Şriftin ölçüsü:
24.09.2010 06:23 | Oxunma sayı: 712
Türkiyənin Elazığ bölgəsinin tanınmış və istedadlı şairlərinin şeirlərindən ibarət "Elazığ çələngi" adlı kitabın Bakıdakı təqdimatı gerçəkləşdi.
Mirzə Fətəli Axundov adına Milli Kitabxanada keçirilən tədbirdə əvvəlcə Bakının erməni-bolşevik qüvvələrindən xilas edilməsində mühüm rol oynamış Qafqaz İslam Ordusunun şəhid olmuş əsgərləri bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqları salamladı. O, tarixən Türkiyə və Azərbaycan xalqları arasında ədəbi əlaqələrin mövcudluğunu qeyd etdi.
Azərbaycanın bir sıra tanınmış ziyalılarının iştirak etdiyi tədbirdə ədəbiyyatşünas, "Ozan" nəşriyyatının direktoru Asif Rüstəmli kitabın yaranma zərurətindən söhbət açdı. O bildirdi ki, kitabın nəşri ideyası Türkiyədə keçirilən ənənəvi "Xəzər şeir axşamları"nda yaranıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Elazığa səfər təəssüratlarını, buradakı coşğun ədəbi mühitlə bağlı fikirlərini bölüşdü. O, həmçinin Azərbaycanın tanınmış şairi, mühacir həyatı yaşamış, Türkiyəni özünə ikinci vətən seçən Almas İldırımın Elazığda yaşamasını, burada onun və Bəxtiyar Vahabzadənin adına küçə olduğunu vurğuladı.
Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi, şair Çingiz Əlioğlu Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrindən danışdı, Moskvada kitab sənəti müsabiqəsində mükafata layiq görülmüş kitabında Elazığa həsr edilmiş şeirinin yer aldığını bildirdi.
Bakıya qonaq gəlmiş elazığlı şair və jurnalistlər kitabla bağlı təəssüratlarını bölüşdülər "Manas" yayın evinin rəhbəri, kitabın tərtibçilərindən biri Şener Bulud Elazığ şairlərini Azərbaycan oxucularına təqdim edən belə bir kitabın ərsəyə gəlməsinə sevindiyini söylədi. O, Elazığ valisinin Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə məktub göndərdiyini söylədi, kitabda yer alan şairlər haqqında məlumat verdi. Kitaba Elazığda fəaliyyət göstərən bir çox şairlərin şeirləri daxildir. Bir sıra şeirlər Azərbaycana həsr edilib. Elazığ həm də dahi Azərbaycan şairi Almas İldırımın yaşadığı bölgədir."
Digər şair Günerkan Aydoğmuş sovet dönəmində radio vasitəsi ilə Azərbaycan musiqilərini, şeirlərini sevə-sevə dinlədiklərini vurğuladı, vaxtilə həsrətlə yazdığı müəllifi olduğu "Gələ bilmədim" şeirini söylədi. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşavirliyin əməkdaşı Nizami Zöhrabi hər iki ölkədə ortaq ədəbi mədəni tədbirlərin keçirilməsini yüksək qiymətləndirdi və davamlı olmasını arzuladı.
Ömrünün çox hissəsini Türkiyənin Elazığ bölgəsində keçirmiş Almas İldırımın oğlu Azər Almas atasının Azərbaycana və türk dünyasına sonsuz sevgisindən və Türkiyədəki ədəbi-ictimai fəaliyyətindən danışdı. Onun Almas İldırımın Elazığda yerləşən Gölcük gölünü Xəzərə bənzədərək yazdığı şeiri həyəcanla oxuması iştirakçıları kövrəltdi. Qonaq sonda dedi: "Atam nə olursa-olsun, Azərbaycanın gələcəyinə, müstəqilliyinə inanırdı. Bizə həmişə söyləyirdi: mən o günü görməyə bilərəm, ancaq siz görəcəksiniz.
Daha sonra şair Midhət Yılmaz, şair-jurnalist Yaşar Əliyev, tədqiqatçı jurnalist Tahir Aydınoğlu, tanınmış kolleksioner Şahid Həbibullayev, şair Oqtay Rza və digər natiqlər yeni kitabla bağlı fikirlərini bölüşdülər. Bu cür müştərək mədəni layihələrin hər iki xalq arasında ədəbi əlaqələrin daha da güclənməsinə, bir-birlərinin çağdaş poeziyaları ilə tanış olmasına xidmət etdiyi qeyd edildi.
"Ozan" nəşriyyatında nəfis tərtibatda işıq üzü görmüş kitabda qırxa yaxın Elazığ şairinin şeirləri yer alıb. "Elazığ çələngi" şeirlər toplusunun tərtibçiləri Şener Bulud və Asif Rüstəmlidir. Kitabdakı şeirləri Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə Asif Rüstəmli çevirib. Kitab "Manas" və "Ozan" nəşriyyatlarının birgə layihəsi olaraq işıq üzü görüb. Kitabda yer alan şeirlər arasında Azərbaycana, Qarabağa, Almas İldırıma, Bəxtiyar Vahabzadəyə, türk tarixinin qəhrəmanlıq dolu dövrlərinə həsr edilmiş şeirlər də var.
Sonda Elazığ şəhər rəhbərliyi adından Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin dərinləşməsində xidmətlərinə, kitabın ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Azərbaycanlı ziyalılara hədiyyələr və təşəkkür diplomları təqdim etdi.
{nl}
Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.