Sənətin "Məcnun"unun 50 illik yubileyi təntənəli qeyd edilmişdir

Noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində xalq artisti Mənsum İbrahimovun 50 illik yubileyinə həsr edilmiş təntənəli tədbir keçirilmişdir.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubilyarın Azərbaycan musiqisinin inkişafı, təbliği və gənc nəslə öyrədilməsi istiqamətində gördüyü əvəzsiz işlərdən danışmışdır.
Azərbaycan mədəniyyətinin, muğam ifaçılıq sənətinin tarixi qədim, ömrü uzundur deyən nazir vurğulamışdır ki, bu ömrə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva yeni bir nəfəs vermiş və muğamın inkişafı, təbliği sahəsində müasir bir tarix yazmışdır. Azərbaycan muğamı YUNESKO-nun Dünya İrs Siyahısına da məhz Mehriban xanım Əliyevanın xidməti sayəsində daxil edilmişdir.
Sənət adamlarına göstərilən dövlət qayğısından danışan Ə.Qarayev demişdir ki, Prezident İlham Əliyevin 2010-cu il 30 sentyabr tarixli sərəncamı ilə Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə Mənsum İbrahimov "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Sonra nazir "Şöhrət" ordenini yubilyara təqdim etmişdir.
Tədbirdə M.İbrahimovun həyat və yaradıcılığından bəhs edən "Zirvəyə ucalan səs" filmi nümayiş etdirilmişdir.
Çıxış edən digər natiqlər bildirmişlər ki, Ağdam rayonunda anadan olmuş M.İbrahimov 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni maarif fakültəsində təhsil almışdır. 1985-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə birinci dərəcəli diploma layiq görülən M.İbrahimov mərhum sənətkarımız Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunmuşdur. 1993-cü ildən başlayaraq "Leyli və Məcnun" operasında Məcnun rolunu ifa etməklə, Azərbaycan səhnəsində öz orijinal obrazını yarada bilmişdir.
Mənsum İbrahimov hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı istedadlı muğam ustasının böyük peşəkarlıqla yaratdığı obrazlardandır.
Opera səhnəsindəki fəaliyyəti ilə bərabər Mənsum İbrahimov həm də xalq və bəstəkar mahnılarının və muğamlarımızın gözəl ifaçısıdır. O, Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində ləyaqətlə təmsil edir.
Mənsum İbrahimovun pedaqoji fəaliyyətindən söz açan natiqlər bildirmişlər ki, onun yetirmələri artıq respublika müsabiqələrində uğurla çıxış edirlər.
Sonda Mənsum İbrahimov əməyinə yüksək qiymət verən ölkə rəhbərliyinə və Azərbaycan xalqına minnətdarlığını bildirmiş, bundan sonra da muğamlarımızın inkişaf etdirilməsində və sevilməsində əlindən gələni əsirgəməyəcəyini söyləmişdir.
Gecədə tanınmış və gənc muğam ifaçıları geniş konsert proqramı ilə çıxış etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında