Şərqin ən koloritli Karmeni Azərbaycan səhnəsində

Fidan Hacıyevanın iştirakı ilə "Karmen" operası yenə də anşlaqla keçdi
Bu günlərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində məşhur Fransa bəstəkarı Jorj Bizenin dünya şöhrətli "Karmen" operası növbəti dəfə anşlaqla oynanıldı. Tələbkar paytaxt tamaşaçıları qarşısında yenə də cazibədar Fidan Hacıyeva- Şərqin ən koloritli Karmeni çıxış edirdi.
P.Merimenin novellası əsasında yazılmış "Karmen" operası qaraçı qızı haqqında musiqi dili ilə söylənən bir hekayətdir. Lakin qaraçı qızının mükəmməl ifaçısı olmadan yaddaqalan tamaşa təqdim etmək qeyri-mümkündür. Karmen dünya opera sənətinin ən mürəkkəb partiyalarından biridir. Vaxtilə bu partiyanı S.Qalli-Marye (ilk ifaçısı), Y.Obraztsova, M.Maksakova, İ.Arxipova kimi böyük sənətkarlar ifa etmişlər. Azərbaycanda isə Karmenin ilk ifaçısı Xalq Artisti Fatma Muxtarova olmuşdur.
Fatma xanımdan sonra Azərbaycan səhnəsində Karmen boşluğu yaranır. Səhnəmiz uzun illər Karmen aclığı çəkir. Bu proses gənc Fidanı kəşf edənə qədər davam edir. Karmenin bəzən tufan qoparan, bəzən isə xəfif yel kimi dəyişkən xarakterini canlandırmaq üçün ifaçıya vokal imkanlarla yanaşı, qüsursuz artistizm, xarizma, incə psixologizm, ehtiraslı təbiət, yüksək peşəkarlıq və bir də zahiri gözəllik tələb olunur. Sadaladığımız bu keyfiyyətlərin hamısı Azərbaycanın əməkdar artisti Fidan Hacıyevada cəmləşmişdir. Bu gün heç kəs şübhə etmir ki, Fidan Hacıyeva Karmenə öz möhürünü vuran sənətkardır. Özü də 21 yaşında.
Müğənninin özünün etiraf etdiyi kimi, Karmenin ehtiraslı, çılğın, güclü və üsyankar xarakteri təbiətən ona çox yaxındır. Təbii və inandırıcı cizgilərlə yaratdığı Karmen müğənniyə böyük uğur gətirir. Əslində, onun vizit kartına, dünya opera səhnəsinə aparan yolunda mayaka çevrilir: gənc müğənni Türkiyədə keçirilən TÜRKSOY günlərində iştirak edir, Mersin Opera və Balet Teatrı ilə müqavilə imzalayır, Karmeni Mersin, İstanbul, İzmir, Ankara teatrlarının səhnəsində oynayır. Nəhayət, Türkiyədəki məşhur "Aspendus" antik teatrının səhnəsində, açıq havada, 15 min tamaşaçının qarşısında çıxış edir və opera sənətinin əsl xiridarları olan italyanları heyrətləndirir.
O, İtaliyanın "Kidjiano" Akademiyasının təşkil etdiyi nüfuzlu beynəlxalq müsabiqəyə dəvət alır. Müsabiqəyə qatılan Fidan operanın vətənində qələbə sevinci yaşayır. Mükafatı isə burada ustad dərslərini dinləmək olur. Müğənninin İtaliyada qalmasını istəyirlər. Çox istedadlı və perspektivli olduğunu deyirlər, gözəl həyat və karyera vəd edirlər. Amma o, imtina edir. Nə üçün? Axı, belə bir təklif hər bir müğənninin arzusudur...
İstər-istəməz ötən əsrin son 15 ili yada düşür. Sovet rejiminin dəmir məngənəsinin zəiflədiyi, "müqəddəs" saydığımız bütün bütlərin bir andaca yerlə-yeksan olduğu o illərdə bir sıra ziyalılarımız yaxşı dolanışıq naminə qürbətə üz tuturlar. Onların hər biri öz sahəsində Azərbaycan üçün faydalı olacaq insanlar olmuşlar. Amma burada çətin idi, dəmir pərdənin o tayında isə bacarığı olan hər kəs üçün gözəl həyat vəd olunurdu. Dönüb geriyə baxmadan gedirlər. Amma qalanlar da olur. Əsl vətəndaşlar qalırlar. Görünür, Vətən daşı olmağı da bacarmaq lazımdır. Fidanı da İtaliyada qalmağa vətənpərvərliyi qoymur. Doğma torpaq çəkir, onu buraxmır. Əslində, müqavilə ilə Türkiyədə işlədiyi illər ərzində qazandıqlarının az qala hamısını təyyarə biletlərinə xərcləyir ki, solisti olduğu Akademik Opera və Balet Teatrı ilə, doğmaları, dostları, ən nəhayət, ustadı, professor Hüseyn Abdullayev ilə əlaqələri qırılmasın. Axı, onun Fidan Hacıyeva olmasında ustadının rolu böyükdür. Odur ki, hər dəfə Bakıya qayıdanda Hüseyn müəllimə yaradıcılıq hesabatı verir, adi tələbə kimi hər gün məşqlərə gedir.
O vaxtdan Fidan Hacıyeva cürbəcür layihələrə imza atır, bir-birindən maraqlı partiyalar yaradır, Azərbaycanda klassik musiqinin təbliği üçün çox işlər görür. Nə isə, bu barədə çox yazılmışdır. Amma ona ən böyük uğuru məhz Karmenin yaşatdığını, Azərbaycan səhnəsinin Karmeni olduğunu heç vaxt unutmur. Qəhrəmanı daha yaxından duymaq üçün hətta onun vətəni Əndəluza gedir.
Deyirlər ki, qaraçı qız barədə bu maraqlı əhvalatı İspaniyanı qarış-qarış gəzib müxtəlif rəvayətlər, əhvalatlar, nağıllar, miflər toplayan Merimeyə Əndəluzda danışıblar. O da həmin əhvalatın təsiri altında öz novellasını yaradıb. Əndəluz Fidanı müxtəlif mədəniyyətlərin təsirindən doğmuş möhtəşəm abidələri, bənzərsiz təbiəti ilə heyran qoyur. Karmenin üsyankar təbiətinin bu yerlərin temperamentinə tamamilə uyğun olduğunu görür. Bu obrazı hər dəfə yeni tərzdə ifa etməyə çalışır, hər çıxışına tamaşaçı qarşısında bir imtahan kimi baxır. Lap elə bu yaxınlarda Romada peşəkar opera ifaçıları arasında keçirilən nüfuzlu beynəlxalq müsabiqənin qalibi olmasında da, heç şübhəsiz, təqdim etdiyi Karmen partiyasının rolu çoxdur. İtaliyanın opera mütəxəssisləri Fidanı çox bəyənirlər və ona böyük karyera vəd edirlər. Amma İtaliyada imzaladığı müqavilənin şərtinə görə, müğənni Azərbaycanda qalacaq, çıxış etdiyi teatr səhnələrində Azərbaycanı təmsil edəcəkdir. "Ən böyük arzum La-Skalanın səhnəsində oxumaq olub",- deyən müğənni hər gün bu arzusuna bir addım da yaxınlaşır....
...Həmin gecə F.Hacıyeva Karmen partiyası ilə növbəti dəfə paytaxt musiqisevərlərinin görüşünə gəlmişdi. Budəfəki görüş İtaliyadakı gərgin məşqlərdən sonra baş tutdu. Fidan tamaşaçılar qarşısına təzə nəfəslə çıxdı və Azərbaycan səhnəsinin Karmeni adını əbəs yerə daşımadığını bir daha təsdiq etdi. Onun qüsursuz musiqi mədəniyyəti, gözəl vokal texnikası, ehtiraslı çalarlarla zəngin messo-sopranosu, intonasiya tərzi, mükəmməl dramatik istedadı, zahiri gözəlliyi ən ciddi musiqisevərlərin də zövqünü oxşadı. Sənətsevərlərin uzun müddət unuda bilməyəcəkləri bir gecə oldu. Tamaşa anşlaqla keçdi və tamaşaçıları Şərqin ən koloritli Karmeni ilə yeni-yeni görüşlərə səslədi.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında