Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olmuşdur

Oktyabrın 15-də Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi istifadəyə verilmişdir.
Rayon ziyalıları adından çıxış edən Nazəndə Vəliyeva Heydərabad qəsəbəsinin tarixi günlərini yaşadığını bildirərək demişdir: On gün əvvəl hörmətli Prezidentimiz Heydərabadda sakinlərlə görüşdü və dərin məzmunlu nitqi ilə yaddaşımızda iz buraxdı. Bu gün isə qəsəbədə yeni mənzillərin orderləri sakinlərə təqdim olundu və tarix-diyarşünaslıq muzeyi istifadəyə verilir. Sərhəd bölgəsində belə bir muzeyin açılması, ümumiyyətlə, qəsəbəyə ikinci həyatın verilməsi tarixi bir hadisədir. Biz bunu düşmənlə üz-üzə olan sərhəd bölgəsinin əhalisi üçün Azərbaycan dövlətinin qiymətli bir töhfəsi kimi dəyərləndiririk.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının istifadəyə verilməsi münasibətilə rayon ictimaiyyətini təbrik edərək demişdir: Azərbaycanın zəngin tarixi keçmişi vardır. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında isə bu tarix çox qədimlərdən başlayaraq öz nümunələrini indi də yaşatmaqdadır. Belə nümunələr isə Naxçıvan Dövlət Tarix Muzeyində və rayonlarda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərində yaşayır. Sədərək də tarixi minillərlə ölçülən bölgələrimizdən biridir. "Sədərək" sözü hələ "Dədə Qorqud" dastanından hər kəsə bəllidir. Lakin hələ o dövrə kimi də Sədərək adı mövcud olmuş, ulu əcdadlarımız bu ərazidə yaşamış və fəaliyyət göstərmişlər. Ərazinin tarixini yaşatmaq üçün tarix-diyarşünaslıq muzeyinin fəaliyyəti vacibdir. Əvvəlki yeri uyğun olmadığına görə bu qəsəbə yenidən qurulan zaman yeni muzeyin də tikilməsi qərara alındı. Artıq rayon tarix-diyarşünaslıq muzeyi sizin istifadənizə verilir.
Ali Məclisin sədri muzey işçiləri qarşısında duran vəzifələrdən bəhs edərək demişdir: Muzey işi çətin və şərəfli işdir. Muzey işçiləri eksponatlarla yanaşı, tarixi dərindən öyrənməlidirlər. Onlar ərazidə yaşayan sakinlərin, məktəblilərin muzeyə cəlb edilməsinə diqqəti artırmalıdırlar. Rayona gələn qonaqların da muzeylə tanışlığı diqqətdə saxlanılmalı, tariximiz onlara izah olunmalıdır. Binada muzey işçiləri üçün lazımi şərait yaradılıbdır. Muzeydən səmərəli istifadə isə rayon mədəniyyət və turizm şöbəsinin, muzey işçilərinin üzərinə düşür. Biz əminik ki, muzey yeni binada öz fəaliyyətini günün tələbləri səviyyəsində quracaq, tariximizin öyrənilməsində və öyrədilməsində fəal bir təşkilata çevriləcəkdir.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra muzeyə baxış olmuşdur.
İkimərtəbəli muzey binasının birinci mərtəbəsində ekspozisiya zalı, ikinci mərtəbəsində isə 3 otaq və ekspozisiya zalı yerləşir.
İnşasına bu ilin yaz aylarında başlanılan tarix-diyarşünaslıq muzeyinin tikintisi qısa müddətdə başa çatdırılmışdır. Muzey binası orijinal memarlıq üslubunda tikilmişdir.
Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində 1495 eksponat saxlanılır. Muzeyin ekspozisiyasında Sədərək rayonunun son illərdəki inkişafını əks etdirən guşə də ziyarətə gələnlərin ixtiyarına verilmişdir.
Ali Məclisin sədri muzeyin rayonun qədim dövrünü əks etdirən eksponatlarla daha da zənginləşdirilməsi, rayon məktəblilərinin muzeyə cəlb edilməsi, müəyyən dərslərin burada keçirilməsi barədə tapşırıqlar vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında