Milli parklar- xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmazdan əvvəl Azərbaycan Respublikasında Milli parklar mövcud deyildi. 2003-cü ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl Milli Parkları yaradıldı. 2009-cu il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ordubad Milli Park ərazisi Şahbuz Dövlət Təbiət Qoruğu, Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektar çatdırılmışdır. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır.
2008-ci ildə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılmışdır.
Hazırda milli parklar ölkə ərazisinin 3,4%-ni təşkil edir.
Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilərək, Qızılağac dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək dənizkənarı milli parkın yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda, Almaniya Federal Hökumətinin dəstəyi ilə "Qafqaz təşəbbüsü" proqramı çərçivəsində "Samur-Yalama" Milli Parkının salınmasına başlanılmışdır
Öz təbii şəraiti ilə seçilən Abşeron Milli Parkına son illər xüsusi diqqət yetirilir. Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli sərəncamı ilə Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazisinin 783 hektar sahəsində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır. Milli Park Abşeron yarımadasının cənub-şərq qurtaracağında - Şah Dili ərazisində yerləşir.
Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir. Burada torpaq örtüyü yaxşı inkişaf etməmişdir. Ərazi, əsasən, dəniz sahili qumluqlarla örtülmüşdür. Ərazidə yarımsəhra və quru bozqırların mülayim isti iqlim tipi hakimdir.
Abşeron Milli Parkında bitki örtüyünün növ tərkibi və fitokütləsi xeyli azdır. Dəniz sahili qum bitkiləri, cığlı-qamışlı və paz otlu çəmənliklər, birillik şoran otları və s. yayılmışdır. Efemerlər də erkən yazda nisbətən yaxşı inkişaf edir.
Parkın heyvanat aləmi çox zəngindir. Milli Parkın ərazisində suda-quruda yaşayanlardan göl qurbağası, yaşıl quru qurbağası, sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, Qafqaz kələzi, Xəzər qekkonu, koramal, uzunayaq Şneyder, əlvan kərtənkələcik, cəld kərtənkələcik, xaltalı eyrenis, suilanı, gürzə və s., quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qazlar, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s, məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşmışdır.
Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılmışdır. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi "Ginnes"in rekordlar kitabına daxil edilmişdir.
Abşeron Milli Parkının yaradılması həmin ərazidə nadir təbiət komplekslərinin və obyektlərinin, Xəzər suitisinin, ceyranın, su-bataqlıq quşlarının qorunub saxlanılmasına və bərpasına imkan yaradacaqdır.{nl}
Hazırladı: M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.