Adı "Qızıl kitab"a düşən şuşalı yeniyetmə

Fitri istedad hər kəsə verilmir. Xoşbəxt insan odur ki, Tanrının ona bəxş etdiyi istedaddan düzgün bəhrələnsin, eləcə də fəaliyyəti ilə xalqına, bəşəriyyətə xidmət edə bilsin. İstedadlı gənc vokalçı İsmayıl Yunusovun on beş yaşı olsa da, bənzərsiz səsi sayəsində indiyədək dəfələrlə yerli və beynəlxalq mahnı müsabiqələrində uğurla çıxış edib, laureat adını qazanıb.
Ancaq bu il cənab Prezident İlham Əliyevin sərəncamı ilə İsmayılın adının Azərbaycan gənclərinin "Qızıl kitab"ına yazılması və xüsusi aylıq təqaüdə layiq görülməsi tək vokalçının deyil, onun ailəsinin, səsinin vurğunlarının və müəllimi Anar Şuşalının hədsiz sevincinə səbəb olub. "Bu xəbər həm İsmayıl, həm də ailəmiz üçün sürpriz oldu"-deyən İsmayılın anası uşaqlıqdan oğlunun musiqiyə həvəsi olduğunu söylədi və bu sərəncamın dövlətin gənclərə diqqət və qayğısının göstəricisi olduğunu bildirdi.
Onun yaşıdlarından fərqləndiyini və istedadını duyan valideynləri İsmayılı altı yaşında Nizami rayonu Yeniyetmə və Gənclər Yaradıcılıq Birliyinə gətirib. Burada balaca İsmayıl iki il oxuyub. Hazırda İsmayıl Yunusov 229 nömrəli orta məktəbin onuncu sinif şagirdidir. Eyni zamanda o, Rauf Hacıyev adına musiqi məktəbində fortepiano və vokal üzrə təhsil alır. Onun vokalçı kimi çıxış etməyə başlaması isə müəllimlərinin təkidindən sonra olub. Əslən Şuşadan olan istedadlı gənc 1995-ci ildə gözlərini Bakıda dünyaya açsa da, səsi, istedadı ilə onu dinləyənlərə istər-istəməz Azərbaycanın "Musiqi konservatoriyası" hesab edilən Şuşanı xatırladır. Axı bir vaxtlar Qarabağda, Şuşada Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül kimi tanınmış xanəndə və musiqiçilər yetişib.
O, Şuşanı görməsə də, səsi, ifası ilə dinləyicilərə yüksək musiqi zövqü bəxş etməklə yanaşı, həm də Şuşa musiqi ənənələrini yaşadır. İsmayıl Yunusov hazırda tanınmış sənətçi, əməkdar artist Anar Şuşalıdan dərs alır. Onun peşəkar musiqiçi kimi yetişməsində müəlliminin rolu və əziyyəti böyükdür.
Gənc vokalçı 2009-cu ildə "Azərbaycan dünyam mənim!" adlı müsabiqənin qalibi olub. Bu il isə onun uğurlarına daha biri əlavə olunub. O, gənc ifaçıların Nazim Əliverdibəyov adına 5-ci ümumşəhər müsabiqəsinin laureatı adını alıb.
İndiyə qədər M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Teymur Göyçayevin Dövlət Gənclər Simfonik Orkestrinin solisti kimi müxtəlif ölkələrdə çıxış edərək Azərbaycanı təmsil edib. Bunlar arasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransanın Paris və Strasburq şəhərlərində, eləcə də Belçikada təşkil olunan "Azərbaycanın xoşməramlı mələkləri" konserti xüsusi yer tutur. Vokalçı həm də musiqi əsərləri bəstələyir, ən böyük arzularından biri Konservatoriyaya daxil olub, musiqinin sirlərinə daha dərindən yiyələnmək, bundan sonra da Azərbaycanı beynəlxalq nüfuzlu festivallarda təmsil etməkdir.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında