Kim necə danışır?
Zəlimxan Yaqub (şair):
"Enli kürəkli, hündür boylu, lopabığlı, çatmaqaş, lay divar, ağır oturan, batman gələn, yerişindən yer titrəyən, nəfəsi göyləri qarsılayan, şax yerişli, şux duruşlu, sərrast addımlı, aydın fikirli, dolu xəzinəli, qaynar sinəli, incə qafiyəli, kövrək deyimli, həssas düşüncəli bir yazıçıydı Süleyman Rəhimov!"
"Təbiət insanın müəllimi və ustadıdır. Çiçəyə baxırsan, açılırsan. Gülə baxırsan, gözəlləşirsən. Qayaya baxırsan, sərtləşirsən. Palıda baxırsan, güclənirsən. Dərəyə baxırsan, dərinləşirsən. Dağlara baxırsan, ucalırsan. Göylərə baxırsan, genişlənirsən. Çeşməyə baxırsan, durulursan. Dənizə baxırsan, dalğalanırsan. Çaya baxırsan, ləngərlənirsən!"{nl}
Zeynəb Xanlarova (müğənni):
"Mən bəziləri kimi döyüləm eyyy! Qapıdan bura gələnə kimi yarım saat keçir. Biriynən salamlaşıram, biriynən qucaqlaşıb öpüşürəm, biriynən görüşürəm. Mən hamını sevirəm, hamı da məni sevir. Adım-sanım var. Adamıq də! Yoxsa, onun kimi? Özünü elə çəkir, elə bil, alçaq dağları bu yaradıb! Adama deyərlər, bapbalaca vəzifən var də... Kişi onu oradan qovsaydı, nə olardı! Canımı qurban edərdim o kişiyə! Eləmir də! Eləmir!!! Nə tikan çıxardı ürəyimizdən!"
{nl}
Yorğan-döşəkdə qaldı!
Qayınanamdan yaman qorxurdum. Arvadın boz sifətini görəndə canıma üşütmə düşürdü. Niyə? Ailə işimə qarışırdı, gündə qızını qızışdırıb evimizə dava-dalaş salırdı, dözürdüm, bu bir. Anamı, xalalarımı, bibilərimi qatırdı bir-birinə, ondan-buna, bundan-ona deməklə ara qarışdırırdı, bu iki. "Xalqın kürəkənləri qaz vurub, qazan doldurur, mənim kürəkənim quruca maaşa baxır, acından ölür" deməklə məni qohum-qonşu yanında hörmətdən salır, abrımı tökürdü, bu üç. Saymaqla qurtaran deyil. Balalarımın xatirinə ailəmi dağıtmaq istəmirdim, "qayınanam bu gün-sabahlıqdır" düşüncəsi ilə birtəhər dözürdüm. Belə-belə ömrümün yarısı ah-vayla keçdi!
Bir gün eşitdim qayınanam düşüb yorğan-döşəyə. Dedilər vəziyyəti ağırdır, "o tərəflikdir". Sevincimdən nəzir-niyaz payladım. Amma biruzə vermədim, qayınanamın yanına gedib, başladım yaltaqlanmağa:
- Ay arvad, qorxma, xəstəlikdir də, keçib gedər. Nə lazımdır de, yerin deşiyindən tapım, gətirim. Hələ ki, sağam, qoymaram sənə bir şey ola.
Qayınanam çənəsi əsə-əsə dilləndi:
- Sənin heç nəyin mənə lazım deyil! Get, qohum-qardaşı yanıma çağır.
Ağzım nə idi onun əmrini yerinə yetirməyəydim! Hamıya xəbər verib yığdım qayınanamgilə. Elə ki, qohumlar cəm oldu, qayınanam dilləndi:
- Mən ölürəm. Kimə nə vermişəm, gedin gətirin.
O, yastığın altından bir siyahı çıxarıb, "verdiklərimi bax, bura yazmışam, gizlədib eləməyin" - deyə gözlərini qıydı.
Hamı mat-məəttəl bir-birinə baxdı. Əlacları ona qaldı ki, qayınanamın göstərişinə əməl eləsinlər. Elədilər də. Kimi qayınanamın pay verdiyi paltarlıq parçaları gətirdi, kimi xrustal qab-qacağı, kimi də borc pulları geri qaytardı. Qayınanam bununla kifayətlənməyib özünün geyim paltarlarını da üst-üstə yığdırdı. Sonra iki yekə xrustalı bir-birinə vurub sındırdı. Baldızım qışqırdı:
- Ay arvad, neynirsən, dəli olmusan?
Qayınanam onun sözünə məhəl qoymadı, geyim paltarlarını da cırıq-cırıq eləyib yanan sobaya atdı.
Qaynım dözə bilmədi:
- Paltarlarını niyə yandırırsan, ay arvad?
Qayınanam qışqırdı:
- Mən öləndən sonra nəyimə lazımdır?!
Bacanağım başladı dil tökməyə:
- Ay ana, elə hər xəstələnən ölür ki? Allah qoysa bu gün, sabah sağalıb durarsan ayağa. Paltarsız gəzəcəksən?
Bu sözlər qayınanamın qulağına girmirdi. Elə hey sındırıb-yandırırdı. O, son kibrit çöplərini də yandırıb dilləndi:
- Vəssalam! İndi o dünyaya rahat köçə bilərəm!..
Bədbəxtlikdən düz bir həftədən sonra qayınanam sağaldı. Amma yorğan-döşəkdən qalxa bilmədi. Çünki əyninə geyməyə bircə paltarı da qalmamışdı...
{nl}
Sümük azarı (Anonimçinin etirafı)
Hörmətli, möhtərəm idarə rəisləri! Əziz vəzifə sahibləri! Ey xalqın dərdinə əlac eləyənlər!
Bu məktubu sizə qaranlıq yerdən yazıram. Məni "anonimçi" adlandırıb bura salmalarına baxmayaraq, gördüyünüz kimi qələm-kağızımı əlimdən ala bilməyiblər.
Əvvəllər mən çox "arxın suyunu" bir-birinə calamışam. Kimini "əliəyri", kimini "rüşvətxor", kimini "ələkçinin qıl verəni", kimini "yaltaq", kimini "alverçi", kimini "antipod"... adlandırıb haqlarında ora-bura çox yazmışam, yoxlamalar təşkil elətdirmişəm.
Məni qınamayın! Hərənin bir şakəri olur. Kimi futbol azarkeşidir, istər qar-yağış təpəsinə döysün, istər külək qalstukunu boğazından açıb aparsın, onun üçün təfavütü yoxdur, gərək bütün oyunlara stadionda tamaşa eləsin. Və yaxud, bir də görürsən ki, birinin o birindən xoşu gəlmir. Onun da bir başqa şakəri olur. Sarılır qələm-kağıza, başlayır rəqibi haqqında yuxarı təşkilatlara imzasız, böhtan, iftira dolu şikayət məktubları yazıb-yağdırmağa. Komissiya komissiya dalınca gəlir, yoxlanış yoxlanış dalınca aparılır. Məktub müəllifi də kənarda dayanıb tamaşa eləyir ki, görsün axırı necə olacaq? Mən bir nəfər beləsini tanıyıram. Babalı bəzi-bəzi anonimçilərin boynuna, deyirlər ki, əgər demoqoqların yarışı keçirilsə, birinci yerə o çıxar, çempion olar. Kişinin kimdən xoşu gəlməsə onu el arasında hörmətdən salıb biabır eləmək üçün dəridən-qabıqdan çıxır.
"Kor kora kor deməsə bağrı çatlar" məsəlinin lətifəsi mənə gəlməsin, boynuma götürürəm ki, belə bir "xəstəliyə" mən də yoluxmuşam. Hərdən üzümə deyirlər ki, "Sənin sümük azarın var". Deyəsən, düz deyirlər. Elə ki bir az yazmadım, azar canımı alır, mənə elə gəlir ki, sümüklərim şaq-şaq şaqqıldayır. Yazanda elə bil, ağrı-acı canımdan çıxır. Bir də ki, ona-buna şər atmaqdan asan nə var? Onsuz da zəhməti yoxlayanlar çəkirlər. İnandırım sizi ki, kənarda dayanıb tamaşa eləməyin başqa ləzzəti var...
Amma indi az-az yazıram. Daha doğrusu, qoymurlar yazam. Balıq susuz yaşaya bilmədiyi kimi, mən də yazmasam yaşaya bilmərəm. Ona görə də sizdən çox xahiş edirəm, ya mənim bu qaranlıqdan çıxmağıma, ya da yazmağıma imkan yaradılmasına kömək edin. Yoxsa, həyatım təhlükə qarşısındadır!..
{nl}
Xeyrəddin QOCA, yazıçı
{nl}
{nl}
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.