Qara Qarayevin yubiley tədbirləri davam edir

Milli İncəsənət Muzeyində Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş “Yaşayan əfsanə” adlı  sərgi açılmışdır.

Muzeyin mətbuat xidmətindən verilən məlumata görə, sərgidə bəstəkarın yaradıcılığından bəhs edən 40-a dək qrafika, rəngkarlıq, heykəltəraşlıq və dekorativ tətbiqi sənət nümunələri nümayiş olunur.

Xalq rəssamı Mikayıl Abdullayevin Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr etdiyi tablolar, Elmira Şahtaxtinskayanın bəstəkar Qara Qarayevə  həsr etdiyi portret-plakatı, heykəltəraş Cəlal Qaryağdının bəstəkarın şərəfınə yaratdığı mərmər büst  və dünyaca məşhur klassik əsərlərə çəkilmiş illüstrasiyalar bu qəbildəndir.

Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Tahir Salahovun ev muzeyinin kolleksiyalarından və  Azərbaycan Xalça Muzeyindən əsərlər təqdim olunur.

Qara Qarayevin yaradıcılığı Azərbaycan musiqi sənətinin  parlaq səhifələrini təşkil edir. Klassik və müasir musiqinin uğurlu sintezini yaradaraq mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş bəstəkarın müxtəlif janrlı əsərləri XX əsr dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olub. “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərinin, “Leyli və Məcnun” simfonik poemasının, “Don Kixot” simfonik qravürünün, həmçinin  müxtəlif janrlarda yazılmış yüzlərlə əsərin müəllifi olan Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına təsir göstərmiş, özünəməxsus yaradıcılıq yolu keçmiş, yeni nəfəs, yeni fikir gətirmişdir.

XXX

Milli Kitabxanada “Unudulmaz bəstəkar Qara Qarayev” adlı geniş kitab sərgisinin açılışı mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq,  dahi bəstəkarın milli musiqi irsimizə dəyərli əsərlər bəxş ediyini demiş, sənətkarın 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından, il ərzində keçiriləcək tədbirlərdən danışmışdır.  O, həmçinin kitabxana tərəfindən də elektron məlumat bazasının və biblioqrafik vəsaitin hazırlandığını, silsilə tədbirlərin keçiriləcəyini qeyd etmişdir.

Daha sonra kitabxananın nəşriyyat işləri üzrə baş mütəxəssisi Gülbəniz Səfərəliyeva və direktor müavini Ədibə İsmayılova sənətkarın çağdaş musiqi mədəniyyətimizin inkişafındakı, özünəməxsus dəyərli əsərləri ilə musiqimizin dünya səviyyəsində təbliğindəki misilsiz xidmətlərindən  söz  açmışlar.

Sonda direktor qonaqları sərgi ilə tanış olmağa dəvət etmişdir. Sərgidə görkəmli bəstəkarın not-musiqi əsərləri, görkəmli şəxsiyyətlərin bəstəkar haqqında fikirləri, onun haqqında Azərbaycan və xarici dillərdə yazılmış  kitablar və dövri mətbuat materialları  nümayiş etdirilir.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında