Hərb tarixini canlandıran rəssam

"Qəfildən qılıncların səsini və atların kişnərtisini eşitdim"
Bakıda Axundov bağının yaxınlığında kiçik bir emalatxana var. Bura, bəlkə də yeganə yerdir ki, Qaraqoyunlu hökmdarı Qara Yusifi, Eldəgizlər hökmdarı Şəmsəddin Eldəgizi, Avropanı fəth etmiş Hun sərkərdəsi Atillanı və Göytürk sərkərdələrini bir arada görmək olar. İçəri girəndə özünü sanki döyüş meydanında, türk imperatorluqlarının dövründə hiss edirsən. Ağacdan yonulmuş şaman heykəlləri isə qədim türklərin etiqadını özündə əks etdirir. Girəcəkdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş İstiqlal abidəsinin layihəsi diqqətimdən yayınmır.
" Əsərlərimin sadəcə bir hissəsi buradadır. Elə əsərlərim var ki, İstiqlal Muzeyində, Hərb Tarixi Muzeyində, eləcə də şəxsi kolleksiyalarda saxlanılır. İşimi sevirəm, indi də bir sıra əsərlər üzərində işləyirəm."- deyə emalatxana sahibi, Hərb Tarixi Muzeyinin əməkdaşı, rəssam-heykəltəraş Natiq Camal Əfşar söylədi. Onun uşaqlıqdan tarixə, xüsusilə hərb tarixinə böyük həvəsi olub. Odur ki, elə o vaxtdan arzulayıb ki, oxuduğu tarix kitablarında təsvir olunan döyüş səhnələrini, Azərbaycan və türk dünyasının böyük sərkərdələrini əsərlərində canlandırsın. Rəssam özü etiraf edir ki, nə yadından çıxsa da, təsəvvüründəki döyüş səhnələri heç vaxt yaddaşından silinmir.
Natiq Camal Əfşar 1961-ci ildə Bakıda anadan olub. Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. 1986-1992-ci illərdə Azərbaycan İncəsənət İnstitutunda təhsil alıb. Bakı ilə yanaşı, Rusiyada və Türkiyənin İstanbul şəhərində fərdi sərgiləri keçirilib. Bir sıra əsərləri Azərbaycan, Türkiyə, İran, Almaniya, Amerika və Ukraynada rəsm kolleksiyalarında saxlanılır. Əsasən yağlı və sulu boya, heykəltaraşlıq və teatr dekorları sahəsində çalışır. Hazırda Müdafiə Nazirliyinin tərkibində Azərbaycan Hərb Tarixi Muzeyinin işçisidir.
Sovet Ordusunda xidmət etdiyi illərdə də Natiq bəy imkan olduqca şəkillər çəkib, Moskva hərbi dairəsində rəssam kimi fəaliyyət göstərib, 1982-ci ildə həmin dairə üzrə hərbçi rəssamlar arasında müsabiqənin qalibi olub. Moskvada qalıb işləmək təklifi alsa da, razı olmayıb.
Azərbaycanın müstəqilliyə qovuşması onun yaradıcılığında yeni mərhələ açdı. Rəssam üçün dahi sərkərdələri, hərb tariximizin vacib məqamlarını canlandırmaq imkanı yarandı. Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyinin əməkdaşı Natiq Camalın fikrincə, Azərbaycanın qəhrəmanlıqlarla zəngin hərb tarixi var və bu da onun əsərlərinə müxtəlif mövzu seçməkdə yardımçı olur. "Mükəmməl hərb tariximiz var. Ancaq bu tarixin qəhrmanlıqlarla zəngin, hələ öyrənilməmiş çox məqamları var. " İrəvan xanı Hüseynqulu xanın, Gəncə hökmdarı Cavad xanın rus ordusuna qarşı mübarizəsi, Alban hökmdarı Cavanşir, Midiya hökmdarı Kiaksarın döyüşünə, Şah İsmayıla həsr etdiyi tablolar seçilən əsərlərdəndir. Hər bir əsərdə təsvir olunan dövrün geyim tərzindən tutmuş istifadə edilən silahlaracan hər bir detal nəzərə alınır: "Personajların bir-birlərinə münasibətlərini dəqiq vermək çətindir. Əsərdə qəhrəmanın yaşadığı dövrə aid geyimləri, silahları dəqiqliklə vermək üçün əvvəlcə həmin dövr ətraflı öyrənilməlidir. Bütün bu xırda, ancaq vacib detalları mənbələr əsasında dəqiqləşdirirəm. İndiyə kimi kutilərin, turukki tayfalarının hərbi geyimlərini, tunc dövrünə aid silahları işləmişəm. "-deyir rəssam.
Onun əsərləri arasında Osmanlı hərb tarixinə aid rəsmləri də diqqət çəkir. Atatürkün döyüş meydanında olması, Anadolu cəbhəsi, İstanbulun fəthi kimi əsərlər bu qəbildəndir. "İstanbulun fəthi" əsəri hazırda Türkiyədə qorunub saxlanılır. Bundan başqa, onun İstiqlal marşına həsr etdiyi rəsm əsəri də bu gün Türkiyədə çox məşhurdur, əsər öz məzmununa və Mehmet Akif Ərsoyun yazdığı marşın ideyasını əks etdirdiyinə görə bir çox ziyalılar, xüsusilə də tanınmış türk ziyalısı Turan Yazqan tərəfindən bəyənilib. " Bu əsəri İstiqlal marşından təsirlənərək çəkmişəm. Əsərdə arxadan minarələr görünür, yerdən qan fışqırır. Əlində türk bayrağı olan əsgər təsvir olunur. Ətrafda isə şəhidlərin ruhları var, onlar sanki həmin türk əsgərinə dəstək olur. Əsər Turan Yazqanın çox xoşuna gəldi, mənə dedi ki, sən tək adamsan ki, İstiqlal marşına əsər həsr eləmisən. Sonra qalxıb məni qucaqladı. Hazırda həmin əsər Türkiyədə saxlanılır."-rəssam Natiq Camal bildirdi. Rəssamın Midiya hökmdarı Kiaksarın Assuriya üzərində qələbəsinə həsr etdiyi Zəfər tağının maketi isə öz möhtəşəmliyinə görə seçilir. Müəllifin sözlərinə görə, dünya tarixində bir sıra hökmdarların qələbələrinin şərəfinə bu cür tağlar hazırlanıb.
Natiq Camal əsasən hərb tarixinə aid əsərlər çəksə də, onun yaradıcılığında miniatür, avanqard, mifik və inqilabi mövzularda əsərlər də görmək mümkündür. Onlar arasında Azərbaycanın yaxın keçmişində baş vermiş qanlı-qadalı olaylar-Qarabağ müharibəsi, ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı törədilən qətliamlar, Xocalı soyqırımı kimi hadisələr də yer alır.
Qeyri-adi məqamlar
Yaradıcı insanlar, o cümlədən rəssamlar həmişə öz qeyri-adilikləri ilə seçilirlər. Natiq Camal da qeyri-adi olayları yaşamış və onları əsərində çəkmiş yüzlərlə rəssamdan biridir. Onun sözlərinə görə, Xocalıya həsr etdiyi əsərlərindən birinin təsvirini yuxuda görüb: " 1992-ci il idi, yuxuda gördüm ki, göydən insanların üzərinə iri xaçlar yağır, onlar insanların başına düşür. Bu yuxudan bir neçə gün sonra Xocalıda ermənilər dəhşətli qətliam törətdi. Bir neçə dəfə yuxularımı çəkmişəm. Yuxunu əsərdə canlandırmaq olduqca çətindir."
Digər maraqlı məqamı isə rəssam "İstanbulun fəthi"ni işləyərkən yaşayıb. " Birdən əsərdə çəkdiyim atların kişnərtisini, qılıncların səsini eşitdim. İnana bilmədim, təsvir gözlərimdə canlanmışdı. Qələmim əlimdən yerə düşdü. Sonralar bildim ki, yaradıcı insanlar bu cür məqamlarla tez-tez rastlaşırlar."
Natiq Camalın çəkdiyi hər bir əsər ona xalqımızın tarixi və Silahlı Qüvvələri qədər əzizdir. Bu əsərlərin bir hissəsi Azərbaycan Hərb Tarixi Muzeyində saxlanılır. Rəssamın yaratmaq istədiyi əsərlər isə hələ çoxdur. Odur ki, nə işdə, nə də evdə fırçası əlindən düşür. Hazırda rəssam Qara Yusiflə bağlı əsər üzərində işləyir.
Təvazökar olsa da, rəssam fitri istedadın gücünə inanır: "Sənətkar dünyanın harasında olursa olsun, onun istedadı gec-tez ortaya çıxacaq. " Rəssama bundan sonrakı yaradıcılığında uğurlar arzulayırıq.{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında