Azərbyacanın xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir

Aprelin 16-da Heydər Əliyev Sarayında Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun 60 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilmişdir.
Tədbirdə Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, poeziya vurğunları iştirak etmişlər.
Salona toplaşanları salamlayan yubilyar 12 il bundan öncə bu salonda onu təbrik etməyə gəlmiş ulu öndər Heydər Əliyevə olan sonsuz sevgisindən və yaradıcılığı boyu dahi şəxsiyyətin xeyr-duasını daim hiss etməsindən danışmışdır.
Zəlimxan Yaqub bildirmişdir ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin onun yaradıcılığına verdiyi qiymət onu daha böyük ürəklə, həvəslə, tükənməz enerji ilə yazıb-yaratmağa ruhlandırmışdır.
Zəlimxan Yaqub demişdir ki, Azərbaycanda milli mənəvi sərvətlərimizin, mədəniyyətimizin qorunmasına daim böyük dəstək verilmişdir. Prezident İlham Əliyevin milli sərvətlərimizin qorunması sahəsində gördüyü işlər, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədə fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyəti dünyanın hər yerində tanınmağa və sevilməyə başlamışdır.
Şair Vətənə, xalqa, torpağa, elə-obaya olan sonsuz sevgisindən danışmış və bu hisslərini poeziyanın dili ilə iştirakçılara çatdırmışdır.
Tədbirdə çıxış edən Dünya Axıska Türkləri Cəmiyyətinin prezidenti Ziyaddin İsmixanoğlu, professor Nizaməddin Şəmsizadə, iranlı şair Məhəmməd İbadi və başqaları Z.Yaqubun yaradıcılığından söhbət açmış, yubilyara ən xoş arzularını çatdırmışlar.
Natiqlər qeyd etmişlər ki, xalq şairi Zəlimxan Yaqubun şeirləri xalqın ruhundadır. Şairin söykəndiyi fəlsəfə mücərrəd deyil, xalqın kökünə, min illərin sınağından çıxmış estetik düşüncə tərzinə söykənmişdir.
Zəlimxan Yaqubun şeirləri Yunis Əmrə ruhundan, Füzuli sevgisindən, Xətai qüdrətindən, Aşıq Ələsgər ocağından, Vurğun poeziyasından, Bəxtiyar Vahabzadə nəfəsindən, bir sözlə, sazın-sözün qovuşmasından yaranan poeziyadır. O, qəlbində bir Vətən sevgisi daşıyır, bu sevgi onu daim ucalığa, bütövlüyə, ölməzliyə səsləyir.
Vurğulanmışdır ki, əslində şairin yaşı olmur, şairin yaşı onun şeirlərinin yaşı qədərdir. Z.Yaqub hələ bundan sonra da ölməz misraları ilə bizlərə yeni ruh, poeziyamıza zənginlik gətirəcəkdir.
Tədbirdə Zəlimxan Yaqubun ümummilli lider Heydər Əliyevlə unudulmaz görüşlərindən bəhs edən sənədli film göstərilmişdir.
Gecədə şairin poemaları əsasında hazırlanmış tamaşalardan parçalar nümayiş etdirilmiş, şeirləri səsləndirilmiş, sözlərinə bəstələnmiş mahnılar ifa edilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında