Yaddaşlarda yaşayan ömür

Unutsaq, unudularıq

Azərbaycanın görkəmli ziyalılarından olan, Əməkdar inşaatçı Yaqub Abbasəli oğlu İsmayılov 1916-cı il  noyabr ayının 21-də  Gəncə şəhərinin qədim Ozan məhəlləsində dünyaya göz açıb. Atası Abbasəli Məmmədhəsən oğlu şəhərdə yaxşı tanınan çörəkçiydi. Onun dükanı Şah Abbas məscidinin yaxınlığında yerləşirdi və satılan çörək də elə orada bişirilirdi...

1930-cu ildə yeddiillik məktəbi uğurla bitirən Y. İsmayılov Gəncə Sənaye Texnikumuna daxil olur və 1935-ci ildə təhsilini başa vurub texnikum rəhbərliyinin göndərişi ilə Tbilisi Sənaye İnstitutuna göndərilir. O, 1941-ci ildə həmin institutun inşaat fakültəsini fərqlənmə diplomu ilə bitirir, SSRİ Aviasiya Sənayesi Nazirliyinin təyinatı ilə gənc mütəxəssis kimi  Bakıya, “Azərdövləttikinti” trestinin sərəncamına göndərilir.

Yaqub müəllim  hələ gənc yaşlarından özünü savadlı mühəndis, bacarıqlı və cəsarətli insan kimi göstərir. Bakıda, Sumqayıtda, Gəncədə, Daşkəsəndə və digər şəhərlərdə bir sıra sənaye obyektlərinin və qurğularının tikintisinə rəhbərlik edir. Qısa müddətdə nəyə qadir olduğunu göstərir və istedadlı mühəndis kimi böyük hörmət qazanır.

Böyük Vətən müharibəsinin başlanması ilə inşaatçı-mühəndis kimi fəaliyyət dairəsi dəyişir, ona mühüm hərbi obyektlərin tikintisi tapşırılır.  Qeyd edək ki, bu sahə ilə bağlı hələ müharibədən əvvəl müəyyən təcrübə qazanmışdı. Ona görə də 446 saylı hərbi təyinatlı zavodun, Qala qəsəbəsi yaxınlığında hərbi aerodromun, təyyarələr üçün anqarların və digər bu kimi yüksək mühəndislik və təşkilatçılıq məharəti tələb edən tikinti işlərinin öhdəsindən bacarıqla gəlir.

Y. İsmayılov 1941-1954-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin nəzdindəki “Azdövləttikinti” trestində iş icraçısı, istehsalat-texniki şöbənin rəisi vəzifələrində çalışaraq adıçəkilən qurumun baş mühəndisi vəzifəsinə qədər yüksəlir. 

Yaqub müəllim qısa bir dövrdə inşaat sektorunun ən çətin və xüsusi bir sahəsi olan sənaye tikintisində özünü peşəkar inşaatçı kimi təsdiq edir. Ən çətin, problemli məsələlərdə onun məsləhətlərinə ehtiyac duyulur. Bununla bağlı bir əhvalatı xatırlatmaq istərdim. 1943-cü ildə Gəncənin sənaye müəssisələrini elektrik enerjisi ilə təchiz edən və 15 il əvvəl tikilən Zurnabad Su-Elektrik Stansiyası qəzaya uğrayır. Bu isə şəhərin hərbi müəssisələrinin dayanması demək idi. Problemin mahiyyəti çox mürəkkəb olduğundan bundan baş çıxaran tapılmır. Müvafiq orqanlar hardansa məlumat alırlar ki, yaranan çətinliyi  mühəndis Yaqub İsmayılov aradan qaldıra bilər, çünki o, hələ tələbəlik illərində Ukraynanın Luqansk şəhərində təcrübə keçərkən buna oxşar problemlərin həllində iştirak edib... Beləliklə, 27 yaşlı mühəndis böyük hünər göstərərək qısa bir müddətdə elektrik stansiyasının bərpasına nail olur. Bu hadisə, eyni zamanda, çox ciddi xəbərdarlığa çevrildi: Gəncədə sənaye müəssisələrinin enerji kəsilmələrindən sığortalanması üçün tezliklə Dizel Mərkəzi Elektrik Stansiyasının tikilməsinə qərar verildi. Təbii ki, bu işin icrası Y. İsmayılova tapşırıldı. O, obyekti qısa müddətdə və yüksək keyfiyyətlə   təhvil verdi. Səmərəli fəaliyyətinə görə 1944-cü ilin avqust ayında gənc mühəndis Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və medalla təltif olundu.

Yeri gəlmişkən, o illərdəki uğurlu fəaliyyətinə görə   “Əməkdə fərqlənməyə görə”, “Qafqazın müdafiəsinə görə”, “Böyük Vətən müharibəsində (1941-1945) rəşadətli əməyə görə” medalları ilə və 4 dəfə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edildi.  

Y. İsmayılov Bakıda “Azərdövləttikinti” trestinin baş mühəndisi işlədiyi 1948-1954-cü illərdə fəaliyyətinin sərbəst mühəndislik yaradıcılığı mərhələsinə qədəm qoyur. Bu dövrdə II Ümumittifaq Zəlzələyədavamlı İnşaat Konstruksiyaları müsabiqəsinin laureatı olur, bir sıra ixtiralarına görə müəlliflik şəhadətnamələri alır. Topladığı təcrübə və ixtiraçılıq axtarışlarını ümumiləşdirərək 1954-cü ildə uğurla namizədlik dissertasiyası müdafiə edir.

O illərdə Yaqub müəllimin səriştəli, bacarıqlı mühəndis kimi fəaliyyəti ölkə rəhbərliyinin diqqətində idi və elə buna görə də  1954-cü ildə Azərbaycan SSR Şəhər və Kənd Tikintisi Nazirliyinə əvvəlcə texniki şöbənin rəisi, sonra isə nazir müavini vəzifəsinə təyin olunur. Bu işdə 1956-cı ilədək çalışaraq özünü gənc perspektivli rəhbər kimi tanıda bilir. Nəhayət,  1956-cı ildə Azərbaycan KP MK və Nazirlər Sovetinin qərarı ilə yeni yaradılan “Bakıbaştikinti” İdarəsinin baş mühəndisi, 1957-ci ildə isə Azərbaycan SSR tikinti nazirinin birinci müavini vəzifəsinə təyin edilir. Bu işdə də ağıllı və səmərəli təklifləri, tələbkarlığı, insanlara ədalətli münasibəti ona böyük nüfuz qazandırır. 1958-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunması da  ona göstərilən etimadın bariz ifadəsi idi. 

Y. İsmayılov 1959-1962-ci illərdə Azərbaycan SSR tikinti naziri işləyib. Bu vəzifədə çalışdığı dövrdə Fransanın “Kamyu” firmasının texnologiyaları əsasında Bakıda sənaye üsulu ilə evtikmənin ilk nümunəsi olan 1 nömrəli evtikmə kombinatının tikintisinə başlanılmasında  və istifadəyə verilməsində fəal iştirak edib, inşaat sahəsində milli kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Gəncləri elmi-tədqiqat işlərinə cəlb etmək, həvəsləndirmək üçün “Texniki məlumat bülleteni” jurnalının dərc olunmasının təşəbbüskarı olub. Eyni zamanda, S. Dadaşov adına Tikinti Materialları Qurğuları Elmi-Tədqiqat İnstitutunun yeni binasının tikilməsi və eksperimental bazasının yaradılması yönündə əsaslı tədbirlər həyata keçirib, ixtiraçılıq yaradıcılığına xüsusi önəm verib. Onun ixtiralarınin əsas istiqaməti Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan binaların zəlzələyə davamlığının artırılmasına yönəlmişdi.

Yaqub müəllimin iş üslubunda diqqətçəkən xüsusiyyətlərdən biri hər bir işə dövlətçilik baxımından yanaşması idi. O, qarşıya çıxan problemlərin həllinə sistemli şəkildə nəzər salırdı. Bu zaman görülən işin digər sahələrin perspektiv inkişafına necə təsir edəcəyi barədə dərindən götür-qoy edirdi. Məhz bu xüsusiyyəti nəzərə alınaraq,  o, 1962-ci ildə çox mühüm bir sahəyə - respublika üzrə inşaatda texniki siyasəti müəyyən edən quruma,  Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinə sədr təyin olunub və 16 il bu vəzifədə çalışıb.

Ulu öndər özü dərin intellektə və yüksək memarlıq zövqünə malik olduğundan onunla işləmək Yaqub müəllimə inam və əlavə güc verirdi. Heydər Əliyevin düşündüyü iri miqyaslı, nəhəng planlar onun ürəyincə idi. 1972-ci ildə Bakı şəhərinin inkişafının texniki-iqtisadi əsaslandırılması respublika Tikinti Komitəsi tərəfindən təsdiq olundu və onun əsasında Bakının 2005-ci ilədək inkişafının Baş Planı işlənildi. Təəssüf ki, Sovet İttifaqı dağıldıqdan sonra həmin baş planın icrası pozuldu və  paytaxtımız ciddi şəhərsalma problemləri ilə qarşılaşdı. 

Bakı metrosunun inşasında da Yaqub müəllim fədakarlıqla çalışıb. Bununla əlaqədar bir mühüm məqamı xatırlatmaq yerinə düşər... Çox mürəkkəb hidrogeoloji şəraitdə tikilən Bakı metrosunun birinci növbəsinin inşasının dəyəri yüksək olmuşdu. Ona görə də SSRİ Nəqliyyat Tikintisi Nazirliyi tikintinin daha ucuz başa gəlməsi üçün  Əzizbəyov (indiki Koroğlu) - Əhmədli xəttinin çox hissəsinin yerüstü çəkilməsini israr edirdi. Hətta respublika rəhbərliyinə yenicə təyin olunan Heydər Əliyevin də bu problemlə şəxsən məşğul olması lazım gəldi. Məsələnin texniki-iqtisadi tərəfi SSRİ Nazirlər Sovetində araşdırılan zaman Azərbaycan nümayəndə heyətinin mövqeyini ifadə edən Yaqub müəllimin əsaslandırılmış çıxışı problemin müsbət həllində mühüm rol oynadı.

Metro stansiyalarının memarlıq baxımından yaraşıqlı, gözəgəlimli olması məsələsi də Tikinti Komitəsinin sədri kimi Yaqub müəllimin ciddi nəzarəti altında idi. Bu məqamda Azərbaycanın yeni memarlıq məktəbinin banisi olan dünya şöhrətli görkəmli memar akademik Mikayıl Hüseynovun sözlərini xatırlamamaq mümkün deyil: “Heç bir texniki nailiyyət, heç bir təzə tikinti materialı yüzilliklər boyu formalaşmış el memarlığının mütərəqqi cəhətlərini inkar etmir. Əksinə, burada hər şey bizim gözəl ənənələrimizə münasibətimizdən, professional səviyyə və düşüncəmizdən asılıdır. Biz xalq sənətimizdən həmişə öyrənirik, ondan faydalanırıq”.

Y. İsmayılov Dövlət Tikinti İşləri Komitəsinin sədri işlədiyi illərdə hər bir layihəyə çox yüksək tələblər qoyulurdu. Məsələn, o vaxt respublikamızın ən mühüm tikintilərinin idarə olunması üçün xüsusi tikinti qərargahı yaradılırdı və qərargah rəisi vəzifəsinə də ən təcrübəli  və nüfuzlu inşaatçı təyin olunurdu. Təbii ki, bir çox hallarda qərargah rəisi vəzifəsi Yaqub müəllimə tapşırılırdı və hər dəfə bu inşaat obyektləri vaxtında və  yüksək keyfiyyətlə təhvil verilirdi. Bunun nəticəsi idi ki, 1971-ci ildə Y. İsmayılov  daha bir “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edildi. Sumqayıt şəhərinin layihələndirilməsi və tikintisinə verdiyi töhfəyə görə isə bir il sonra SSRİ Nazirlər Sovetinin Mükafatına layiq görüldü.

Gəncə şəhərində yeni ictimai, tədris və yaşayış binalarının tikilməsini Yaqub müəllim diqqət mərkəzində saxlayıb. Təkcə onu qeyd etmək kifayətdir ki, o,  Yeni Gəncə yaşayış massivinin salınmasının təşəbbüskarlarından biri kimi çıxış edib.

Y. İsmayılov Azərbaycanda tikinti sənayesinin inkişafına böyük enerji və güc sərf edən rəhbərlərdən olub. O, nazir işləyəndə də,  komitə sədri kimi çox məsul vəzifə daşıyanda da tikintinin çağdaş problemləri ilə ciddi maraqlanıb, baş podratçı tikinti təşkilatlarının istehsalat bazalarının möhkəmləndirilməsi üçün çox işlər görüb,   tikintidə yeni texnologiyaların tətbiqini ön plana çəkib. Onun rəhbərliyi və iştirakı ilə onlarla iri istehsal obyekti tikilib istifadəyə verilib, ölkədə və paytaxt Bakı şəhərində mənzil tikintisinin həcmi əhəmiyyətli dərəcədə artırılıb.  

Yaqub müəllimin fəaliyyəti ilə bağlı bir neçə mühüm məqamı da xatırlatmaq yerinə düşərdi. O, Azərbaycan inşaat elminin inkişafına öz töhfəsini verib. Respublika Kommunist Partiyasının XXV, XXVI, XXVII və XXVIII qurultaylarında Azərbaycan KP -nın Təftiş Komissiyasının üzvü seçilib. SSRİ-nin ali mükafatlarından olan “Lenin” ordeni ilə təltif edilib. VI, VII, VIII və IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. O, bir deputat kimi hər zaman seçicilərinin problemlərinin həllində yaxından iştirak edib.

1978-ci ildə, ömrünün ən parlaq dövründə - 62 yaşında olarkən Yaqub İsmayılov səhhəti ilə əlaqədar təqaüdə çıxır, elmi fəaliyyətini davam etmək qərarına gəlir və 1981-ci ildə keçmiş SSRİ Dövlət Tikinti  Komitəsinin Bakı şəhərindəki “Beton və dəmir-beton” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edir. Burada Yaqub müəllim gənc elmi kadrların hazırlanmasında böyük səy göstərir. Bu gün də onun yetişdirdiyi kadrlar Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda uğurla fəaliyyət göstərirlər.

İnsan ömrü, təbii ki, əbədi deyil. Gərgin, fədakar əmək, böyük məsuliyyət yükü müəyyən dərəcədə həyat mühərrikinin resurslarının tükənməsini tezləşdirməli idi. 1983-cü il oktyabrın 3-də Yaqub İsmayılovun 67 il qurub-yaratmaqla döyünən ürəyi qəfil dayandı.

Böyük ziyalı, vətənpərvər insan, gözəl və nümunəvi ailə başçısı olan, bütün ömrünü tikinti kompleksinin inkişafına həsr edən Yaqub İsmayılovun yanında məktəb keçən çoxsaylı inşaatçı kadrlar bu gün də tikintidə rəhbər işlərdə çalışırlar.

Ömür boyu hamı ilə insansevər, mehriban münasibət saxlamağa, ünsiyyət qurmağa çalışan və bunu bacaran Yaqub müəllim  dövlətçiliyimizə, xalqımıza sadiq bir insan olub.  

Yaqub müəllimin dəfn mərasimi də onun cəmiyyətdə tutduğu mövqedən və nüfuz  göstəricisindən xəbər verirdi. Belə ki, tanınmış inşaatçı-mühəndisi son mənzilə yola salmağa gələnlər sadəcə qohum-əqrəba yox, xalqın bütün zümrələrini təmsil edən sadə vətəndaşlar, böyük xalq kütləsi idi. Onların arasında dostları, tələbələri, iş yoldaşları, ondan yaxşılıq görmüş insanlar, ixtiralarına verilən mükafatlar hesabına etdiyi xeyriyyəçiliyindən bəhrələnən insanlar, onunla çiyin- çiyinə çalışmış veteranlar da vardı.

Yaqub müəllim 2-ci Fəxri xiyabanda torpağa tapşırılıb. Onun haqq dünyasına qovuşmasından 33 il keçir. Əlbəttə, bu, az müddət deyil. Ancaq illər ötsə də, yüz il bundan əvvəl, noyabr ayının 21- də dünyaya göz açan Yaqub İsmayılovun əziz xatirəsi onu tanıyan, onunla çiyin-çiyinə çalışan, onun müəllimliyi və himayəsi ilə həyatda mövqe tutan bütün insanların yaddaşındadır və o, hər zaman böyük müəllim, xeyirxah insan, istedadlı təşkilatçı və tikinti mütəxəssisi kimi xatırlanır, ruhuna rəhmət oxunur.

* * *

Bu yazını hazırlayarkən, o dövrün inşaatçı- mühəndislərindən bir neçəsi ilə söhbət etdim. Onlar Yaqub müəllimin əmək fəaliyyətini və insani keyfiyyətlərini yüksək qiymətləndirdilər, neçə-neçə mühüm obyektin istifadəyə verilməsində fəal iştirakından söhbət açdılar. Bildirdilər ki, ötən əsrin 70-ci illərində Azərbaycan sənayesində köklü yenidənqurma işləri gedir, fəaliyyətdə olan müəssisələrin texniki təchizatında böyük irəliləyişlər müşahidə olunurdu. Eyni zamanda, həmin dövrdə iqtisadiyyatın elektron, aviasiya, əlvan metallurgiya kimi yeni sahələrinin təməli qoyulurdu. Təbii ki, bu zaman qarşıda duran əsas vəzifə təkcə sırf tikinti işlərini yox, həm də texniki yenidənqurma tədbirlərini reallaşdırmaq idi. Yaqub İsmayılov savadlı, yeni düşüncə tərzinə malik rəhbər kimi bütün bu işlərə yüksək səviyyədə nəzarət edir, tikinti-quraşdırma əməliyyatlarının keyfiyyətlə yerinə yetirilməsini qarşıya mühüm vəzifə kimi qoyur və buna nail olurdu.  

Onunla birgə işləmək, xüsusən gənclər üçün çox maraqlı idi. Çünki bu adam həmişə işdə yeni texnologiyaların, müasir terminlə ifadə etsək, “nou-xau”nun tətbiqinə can atırdı, icra olunacaq tapşırıqları izah edərkən öz fikirlərini inşaatçı dilində, çox dəqiq və sadə tərzdə işçilərinə başa salırdı. Vəzifəsində   ciddi və tələbkar olması ilə bərabər, həm də ədalətli idi, heç zaman buraxılan səhvləri tabeçiliyində olan işçilərin çiyninə qoymazdı...

Zərbalı MİRZƏ,
“İnşaatçı” qəzetinin
baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında