Alim-jurnalistin yubileyi

(19 Dekabr 2010). Dekabrın 17-də AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda görkəmli arxeoloq, tarixçi alim, istedadlı jurnalist, tarix elmləri doktoru Qafar Cəfər oğlu Cəbiyevin anadan olmasının 60 illiyi münasibətilə yığıncaq keçirilmişdir.
Xatırladaq ki, Qafar Cəbiyev 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində kolxozçu ailəsində anadan olub. 1969-cu ildə Gəncə Pedaqoji İnstitutun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1973-1974-cü illərdə İsmayıllı rayonu Talıstan kənd orta məktəbində tarix müəllimi işləyib. 1974-1976-cı illərdə "Zəhmətkeş" rayon qəzetində məktublar şöbəsinin müdiri, 1977-1978-ci illərdə "Bilik" Cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi, 1978-1980-ci illərdə Azərbaycan KP İsmayıllı Rayon Komitəsində təlimatçı,1980-1981-ci illərdə "Zəhmətkeş" qəzetində redaktor müavini vəzifəsində çalışıb.
1981-1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifəsində işləyib. 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Qəbələ, Bakı və Ağsu-İsmayıllı arxeoloji ekspedisiyalarının apardığı çöl tədqiqatı işlərində iştirak edib. Uzun müddət ərzində Ağsu-İsmayıllı ekspedisiyası rəisinin müavini və Qəbələ arxeoloji ekspedisiyasının IV dəstəsinin rəisi olub. 1990-2003-cü illərdə "Azərbaycan" qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri olub. Həmin dövrdə eyni zamanda BDU-nun və Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının dosenti kimi pedoqoji fəaliyyət göstərib. Hazırda Azərbaycan Müəllimlər İnstitutunun professorudur.
2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 4 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 6 il müddətə yenidən Milli Televiziya və Radio Şurasının üzvü təyin olunub və hazırda həmin vəzifədə çalışır.
Uzun illərdir, Qəbələ, Bakı, İsmayıllı, Ağsu və Kürdəmir ərazisindəki arxeoloji abidələrin öyrənilməsində bilavasitə iştirak edir. 2007-ci ildə Girdiman tarixi mövzusunda doktorluq dissertasiyası müdafiə edib. "Arxeologiya və romantika", "Azərbaycan keramikası", "Can Azərbaycan", "Bura Vətəndir", "Girdiman tarixi", "Ağsu şəhəri orta əsrlərdə" kitablarının, habelə 150-dən çox elmi, 500-dən çox elmi-publisistik məqalənin müəllifidir. "Qızıl qələm" mükafatı laureatıdır.
Yubiley tədbirində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri Vəli Əliyev, İlyas Babayev, həmin institutun şöbə müdirləri - professor Əsədulla Cəfərov, professor Arif Məmmədov, etnoqraf-alim Tofiq Babayev, Həmkarlar Təşkilatının sədri Abuzər Ələkbərov, Geologiya İnstitutunun şöbə müdiri, professor Hikmət Mahmudov, Azərbaycan İqtisad Universitetinin kafedra müdiri, professor Hidayət Cəfərov, "Təfəkkür" Universitetinin professoru Cümşüd Nuriyev, "Xalq qəzeti"-nin baş redaktoru Həsən Həsənov, yubilyarın qələm dostları Xalid Niyazov, Qulu Məhərrəmli, Araz Qurbanov, "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli və başqaları çıxış edərək yubilyarın elmi-pedaqoji və jurnalist fəaliyyəti sahəsindəki xidmətlərindən danışmışlar.
Sonda tarix elmləri doktoru Qafar Cəbiyev çıxış edərək son illər Azərbaycanda arxeoloji tədqiqatların genişləndirilməsinə, tarixi-mədəni irsin qorunmasına və təbliğinə, habelə elm adamlarının iş və sosial-məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi xüsusi qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.{nl}

Rafiq SALMANOV, "Xalq qəzeti" (fotolar müəllifindir)

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında