...Ömür deyir yaşa hələ
Azərbaycan milli musiqi ifaçılığının tanınmış nümayəndəsi, xalq artisti, "İstiqlal" və "Şöhrət" ordenli xanəndə Əlibaba Məmmədovun anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan Dövlət Filarmoniyasında keçirilən mərasimdə ustad sənətkarın incəsənətimiz qarşısında xidmətləri qədirbilənliklə vurğulandı, sənətsevərlərin xoş diləkləri səsləndi.
Nəğməli-şeirli gecənin aparıcısı, qəzəlxan şair Ələmdar Mahir yubilyarın keçdiyi mənalı və şərəfli ömür yoluna nəzər salaraq, Əlibaba Məmmədovu milli muğam sənətimizin bilicisi və vurğunu, bəstəkar və şair ürəkli ifaçı, ardıcıllarını yetişdirən ustad xanəndə, mərd və cəfakeş insan kimi səciyyələndirdi. Bakının Maştağa kəndində - sənətə hörmət mühitində dünyaya göz açmış Əlibaba əmisi, muğam ustası Güləhməddən milli musiqinin sirlərini öyrənmiş, erkən yaşlardan istedadlı ifaçı kimi tanınmışdır.
19 yaşında respublikanın nüfuzlu musiqi ifaçılığı ocağı olan filarmoniyaya qəbul olunan Əlibaba Məmmədov sonrakı illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində ustad Seyid Şuşinskidən dərs almışdır. İfaçılıq sənətinə yaradıcılıqla yanaşan gənc xanəndə "Dəşti", "Rahab", "Humayun" muğamlarına xallar, guşələr artırmaqla onlara yeni nəfəs, yaşarılıq vermiş, muğam aləmini 100-dən artıq rəngarəng təsniflərlə zənginləşdirmişdir. Onun rəhbərlik etdiyi "Humayun" ansamblı bir sıra istedadlı ifaçıları xalqımıza tanıtdırmışdır. Həyatını bütünlüklə milli musiqiyə bağlamış sənətkar uzun illərdən bəridir ki, bilik və bacarığını A.Zeynallı və Bülbül adına musiqi məktəblərində gənclərə və yeniyetmələrə öyrədir.
Yubilyarı təbrik edən Mədəniyyət Nazirliyinin şöbə müdiri Fərəh Əliyeva, akademik Vasim Məmmədəliyev, xalq artisti Arif Babayev, professor Tariyel Əhmədov, xanəndə Ağaxan Abdullayev, sənətsevərlərdən İnqilab Nadirov, Səkinə Novruzova, Vaqif Əliyev və digər natiqlər mahir xanəndənin 60 ildən artıq öz sənəti ilə könüllərə sevinc gətirməsindən, milyonların sevimlisi olmasından, ifaçılıqda öz üslubunu yaratmasından, muğam aləminə töhfələr verməsindən söz açdılar, ona cansağlığı və yeni uğurlar arzuladılar.
Milli muğamımızın ünlü veteranı haqqında deyilən xoş sözləri, onun sənət hesabatını yetirmələrindən və muğam müsabiqəsi qaliblərindən - Abgül Mirzəliyevin, Babək Niftəliyevin, Ehtiram Hüseynovun, İlkin Əhmədovun, Vəfa Orucovanın, Pərvanə Ərəbovanın, Şahin Yaqubzadənin, Səidə İslamqızının, Tural Salmanovun, Tamara Muradovanın və başqa gənc xanəndələrin könüloxşayan ifaları tamamladı. Kaman ustası Ağacəbrayıl Abbasəliyevin rəhbərlik etdiyi Muğam Teatrı ansamblı ifaçıları şövqlə müşayiət etdi.
Mərasimin sonunda Əlibaba Məmmədov sənətinə verilən yüksək qiymətə görə xalqımıza və dövlətimizə minnətdarlığını bildirdi, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın muğam sənətinə diqqət və himayəsinin milli musiqimizin inkişafı və zənginləşməsi üçün münbit şərait yaratdığını söylədi. Həyatının sonunadək öz sənəti ilə xalqımıza xidmətini davam etdirəcəyini söyləyən şöhrətli xanəndə illər boyu musiqisevərləri məftun etmiş repertuarının seçmə nümunələrini eyni məharət və coşğunluqla pərəstişkarlarına ərmağan elədi.
80 yaşın zirvəsində olan sevimli musiqiçinin sənət hesabatı çağdaş muğam dünyamızın daha bir əlamətdar və yaddaqalan hadisəsi oldu. Mərasim iştirakçılarının təəssüratı da bunu təsdiq edir:
Arif Mədətov, Milli Mədəniyyəti Təbliğ Mərkəzinin sədri:
- Xalqımız muğamı həmişə sevib, yaşadıb. Bu gün milli dövlətimiz də muğamı himayə edir, dünyada tanıdır. Əlibaba Məmmədovun bu sənəti yaşadıb yeni nəsillərə ötürməkdə xidməti misilsizdir. Belə bir sənətkarın əməyinin yüksək qiymətləndirilməsi, yubileyinin keçirilməsi bizi ürəkdən sevindirir.
Qənimət Səfərov, sənətsevər:
- Xalqı yaşadan, onu öz kökünə bağlayan öz dili və mədəniyyətidir. Bu axşam biz bir daha bu həqiqətin şahidi olduq. Salona yüksək sənət zövqü olan insanlar toplaşmışdı. Onları başqa nə ilə bu qədər sevindirmək, şənləndirmək olardı? Əlibaba müəllim deyilən xoş sözlərə tamamilə layiqdir. Amma bu axşam o, bu salona belə sözləri eşitməyə yox, öz yetirmələrinin ifası ilə hesabat verməyə, onlarla öyünməyə gəlmişdi.
Bir daha əmin olduq ki, sovet rejimi dövründə milli musiqimizi qoruyub yaşadanlar onu etibarlı əllərə əmanət etmişlər. O ki qaldı sonda Əlibaba müəllimin öz ifasına, mən bunu sənət möcüzəsi kimi qarşıladım. O, 80 yaşında da gənclik şövqü və yetkinlik zövqü ilə oxudu. Muğam yaşadıqca onun xidmətində duranları da ürəklərdə yaşadacaq.
{nl}
Tahir AYDINOĞLU, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.