Kino onun həyatı idi
Tədbirin təşkilatçısı Dövlət Film Fondu idi. Aparıcı kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımov görkəmli kino xadimi, rejissor Lətif Səfərovun həyat və yaradıcılığından ətraflı söhbət açdı. O qeyd etdi ki, Lətif Səfərov əslən Şuşalı idi. O, 1920-ci il sentyabrın 30-da doğulub. 7 yaşında ikən rejissor Leo Murun "Gilan Qızı" ("Tunc ay") filmində çəkilib. Sonra yaradıcı heyətlə Bakıya gələn balaca Lətif studiyada ştata da qəbul olunub. 1928-1931-ci illərdə "Sevil", "Lətif", "Şərqə yol", "Qızıl kol" filmlərində uşaq rollarında çəkilib. Ancaq sonradan xəstələnən Lətif Bərdəyə gəlib. Nəhayət, 1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. Yenə Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb.
Lətif Səfərov 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil oldu. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən sənətin sirlərini öyrəndi. Müharibənin başlaması ona təhsilini davam etdirmək imkanı vermədi, Bərdəyə qayıtdı və 1941-1946-cı illərdə burada müəllimliklə məşğul oldu. 1946-cı ildə Moskvaya qayıdan gənc Lətif təhsilini davam etdirdi. 1950-ci ildə təhsilini başa vurub professional sənətkar kimi Bakıya döndü, kinostudiyada fəaliyyətə başladı. O vaxta kimi bizim filmlərə Rusiyanın, Gürcüstanın rejissorları quruluş verirdilər. Lətif Səfərov Azərbaycan kinosuna peşəkar kinorejissor kimi gəldi və bir çox qiymətli filmlər yaratdı.
Natiq bildirdi ki, cürətli insan idi Lətif Səfərov. 1952-ci ildə kino işçilərinin Moskvada keçirilən Ümumittifaq müşavirəsində əsl mənada qəhrəmanlıq göstərdi. Müşavirədəki çıxışından bəzi məqamları diqqətinizə çatdırmaq istərdik. "...Biz tələbə skamyası arxasında yanaşı oturmamışıqmı? Niyə bir parasının başdan-binadan hər şeyi var, o birisinin yoxdur. Bizim bazamızda rəngli film çəkmək cəhənnəm əzabıdır. Biz pis plyonka, köhnə aparatlar, ləng vuran ştativlər üzərində epizodu epizod dalınca itiririk. Biz xronika, respublikamız üçün təkrarolunmaz hadisələri çəkirik, bu qiymətli material texniki imkansızlıq ucbatından məhv olur. Bəs bunu lentə aldığımız adamlara necə izah edək? Onların gözünün içinə necə baxaq? Bizim nəhayət, soruşmağa haqqımız varmı, hamı üçün eyni cür şərait nə vaxt olacaq, nə vaxt?" Bu çıxış, bəlkə də, Lətifin gələcək taleyinə ilk zərbə idi. Ancaq o, qorxmadan danışdı, sözünü dedi və əyalət adından danışan bu gənc kinematoqrafçı öz üzərinə ciddi məsuliyyət götürdü.
Böyük sənətə doğru inamla irəliləyən gənc rejissor müəyyən maneələrlə rastlaşsa da, 50-ci illərin əvvəllərində bir neçə sənədli filmə quruluş verdi. 1955-ci ildə ona "Bəxtiyar" filmini çəkmək həvalə olundu. Bu lentlə o, böyük kinoda ilk filmini yaratdı. Azərbaycanı, onun incəsənətini çox sevirdi Lətif. Ssenarini ruslar yazmışdı (Boris Laskin və Nikolay Rojkov). Amma ssenari nə qədər beynəlmiləl ruhlu idisə, film bir o qədər milli alınmışdı. O, baş rola Rəşid Behbudovu dəvət etmişdi. Çünki filmin bəstəkarı Tofiq Quliyevin lirik mahnıları məhz belə bir müğənninin rola dəvət olunmasını tələb edirdi. Rəşid Behbudovun "Arşın mal alan" filmindəki uğuru onun özünü də kinoya bağlamışdı. Beləliklə, Rəşid Behbudov bu filmilə özünün yeni bir ekran triumfunu etmiş oldu. "Bəxtiyar" filmi Azərbaycan kinosunda musiqili bədii filmin ən layiqli nümunəsi oldu. Tofiq Quliyevin ürək oxşayan musiqisi bizim kinomuzda bir növ yeni ovqat yaratdı. Filmdəki "Zibeydə", "Qızıl Üzük", "Bakı" mahnıları dillər əzbəri oldu. Rejissor bu filmdə həm də çox maraqlı bir aktyor ansamblı yarada bilmişdi. Rəşid Behbudovla yanaşı milli aktyor sənətimizin nəhəng simalarından olan Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Münəvvər Kələntərli və digərlərinin oyunu filmin ümumi ahənginə xüsusi təsir göstərmişdi.
"Qızmar günəş altında", "Leyli və Məcnun" kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən Lətif Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa reallaşdıra bildi.
Kinematoqrafçılar İttifaqının sədri nələri istəyirdi? Əslində çox şeylər barədə düşünürdü. 1958-ci ildə ona etimad göstərib Respublika Kinematoqrafçılar İttifaqının sədri seçdilər. O, kinonu inkişaf etdirmək istəyirdi. Tələbləri də qəti və dönməz idi: "Yaradıcı adam indi ya kinematoqrafiyadan getməli, ya da nəyi isə partlatmalıdır. Kinematoqrafçı kinodan uzaqlaşa bilməz. Kino onun həyatıdır". Bu sözləri rejissor 1961-ci ildə söyləmişdi. Həmin il Kinematoqrafçılar İttifaqının müşavirəsində daha kəskin nitq söylədi. Açıq-aşkar deyirdi: "Adamlarla həqiqət dilində danışmaq lazımdır. Yalan cana doyurub, o dəqiqə onu hiss edirlər. Xalqa çox uzun müddət yalan danışıblar".
"Koroğlu" filmi üzərində böyük əziyyətlə işlədi. Çünki studiyanın imkanları çox məhdud idi. Texnika sarıdan çətinliklər vardı. Elə müşavirələrdən birində də deyirdi ki, "Bakı kinostudiyasında heç nə yoxdur". Amma Lətif Səfərov, bu çətinliklərə baxmayaraq işləyirdi. Axı, bütün canı, qanı ilə ömrünü kinematoqrafa bağlamışdı. Kino haqqında danışanda böyük yanğı ilə deyirdi: "Axı bu da yaradıcılıqdır, kollektiv - ağacdan, dəmirdən, atdan, dəvədən, nəhayət, havadan asılı yaradıcılıqdır. Quruluşçu rejissoru divara dirəmək lazım deyil ki, o da axırda gücdən düşsün, əlini yelləsin". Beləcə, bütün yaradıcı ömrünü kinonun inkişafı uğrunda mübarizəyə həsr etdi. Çoxlarını da özündən narazı salırdı. Çünki ətrafındakılara bu cür tələbkarlıq lazım deyildi.
Bu böyük sənətkarın tale ağrıları haqqında çox yazılsa da, onun intiharının səbəbləri hələ də sirr olaraq qalır. Əlbəttə, gümanlar, şübhələr çoxdur. Amma o gecənin təfsilatları barədə müəyyən məqamlara aydınlıq gətirilməmişdir. Jurnalist Nəriman Əbdürrəhmanlı "Şimşəklər kimi" məqaləsində bu müdhiş hadisəyə münasibət bildirmişdir: "Dekabrın 9-u saat 2 radələriydi...Güllə səsiylə hər şey bitdi. ...Səhəri qonşulardan kimsə güllə səsini şimşək çaxmasına oxşatdığını demişdi. Deyəsən, yanılmamışdı...Lətif Səfərov kinoya şimşək kimi çaxıb gəlmişdi, şimşək kimi çaxıb getdi".
Həmin il o, Kinematoqrafçılar İttifaqının katibliyindən çıxarılmışdı. Son narazılıqlar da Kinematoqrafçılar İttifaqının 1963-cü ilin yanvarında keçirilən qurultayından başlamışdı.
Rejissor öz sənət dostlarını bir olmağa çağırırdı: "Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız üçün yaxşı işlər görə bilərik". Əfsus ki, Lətif Səfərov çox arzularını ürəyində apardı. Bizə isə onun gözəl filmləri yadigar qaldı.
Sonra xalq artisti Rafiq Əzimov, əməkdar incəsənət xadimi, kinorejissor Ələkbər Muradov, Film Fondunun direktoru, əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyev Lətif Səfərov haqqında, onun filmləri barədə söhbət açdılar.
Tədbirdə kinorejissorun çəkildiyi və çəkdiyi "Gilan qızı", "Lətif", "Bəxtiyar", "Qızmar günəş altında", "Leyli və Məcnun" filmlərindən fraqmentlər göstərildi.
Rejissorun həyat və yaradıcılığına həsr olunmuş fotosərgi də tamaşaçılar tərəfindən maraqla qarşılandı.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.