Şriftin ölçüsü:
06.10.2010 03:59 | Oxunma sayı: 847
Bu günlərdə "Nərgiz" nəşriyyatında Solmaz Muxtarovanın 3 povest və bir neçə hekayədən ibarət "Ağ göyərçinlər həsrəti" adlı kitabı işıq üzü görmüşdür. Çağdaş dönəmdə oxuculara təklif olunan kitabların sayı çox artdığından, bəzən bir çox dəyərli əsərlər oxucu diqqətindən kənarda qalır. Xoşbəxtlikdən, Solmaz Muxtarovanın kitabları oxucu sarıdan korluq çəkmir. Oxucu ilk andan yazıçı qələminin ecazkar sehrinə düşür və bu ünsiyyətdən razı qalır.
Mən yazıçının sadə, bənzərsiz təhkiyə üslubu ilə onun hələ 2003-cü ildə nəşr olunmuş "Yaşıl dünyanın nağılı" kitabındakı "Ağ duman" adlı esse-hekayəni oxuyarkən tanış olmuşam. Həmin hekayənin qəhrəmanı olduqca həssas insan olan bir ana obrazıdır. Hekayədə qızının övladı olmadığına görə bərk narahat olan Səlimə ananın kürəkənin evinə qəfil çağırılarkən keçirdiyi həyəcanlı anlar dərin psixoloji cizgilərlə təsvir olunub. Səmimi deyirəm, həmin ana obrazı neçə illərdir ki, hafizəmdə yaşayır.
O vaxtdan Solmaz xanımın qələmindən çıxan irili-xırdalı əksər əsərləri oxuyur, hər dəfə də ədibin yaratdığı bədii obrazların təbiiliyinə heyran qalıram. Yazıçının ilk kitabında 7 il əvvəl oxuduğum "Ad günü", "Elçilər", "Bir ovuc torpaq" və başqa hekayələrinin süjet xəttini də bu gün əvvəldən axıra kimi nəql edə bilərəm. Solmaz xanımın kitablarını mütaliə edərkən məndə elə təsəvvür yaranır ki, bu əsərlərin qəhrəmanları mənim yaxından tanıdığım, bəlkə də, hər gün rastlaşdığım, ünsiyyətdə olduğum insanlardır. Fikrimcə, haqqında söhbət açdığım qələm sahibinin əsas uğuru elə əsərlərinin kifayət qədər güclü bədii təsir gücünə malik olmasıdır.
Yazıçının sonuncu "Ağ göyərçinlər həsrəti" kitabı da üç il əvvəl nəşr olunmuş "Qaydasız oyunlar burulğanında" hekayə və povestlər kitabı kimi öz mövzu rəngarəngliyi, süjet xəttinin qeyri-adiliyi, bənzərsiziyi ilə seçilir. Bu əsərlərin dərin həyati müşahidələr əsasında qələmə alındığı dərhal sezilir. Təcrübəli ədib öz qəhrəmanlarının daxili aləminə nüfuz edərək çox canlı, bədii cəhətdən yetkin obrazlar yarada bilir.
Məlumat üçün bildirim ki, bu yaxınlarda 70 yaşını qeyd etmiş yazıçı Solmaz Muxtarova bədii ədəbiyyata bir vaxtlar sovet ideologiyasında müsbət hal kimi dəyərləndirilən istehsalatdan gəlmişdir. İxtisasca mühəndis olan, uzun illər müxtəlif sənaye, elm və idarəetmə qurumlarında çalışan ədibin ömrünün müdrik yaşlarında peşəkar yazıçı kimi tanınaraq sevilməsi, düşünürəm ki, bu səmimi və xeyirxah insana Allah tərəfindən lütf olunmuş istedadı hesabınadır.
Onun qəhrəmanları bəzən üzləşdikləri haqsızlıqlar üzündən ani ümidsizliyə qapılaraq, qəlblərini saran həzin və kövrək kədərdən məyus olsalar da, son məqama qədər məğrur və əyilməz qala bilirlər. Yazıçının özünün qeyd etdiyi kimi, "Haqqın yoluna çıxmaq istəyən bu insanlar bəzən haqsız oyunlardan cana doyub bezirlər, amma güc və haqsızlıq qarşısında yenilmir, işığa, nura doğru yol eləyə bilirlər".
Bu məqamda yazıçının "Dünya fırlanır" povestinin qəhrəmanı Sayadın taleyini xatırlayıram. Heç bir günahı olmadan əri tərəfindən atılmış anası ilə ağır məhrumiyyətlərə dözərək böyümüş Sayad öz ağlı, biliyi ilə yüksək mənsəbə yetişdiyi zaman belə, qisasçılıq hisslərinə qapılmır, bir vaxt onu qapısından qovan atasına comərdliyi ilə "dərs" verir. Ədib heç kəsi birbaşa mühakimə etmir, amma oxucu əsərin təsiri ilə həyatın dolanbac yollarında büdrəyənlərin mənəvi yoxsulluğuna heyifslənir.
Azərbaycan xalqının azadlıq mücadiləsi tarixində önəmli yeri olan 20 Yanvar hadisələrinə həsr olunmuş "Ağ göyərçinlər həsrəti" povestində isə yazıçı yadellilərin qəddarlıq və haqsızlıqları qarşısında baş əyməyən Yasəmən adlı qadının mənəvi gücü və qətiyyətini təsvir edib. Düşünürəm ki, bir ailənin taleyində həmin hadisələrin uğurlu bədii həllini verməklə Solmaz Muxtarova özünün əsl vətəndaş təəssübkeşliyini ortaya qoyub. Oxucu hiss edir ki, yazıçı öz xalqının milli istiqlal duyğularını təsvir və tərənnüm etməkdən zövq alır.
Yazıçının "Kişilər" povestində isə təsvir edilən obrazlar mürəkkəb xarakterli olsalar da, dolğun və inandırıcı boyalarla qələmə alınıb. Kitabdakı bütün hekayələr maraqlı və cəlbedici olduğundan birnəfəsə oxunur. Sonda oxucuları Solmaz Muxtarovanın "Ağ göyərçinlər həsrəti" kitabını, onun digər povest və hekayələrini mütaliə etməyə səsləyirəm. İnanıram ki, oxucular bu mütaliədən mənəvi zövq alacaqlar.
{nl}
Məsaim ABDULLAYEV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.