Milli teatr yeni yüksəlişin astanasında

Azərbaycan Akademik Milli Teatrında keçirilən mətbuat konfransında teatrın yeni direktoru, sənətşünas-professor İsrafil İsrafilov milli teatrımızın son illərdə düşdüyü duruma aydınlıq gətirdi, dövlətin fəal dəstəyi ilə həyata keçirilən tədbirlər proqramını açıqladı.
Qocaman sənət ocağının rəhbəri bildirdi ki, 138 il əvvəl milli oyanış və özünüifadə zəminində ilk addımını atmış anadilli teatrımız XX əsrin əvvəllərində sürətlə formalaşmış, sovet dövründə isə dövlət qurumuna çevrilərək ictimai sistemin ideoloji-estetik sifarişlərini yerinə yetirmişdir. Azərbaycan dövlət müstəqilliyi qazanandan sonra akademik dram teatrı milli teatr statusunu bərpa etmək yönündə addımlar atsa da bu proses davamlı olmamış, istənilən səviyyəyə qalxmamışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi 2009-2019-cu illərdə teatr islahatı proqramı milli səhnəmizin problemlərinin həllini sürətləndirmək, onu cəmiyyət həyatına daha da yaxınlaşdırmaq məramı daşıyır. Proqrama uyğun olaraq, ölkə teatrlarının maddi-texniki bazası təzələnir və gücləndirilir, yaradıcılıq məsələləri qaydaya salınır. Milli teatrımızın tarixini yaşadan, teatr proseslərinin mərkəzində dayanan akademik dram teatrının binası dövlət başçısının himayəsi ilə əsaslı təmir olunmuş, ən müasir avadanlıqla təchiz olunmuşdur.
İsrafil İsrafilov Azərbaycan Akademik Milli Teatrının həlli vacib yaradıcılıq problemlərindən söz açaraq bildirdi ki, müasir tamaşaçının estetik tələbatını cavablandıran əsərləri səhnəyə gətirmək üçün teatrın repertuarı klassik və yeni pyeslərlə təzələnir. Zamanın sifarişinə uyğun pyeslər yaratmaq üçün müəlliflərlə əməkdaşlıq qurulub. Milli səhnəmizi dünya teatr prosesinə fəal inteqrasiya etdirmək üçün xarici teatrlarla, yeni estetik təfəkkürlü rejissorlarla sıx əlaqə yaradılır.
Bütün bunlarla yanaşı, teatrda intizam və təşəbbüskarlığı artırmaq, nəticə etibarilə yaradıcı ab-havanı təzələmək üçün truppa yenidən təşkil olunur, cavanlaşdırılır. Maraqsız əsərlərin, istedadsız aktyorların səhnəyə yol tapmasının qarşısını almaq üçün seçim tələbləri sərtləşdirilmişdir. Ölkənin ən yaxşı aktyor potensialını teatra cəlb etmək üçün maddi və yaradıcı maraqlar uzlaşdırılır. Həyata keçirilən kompleks tədbirlər teatrı yeni yüksəlişə hazırlayır.
Natiq daha sonra teatr islahatının ayrı-ayrı mərhələlərində reallaşdırılacaq layihələrdən söz açdı, bu il nəzərdə tutulan işlər barədə geniş məlumat verdi. Truppa fevralın 1-də yaradıcı prosesə start verəcək. Milli teatrımızın doğum günü olan martın 10-da isə təmirdən və islahatlara başlayandan sonra Azərbaycan Akademik Milli Teatrının rəsmi açılışı olacaq.
Sonda İsrafil İsrafilov jurnalistlərin suallarını da cavablandırdı.

{nl}


Tahir AYDINOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında