Hər zaman xatırlanan böyük sənətkar

Oktyabrın 25-də zəmanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin vəfatının ikinci ildönümü ilə əlaqədar maestronun xatirəsi anılmışdır.
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) üzvləri, tanınmış mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri Xiyabana gələrək Müslüm Maqomayevin məzarını ziyarət etmiş, üzərinə təzə-tər güllər düzmüşlər.
ABİ-nin təşəbbüsü ilə keçirilən anım tədbirində qurumun sədri, xalq artisti Firəngiz Əlizadə, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, xalq artisti Eldar Quliyev çıxış edərək Müslüm Maqomayevin Azərbaycan musiqisinin inkişafı və təbliğindəki əvəzsiz xidmətlərindən söz açmış, onunla bağlı xatirələrini bölüşmüşlər.
Bildirilmişdir ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük müğənninin nadir tembrli gözəl səsi, təkrarolunmaz səhnə ustalığı və nadir musiqi duyumu sənət aləmində atdığı ilk addımlardan onu milyonların sevimlisinə çevirmişdir.
Xüsusi olaraq vurğulanmışdır ki, Müslüm Maqomayev Azərbaycan ilə Rusiya arasında mövcud olan tarixi dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, iki ölkə arasında mədəni əlaqələrin inkişafına xüsusi töhfə vermişdir.
Sonra tədbir ABİ-nin konfrans zalında davam etdirilmişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci il Bakı şəhərində anadan olmuşdur. Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanmışdır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıtmışdır. Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc etmişdi. M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş, "La Skala" Milan teatrında təcrübə keçmişdir. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlamışdır. 1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda ilk solo konsertinə bilet tapmaq mümkün deyildi. 1960-70-ci illərdə Müslüm Maqomayevin məşhurluğunun hüdudu yox idi, konsert salonlarındakı yerlər azlıq edir, o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirmişdi. Bütün bunlara görə ona 31 yaşında SSRİ xalq artisti adı verilmişdi. Onun repertuarında 600-dək əsər var idi. Böyük müğənni həm də gözəl mahnılar müəllifi idi. Onun xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir. Müğənni "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilmişdir.
Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazona malik səs çox az müğənnilərə qismət olur. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada bir dünya yaradırdı.
Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri mühüm rol oynamışdır. Orkestrin rəngarəng proqramlarında Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olmuşdur.
Maqomayevin milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilmiş və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.
Dünyanı fəth edən bariton səsli məşhur musiqiçi Müslüm Maqomayevin ölümündən iki il ötsə də, onun əziz xatirəsi unudulmur. Zəmanəmizin musiqi aləminin ən parlaq ulduzlarından olan Müslümlə bağlı xatirələr Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında