisaslar açılmış, burada ilk dəfə Azərbaycan dilində təhsilin aparılmasına başlanılmışdır. Arif müəllimin rəhbərliyi ilə Milli Aviasiya Akademiyasının elmi fəaliyyəti buradakı dozimetrlərin, pilotsuz uçan aparatların, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin yaradılmasına və s. yönəldilmişdir. Bütün bu uğurların nəticəsi kimi Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə “Mülki Aviasiya ali təhsil müəssisəsi” sertifikatına layiq görülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilmişdir.

Akademik A.Paşayev aviasiya sahəsində də ilklərə imza atmışdır. Belə ki, dünyada ilk dəfə onun rəhbərliyi ilə işlənib hazırlanmış “Təyyarə salonlarının dezinfeksiyası üçün ozonlaşdırma üsulu və qurğusu”na İsveçrədə PCT Beynəlxalq Patent Təşkilatının patenti verilmişdir. Professor Arif Paşayev təhsil sahəsindəki nümunəvi xidmətlərinə və aviasiya mütəxəssislərinin hazırlanması sahəsində səmərəli fəaliyyətinə görə 2008-ci ildə Beynəlxalq Aviasiya Komitəsinin “Qızıl medal”ı ilə təltif edilmişdir.

Akademik Arif Paşayevin imzası Milli Aviasiya Akademiyasının uğurlu inkişafında da görünür. Akademiyanın ötən müddət ərzində əhəmiyyətli elmi nəticələri və onların istehsalata tətbiqinin səmərəliliyi yüksək qiymətləndirilir. Belə ki, monoqrafiya, kitablar və dərsliklər, müxtəlif beynəlxalq və ölkə jurnallarında dərc olunmuş elmi məqalələr, patent və müəlliflik şəhadətnamələri MAA-nın əldə etdiyi uğurlar sırasındadır. Mütəxəssislər vurğulayırlar ki, Milli Aviasiya Akademiyasında elmi işlər və mütəxəssis hazırlığının müasir səviyyəsi nəinki “AZAL” üçün yüksək ixtisaslı kadrların hazırlanmasına, hətta beynəlxalq aviasiya təşkilatlarının da səriştəli mütəxəssislərlə təmin edilməsinə və aviasiyada istifadə olunan nadir cihazların yaradılmasına imkan verir. Məsələn, Naxçıvan Aeroportunda radiotexniki obyektlərin məsafədən mühafizəsi üçün tətbiq olunan mühafizə sistemi MAA-nın aviasiya elekrtonikası şöbəsinin alim və mütəxəssislərinin əməyinin məhsuludur. Bu qurğu Heydər Əliyev Beynəlxalq Aeroportunda meteoroloji radiolokatorun distansion mühafizəsi üçün də tətbiq olunur. Qurğu 1-ci və 2-ci perimetr mühafizə xəttinə nüfuz edən hər hansi kənar şəxs və ya digər obyekt haqqında məlumat verməyə qadirdir. Bu, universal sistemdir və təkcə aeroport ərazisində yox, istənilən digər yerdə uzaq məsafədən obyektin mühafizəsini təşkil etməyə imkan verir.

Elm adamlarının yaxın dostu və məsləhətçisi kimi akademik Arif Paşayev Azərbaycanda yüksək elmi potensiala malik gənc kadrların formalaşdırılmasında əvəzsiz xidmətlər göstərir. Təsadüfi deyil ki, onun rəhbərliyi altında 10-dan çox aspirant və dissertant namizədlik dissertasiyası müdafiə etmişdir. Akademik A.Paşayevin 400-dən çox elmi əsəri dərc olunmuş, 30-dan artıq kitabın, monoqrafiyanın müəllifidir. O, həmçinin 60-dan artıq ixtira üçün müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almışdır. Akademik A.Paşayev, eyni zamanda, iki doktorluq dissertasiyasının məsləhətçisi, Rusiyada, Ukraynada, Latviyada, Estoniyada və Azərbaycanda müdafiə olunmuş bir sıra doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış etmişdir.

Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət Mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə “SSRİ-nin ixtiraçısı” medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüşdür. “VEKTOR” - Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış alimləri” beynəlxalq layihəsinin qalibi olmuş və “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif edilmişdir. Arif Paşayevin təltifləri sırasında Azərbaycan Respublikasının “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri kimi ali mükafatlar vardır. Bundan başqa, görkəmli akademik Beynəlxalq Elmlər Akademiyasının Elmi İnkişaf Beynəlxalq Şurasının qərarına əsasən, Nobel mükafatı laureatı İ.V.Pavlov adına “Qızıl nişan” və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ali mükafatı – “Qızıl medal” ilə də təltif olunmuşdur.

Akademik Arif Paşayev həm də vətənpərvər və humanist ruhlu övladlar tərbiyə etmiş qayğıkeş ata və mehriban babadır. Onun kiçik qızı Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva respublikanın ictimai-siyasi həyatında mühüm rol oynayır, milli mədəniyyətimizin təbliğində, xeyriyyəçilik fəaliyyətində, o cümlədən idmanın inkişafında böyük uğurlara imza atır. Arif müəllimin böyük qızı Nərgiz xanım Paşayeva AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professordur. O, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektorudur. Nərgiz Paşayeva İngiltərə – Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfindən rəhbəridir. Dövlətçiliyə sıx bağlı olan akademik Arif Paşayevə Azərbaycanın elmi potensialının daha da güclənməsi naminə çalışdığı yolda kollektivimiz adından daha böyük uğurlar arzulayır, ona cansağlığı və uzun ömür diləyirik.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında