Bu gün torpaqlarımızin iyirmi faizdən çoxu işğal altındadır. Amma qansız düşmən təkcə bununla kifayətlənmir. İmkan daxilində onlar bizim babalardan miras qalan mənəvi sərvətlərimizə, incəsənət nümunələrimizə, mədəniyyətimizə də sahib çıxmaq istəyirlər. Milli musiqimizə, rəqsimizə, musiqi alətlərimizə, hətta toy adətlərimizə, geyimlərimizə sahib çıxmağa çalışan ermənilər bununla bir daha sübut edirlər ki, oğru adını daşımağı heç də eyib saymırlar.
Ermənilər əzəldən ölkəmizə mənəvi təcavüz etməyi özlərinə peşə seçmişlər. Artıq Azərbaycan folklorunun, ənənələrinin qarət edilməsi və mənimsənilməsi erməni ənənəsinə çevrilmişdir. Məsələnin ciddiliyi Milli Məclisin nümayəndə heyətinin səyləri nəticəsində Avropa Şurası Parlament Assambleyasının sessiyasının "Azərbaycan mədəni irsinin qəsbi və dağıdılması" sənədində təqdim edilib, Milli Məclisin "Azərbaycan mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi ilə əlaqədar" bəyanatında da öz əksini tapıb.
"Böyük Ermənistan" xülyası ilə yaşayanlar tərəfindən xalqımıza məxsus folklor nümunələrimizin mənimsənilməsi onların xroniki xəstəliyinə çevrilmişdir. Onlar "Əsli və Kərəm", "Şah İsmayıl", "Aşıq Qərib", "Koroğlu" kimi dastanlarımızı da erməniləşdirməyə çalışır, Azərbaycan dastanlarını bizim musiqisinin müşayiəti ilə Ermənistan ərazisində yayırdılar. Bu gün düşmənlərimiz Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"i, "Çırpınırdı Qara dəniz" əsərini əsassız olaraq öz adlarına çıxmağa çalışırlar. Çünki "Sarı gəlin" mahnısı xalqımızın milli musiqi alətləri ilə müşayiət olunan və onun mənəviyyatını əks etdirən bir mahnıdır. "Çırpınırdı Qara dəniz" əsəri də yalnız bizə məxsus olan əsərdir.
Düşmənlərimiz arasında "Erməni muğam çalğıçıları Bakı və Şuşadan çıxmışlar"- deyənlər də tapılır. Bu etirafa baxmayaraq, bəziləri ermənilərin orta əsrlərdə muğamın inkişafındakı rolundan danışır, muğamın kökünü erməni musiqisınə bağlamağa cəhd göstərirlər.
Onlar, hətta, Üzeyir bəyin "Arşın mal alan" operettasını da öz adlarına çıxmağa cəhd ediblər. Amma onların bu arzuları boşa çıxıb və vaxtında susdurulublar.
"Dədə Qorqud" abidəsi bizim nadir eposumuzdur və bütün dünya bir neçə il əvvəl ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə onun 1300 illiyini təntənəli surətdə qeyd etdi. Lakin ermənilər heç bir sübut və dəlil gətirmədən bu şah əsərimizin erməni təəssüratı altında yazılması kimi fitnəkar mülahizələrini dərc etdirirlər və onun bir hissəsinə öz müəlliflik möhürlərini vurmaq istəyirlər.
Tarix boyu onlar ilkin mərhələdə Azərbaycan torpaqlarında məskunlaşıb, sonrakı mərhələdə bu torpaqları özününkü elan etmək üçün mədəniyyətimizə göz dikib, imkan daxilində onu öyrənib və geniş istifadə ediblər. Daha sonrakı mərhələdə isə mənimsəyib və nəhayət, onları özünün milli mədəniyyət nümunələri elan ediblər. Bu onların sınaqdan çıxardığı üsuldur. Amma indi mədəniyyətimizin, milli- mənəvi dəyərlərimizin sahibi olan müstəqil Azərbaycan dövləti var və o, bu xalqın dəyərlərini qorumağa qadirdir.
Son illər ermənilər Azərbaycan mədəni dəyərlərini mənimsəmək istiqamətində daha fəal iş aparırlar. Bunun da səbəbləri var. Onlar yaxşı bilir ki, UNESCO "Qeyri-maddi mədəni irsin qorunub saxlanması haqqında" Konvensiya qəbul edib və Azərbaycan bu beynəlxalq təşkilatla yaxından əməkdaşlıq edir. Artıq bir çox mənəvi dəyərlərimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib və bu iş davam etməkdədir.
Bu gün artıq dünya xalqları Azərbaycanın mənəvi dəyərləri ilə tanışdır. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, beynəlxalq miqyasda apardığı təbliğat işləri, həyata keçirilən davamlı tədbirlər milli-mənəvi dəyərlərimizin dünyada tanınmasını təmin edir. Söz yox ki, bu istiqamətdə işlər gələcəkdə daha sürətlə davam etdiriləcək.
M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.