Orta əsrlərdə heç bir müstəqil erməni dövləti mövcud olmamışdır. Qərbi Azərbaycan ərazisinin daxil olduğu Sisakan-Sünik knyazlığı 571-ci ildən Atropatenanın, sonralar isə yenə Albaniyanın vilayəti olmuşdur. Naxçıvan ərazisi VII-IX əsrlərdə Ərəb Xilafətinin, IX-X əsrlərdə Sacilər dövlətinin, X əsrdə Salarilər dövlətinin, XI əsr XII əsrin ortalarınadək Naxçıvan şahlığının, XII-XIII əsrlərdə Atabəylər dövlətinin, XIII-XIV əsrlərdə Hülakilər dövlətinin, XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, XVI-XVII əsrlərdə Səfəvilər dövlətinin, XVIII əsrin II yarısından XIX əsrin I yarısınadək İrəvan xanlığının, XIX əsrdən 1917-ci ilədək Rusiya imperiyasının tərkibində olmuşdur.
Xalqımızın torpaqlarına göz dikmiş erməni şovinistləri bu tarixi həqiqətlərdən yarasalar günəşdən qorxan kimi qorxurlar. Buna görə də Naxçıvanın tarixini istədikləri şəkildə saxtalaşdırmağa çalışırlar.
Tarixi faktların və mənbələrin araşdırılması göstərir ki, Qərbi Azərbaycan ərazisindən həmvətənlərimizin deportasiyası və ermənilərin orada məskunlaşdırılması XIX əsrin birinci yarısında Rusiya-İran və Rusiya-Türkiyə müharibələri nəticəsində bu ərazilər Rusiyanın tərkibinə daxil edildikdən sonra başlamış, gah müxtəlif bəhanələrlə gizli, gah da açıq zorakılıq yolu ilə həyata keçirilmişdir.
Regionda əhalinin etnik tərkibinin dəyişdirilməsi məqsədilə rəsmi olaraq 1828-ci ildən 1880-cı ilədək Türkiyədən 84.600, İranın Urmiya, Marağa, Səlmas, Xoy və digər xanlıqlarından 40 mindən artıq erməni köçürülüb İrəvan quberniyası və Qarabağ xanlığının ərazisində müsəlman mülklərində məskunlaşdırılmışdır. Rusiya dövləti tərəfindən 1829-1832-ci illərdə İrəvan əyalətində və Naxçıvanda əhalinin siyahıya alınması aparılmışdır. Bu ərazilərdə əhalinin ümumi sayı 164 min 450 nəfər olduğu müəyyənləşdirilmişdir. Siyahıyaalınmadan məlum olur ki, o dövrdə ermənilər əhalinin cüzi bir hissəsini təşkil edirmişlər.
1916-cı ildə olan məlumata görə, İrəvan qəzasında əhalinin cəmi 48 faizi ermənilərdən ibarət olmuşdur. İ.N.Şavrovun məlumatına görə 1911-ci ildə Cənubi Qafqazda yaşayan erməni əhalisinin 80 faizini İran və Turkiyədən köçüb gəlmiş mühacirlər təşkil edirdilər.
1905-1918-ci illərdə Qərbi Azərbaycanda erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlər on minlərlə soydaşımızı yurd-yuvalarını tərk etməyə vadar etmişdi. Bu hadisələr zamanı erməni şovinistləri tərəfindən on minlərlə günahsız azərbaycanlı qətlə yetirilmiş, məscid binaları yandırılmış, Türkiyədən Qərbi Azərbaycana 200 minə yaxın erməni köçürülmüşdür.
"Ermənistan SSR-dən kolxozçuların və azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli, 4083 nömrəli bədnam qərarından sonra soydaşlarımızı əsrlər boyu yaşadıqları vətən torpaqlarından zorla köçürüb respublikamızın aran rayonlarında yerləşdirməyə başladılar. 1948-1953-cü illərdə Qərbi Azərbaycandan 500 minə yaxın soydaşımız zorla köçürülmüşdür.
1988-1991-ci illərdə SSRİ imperiyasının süqutu dövründə milli şovinizm siyasəti faktiki olaraq dövlət siyasətinə çevrilmiş Ermənistandan, bütün azərbaycanlı əhali ulu əcdadlarının min illər boyu yaşadıqları torpaqlardan zorla qovulmuşdur. İndi Qərbi Azərbaycanın əhalisi ancaq ermənilərdən ibarətdir. Xalqımızın tarixi keçmişinə aid maddi-mədəniyyət abidələrinin bir hissəsi erməniləşdirilmiş, islam mədəniyyəti abidələri isə yerlə yeksan edilmişdir.
1832-ci ildə Rusiya mütəxəssisləri İrəvan şəhərində 12 məscid binasını qeydə almışlar. Bunların bir çoxunun adları məlumdur: Qala məscidi, Şah Abbas məscidi, Zal xan məscidi, Novruzəli bəy məscidi, Sərtib xan məscidi, Hüseynəli xan məscidi, Hacı İmamverdi məscidi, Hacı Cəfər məscidi və başqaları.
Elmi ədəbiyyatda olan məlumatlara görə, İrəvan qalası Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin göstərişi ilə XVI əsrdə inşa edilmişdi. Osmanlı-İran müharibələri zamanı qalanın dağılmış hissələri 1582-83-cü illərdə bərpa edilmişdi. Qalanın uzunluğu 850 m, eni 790 m, qala divarlarının hündürlüyü 10 m olmuşdur. Bu qala təqribən 1000 m məsafədən Keçiqala adlandırılan ikinci qala ilə əhatə olunmuşdu. XIX əsrin sonlarında İrəvan qalasını ermənilər tamamilə dağıtmışlar.
Sərdar xan sarayı adlandırılan memarlıq abidəsi İrəvan qalasında yerləşirdi. Səfəvilər dövründə inşa edilmiş, sonralar İrəvan xanlarının sarayı olmuşdur. 1760-1770-ci illərdə İrəvan hakimi Hüseynəli xan (1762-1783-cü illər) binanı əsaslı bərpa etdirmiş, oğlu Məhəmməd xan (1784-1805-ci illər) isə sarayın məşhur Güzgülü zalını və yay iqamətgahını inşa etdirmişdi. Sərdar xan sarayı XX əsrin I yarısında ermənilər tərəfindən dağıdılmışdır.
Şah Abbas məscidi İrəvan qalasında yerləşirdi. Sərdar Sarayının şərqində yerləşən bu məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbas (1587-1629) tərəfindən inşa edilmişdir. Məscidin ətrafında mədrəsə, kitabxana, karvansara və onları əhatə edən böyük həyət, həyətdə hovuz olmuşdur. Qala Sərdar Məscidi - "Qala məscidi" və ya "Köhnə məscid" İrəvanda 1510-cu ildə Şah İsmayılın əmri ilə tikilmişdir. 1589-cu ildə osmanlılar tərəfindən bərpa edilmişdir. Onu "Sərdar məscidi" də adlandırırdılar.
Pir Hüseyn türbəsi - Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhərinin yaxınlığında yerləşən Cəfərabad kəndində yerləşir. Qırmızı tuf daşdan inşa edilmişdir, türk memarlıq ənənələrinə uyğun olaraq səkkizguşəli türbə şəklindədir.
Qaraqoyunlu əmirlərinin sərdabəsi üstündə ucaldılan türbənin hündürlüyü 12 m olmuşdur. Türbəni yuxarıdan kəmərvarı əhatə edən ərəbdilli kitabədə Çuxur Səd vilayətinin Sakadlı tayfasından olan əmirləri Pir Hüseyn və atası Əmir Səədin (1411-ci ildə vəfat etmişdir) adları yazılmışdır.Türbə XV əsrə aiddir.Urud qəbirstanlığında qəbirüstü abidələr XV-XVII əsrlərə aiddir. Zəngəzur mahalının Qarakilsə (1940-cı ildən - Sisian) rayonunun Urud (1968-ci ildən - Vorotan) kəndindəki orta əsr qəbiristanlığında yüzə qədər üstü yazılı qəbirüstü sənduqələr və qoç heykəlləri vardı. Hamamlı rayonunun Saralı kəndində yerləşən XIX əsrə aid memarlıq abidəsi olan məscid binasını 1988-ci ildə ermənilər dağıtmışlar. Göy məscid və ya Hüseynəli xan məscidi İrəvan şəhərində yerləşir.Tikintisinə 1764-cü ildə başlanmış, 1764-cü ildə İrəvan hakimi Hüseynəli xan Qaçar (1762-1783) tərəfindən tamamlanmış, onun adı ilə Hüseynəli xan məscidi adlanmışdır. Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyüdür. İrəvan şəhərinin mərkəzi məscidi idi. Məscid kompleksi ibadət və din xadimləri üçün yaşayış otaqlarından ibarətdir. Yüzlərlə maddi mədəniyyət abidələrimiz dağıdılmış, bəzilərinin isə adları dəyişdirilmiş və erməni abidələri kimi təqdim olunur.
1921-ci ildən sonra Qərbi Azərbaycan ərazilərində olan şəhər, yaşayış məntəqələri və kəndlərin tarixi adları dəyişdirilib erməniləşdirilmişdir. Yaşayış məntəqələrində azərbaycanlılara məxsus orta əsrlərə aid qəbiristanlıqlar, qoç və at fiqurlu dekorativ məzar daşları, türbələr, məscidlər, ümumiyyətlə, islam mədəniyyətinə aid bütün maddi-mədəniyyət abidələri dağıdılmışdır.
1990-cı illərin əvvəllərində Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürüb, beynəlxalq hüquq normalarını pozaraq hərbi təcavüz yolu ilə Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlər tərəfindən ölkəmizin rəsmən tanınmış ərazisini işğal etmiş Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıtmışlar. İşğal olunmuş ərazilərdə maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi hələ də davam edir. İşğalçılar geniş miqyaslı, qeyri peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar.
Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan istər Qərbi Azərbaycan, istərsə də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin dağıdılması beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir. Bu, erməni şovunistlərinin bütün bəşəriyyətə qarşı törətdikləri cinayətdir.
{nl}
Vaqif ƏSƏDOV, Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyəti sədrinin müavini
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.