Rəssam Sakit Məmmədovun fərdi sərgisi açılmışdır

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Qalereya-1969" sərgi salonunda əməkdar rəssam Sakit Məmmədovun fərdi sərgisinin açılış mərasimi keçirildi. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəssamın yaradıcılığından söz açdı, onun sənətini yüksək qiymətləndirdi. Nazir dedi ki, bu, Sakit Məmmədovun Bakıda açılan ikinci sərgisidir. Bu sərgidən sonra digər böyük salonlarda, digər şəhərlərdə, bölgələrdə Sakit Məmmədovun yaradıcılığı təbliğ olunacaq, sərgilənən əsərlər Azərbaycan rəssamlıq məktəbinin hansı səviyyədə olmasını dünyaya bir daha sübut edəcək.
Sakit Məmmədov bildirdi ki, sərgidə onun 75 əsəri nümayiş olunur. Sərgi daha əvvəl Avropa Parlamentində nümayiş etdirilib və sonra Bakıda da təşkili qərara alınıb: "Bu sərgi daha sonra Florensiya və San-Marinoda nümayiş olunacaq". Rəssam əsərlərinin nümayişinin bir həftə davam edəcəyini söylədi. Qeyd edək ki, tədbirdə rəssama "Dədə Qorqud" Fondunun "Dədə Qorqud" Milli Mükafatı təqdim olundu.
"Qalereya-1969" sərgi salonunun direktoru, rəssam Elçin Orucov bildirdi ki, Sakit Məmmədovla çoxdan tanışam. Tərcümeyi-halına da bələdəm. 1958-ci ildə Azərbaycanımızın gözəl və sərt təbiəti ilə seçilən Neftçala rayonunda dünyaya göz açıb. Uşaqlığı, necə deyərlər, "dəli Kür"ün sahillərində keçib. Sakit təbiətli, lakin elə uşaqlıqdan daxili aləmi istedadla dolu olan bu oğlanın məktəb illərində artıq rəssam olacağını müəyyənləşdirməsi təbii hal idi. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə gələndə isə Sakitin əsərlərindən onun gələcək taleyinin bu sənətə bağlanacağını düşünmək olardı. Sakit Məmmədov asta-asta böyük sənətə doğru gedirdi. Amma bu yol o qədər də hamar deyildi. Öz rəngində görünməyən dünyanın rəng çalarlarını, onların ovqatını dərk etmək üçün böyük rəssamların əsərlərini dərindən öyrənmək çox vacib idi. Sakit isə bu yoldakı çətinliklərdən, əzab-əziyyətlərdən sanki həzz alırdı, gecə-gündüz ağ vərəqlərin sinəsində öz daxili dünyasının mənzərələrini yaradırdı.
Əzim Əzimzadə məktəbi güclü məktəb idi. Burada nə qədər məşhur rəssamlar dərs almışdılar. Sakit də ömrünün bu məktəbin divarları arasında keçən illərində öyrəndi, rəngləri "danışdırmaq" bacarığına yiyələndi.
İ.Repin adına Rəssamlıq Akademiyası onun istedadına yeni vüsət verdi. Burada dərs aldığı Yevsey Yevseyeviç Moiseyenko tanınmış rəssam, gözəl müəllim idi.
Sakitin şəxsiyyəti sənətini bir növ tamamlayır. Mülayim, sakit, mehriban və həssas bir insandır. Onunla həmsöhbət olanda adam həqiqətən daxilən zənginləşir. Olduqca təvazökar insandır. İlk tanışlıqdan elə bilirsən ki, uzun illər bu adamla dostluq etmisən. Bu hisslər, duyğular onun əsərlərində də aydın görünür.
Bu rəssamın əsərlərinin müvəffəqiyyətindən biri də ondan ibarətdir ki, o müasir və klassik üslubun sintezini yaradır. Onun elə əsərləri var ki, elə bil canlı təbiətin özüdür. Portretlərinə tamaşa edəndə elə bilirsən ki, bu insanları hardasa görmüsən, ətrafındakı insanlardandır.
O, rənglərin dilini yaxşı bilir. Onları istədiyi səmtə istiqamətləndirib, istədiyi, ürəyinin, qəlbinin diqtə etdiyi sənətə çevirə bilir. Onun fırçasından doğulan onlarla əsər indi Azərbaycanımız, onun füsunkar təbiəti haqqında dünyanın məşhur muzeylərinin tamaşaçılarına çox şeylər danışır. Moskvanın, Sankt-Peterburqun, Almaniyanın, Avstriyanın, İsveçrənin, İsveçin, Türkiyənin, Çexiyanın, Polşanın, Macarıstanın, Belçikanın, ABŞ-ın muzeylərində Sakitin əsərlərilə qarşılaşmaq olar. Hətta Avropa Şurasının ofisində onun əsərlərinin daim eksponat kimi nümayişi adamda milli qürur hissi oyadır.
Sakit Məmmədovun əsərləri Süleyman Dəmirəlin, Vəhbi Qoçun, Paolo Pərvizin, İosif Kobzonun, Sandra Qartnerin, Elizabet Seltonun, Mc. Donald Volter Svimberqin, Sacit Katlandurun, Elçin Muradovun, Rza Nuriyevin, Okan Topanın şəxsi kolleksiyasında və elə mənim kolleksiyamda saxlanılır. Onun əsərləri Sinqapurun "Opera" Qalereyasında nümayiş etdirilir və satılır.
"Qızımın portreti", "Nüşabə", "İtaliyalı qız", "Güzgü qarşısında", "Yaşasın İstanbul", "Yorğun şəhər", "Ad günü", "Həzin musiqi", "Suriyalı rəssam", "Filosof", "Melodiya", "Adəm və Həvva", "Yatmış mələk", "Türk motivi", "Leninqrad xatirələri", "Rəfiqələr", "Dədə Qorqud", "Məhəbbət", "Bayram axşamları", "Arzu", "Gün aydın", "Şah İsmayıl Xətai", "Gəncə simfoniyası", "Dəllək Əliş" və neçə-neçə digər qiymətli əsərləri rəssamlıq sənətimizin qiymətli nümunələridir.
Sakit Məmmədovun bu sərgidə nümayiş olunan əsərləri onun yaradıcılıq dünyasına yeni bir baxışdır.
S. Məmmədovun sərgisində Azərbaycanda səfərdə olan Türkiyə müdafiə nazirinin həyat yoldaşı Sevim Könül də iştirak edib. Sevim xanım azərbaycanlı rəssamın tablosunun onu valeh etdiyini söyləyib.
Sərginin açılışında xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə, xalq artisti Fərhad Bədəlbəyli, əməkdar artist Fidan Hacıyeva, Bəhram Bağırzadə və başqa tanınmış simalar iştirak ediblər.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında