Rafael Hüseynovun "Ay xanım - Məhsəti Gəncəvi" kitabı nəşr edilmişdir

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru professor Rafael Hüseynovun "Ay xanım - Məhsəti Gəncəvi" adlı kitabı çapdan çıxmışdır.
AzərTAc xəbər verir ki, nəfis tərtibatda nəşr edilən kitabda dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığından söhbət açılır. Müəllif orta əsrlər mənbələri əsasında şairənin çətinliklərlə dolu həyatı və onun qeyri-adi poetik istedadı ilə bağlı suallara cavab axtarır.
Alim M.Gəncəvinin ədəbi irsinin öyrənilməsi üçün belə bir əsaslı tədqiqatın aparılmasını uzun müddət şairənin şəxsiyyəti və yaradıcılığı haqqında mübahisələr və fikir ayrılığı doğurmuş problemləri araşdırmaq və bununla onun şeirlərində əksini tapan düşüncələrə və duyğulara daha real körpü salmaq zərurəti ilə izah edir.
Bu kitab R.Hüseynovun uzun illər apardığı araşdırmaların məhsuludur. O, araşdırmalara hələ sovet dövründə - 70-ci illərin sonu - 80-ci illərin əvvəllərində başlamışdır. Ötən müddət ərzində tədqiqatçı sual doğuran məsələləri daha dərindən öyrənmiş, araşdırmanı yeni mənbələr, şairənin həyatı ilə bağlı faktlarla zənginləşdirmişdir.
Bu tədqiqatla R.Hüseynov göstərmişdir ki, Məhsəti, bəzilərinin hesab etdiyi kimi, uydurma ədəbi obraz olmamışdır, o, real tarixi şəxsiyyətdir. Yaradıcı həyatı Gəncədə keçsə də, Məhsəti Şərqin qədim şəhərlərinə də çoxlu səyahətlər etmişdir. Müəllif dahi şairənin klassik poeziya ilə yaxından tanış olduğunu, əsərlərində daha təkmil metafor nümunələrindən, poetik fiqurlardan istifadə etdiyini yazır. M.Gəncəvi Azərbaycan poeziyasında ilk dəfə olaraq şəhraşub janrına müraciət etmişdir. O, şəxsiyyəti və yaradıcılığının mahiyyətinə görə Azərbaycan intibahının ən qabaqcıl nümayəndələrindən biri olmuşdur. Tədqiqatçı qeyd edir ki, Azərbaycan poeziyası tarixində Məhsəti rübai pərgarı olmuşdur. Onun yaratdığı əsərlər nəzm müntəxəbatlarında şərəfli yer tutmağa layiqdir.
Tədqiqatda Məhsəti xalqın səsini ucaldan şairə kimi təqdim edilir. Onun yaradıcılığında saray poeziyası ruhu nəzərə çarpmır. Qadın, onun mənəvi haqları, idealları, xəyalları və istəkləri Məhsətinin poeziyasında valehedici ustalıqla əks edilmişdir. Müəllif yazır: "Bu baxımdan hətta ədəbiyyatımızın inkişafının növbəti mərhələlərində Məhsətinin səviyyəsinə yüksələ bilən qeyri bir ustada rast gəlmirik".
Qeyd edək ki, bu böyük həcmli tədqiqat işində Azərbaycan, rus, tacik, özbək, fars, türk, Avropa dillərində müxtəlif mənbələrə istinad edilmişdir. Sözsüz ki, kitab Məhsəti Gəncəvinin yaradıcılıq irsinin və zəngin Azərbaycan ədəbiyyatının öyrənilməsinə sanballı töhfədir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında