"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinın Azərbaycanlı İcması" İctimai Birliyi və Azərbaycan Bəstəkarlar İttifaqının Şuşa təşkilatı Üzeyir Hacıbəylinin doğum gününü qeyd etmişlər

Sentyabrın 16-da "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi və Azərbaycan Bəstəkarlar İttifaqının Şuşa təşkilatı Bakı Musiqi Akademiyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr edilmiş tədbir-konsert keçirmişlər.
Tədbir iştirakçıları əvvəlcə Üzeyir Hacıbəylinin akademiyanın qarşısındakı abidəsi önünə əklil qoymuşlar.
İctimai Birliyin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirmişdir ki, Üzeyir Hacıbəyli Azərbaycan xalqının iftixarıdır. Onun yaradıcılıq irsi olduqca geniş və zəngindir. Üzeyir Hacıbəyli təkcə Azərbaycan professional musiqisinin banisi kimi deyil, həm də böyük alim, maarifçi, dramaturq, publisist, pedaqoq, ictimai xadim kimi tariximizdə görkəmli yer tutur. Azərbaycan musiqi sənətində elə bir sahə yoxdur ki, orada Üzeyir bəyin izi olmasın. Azərbaycan xalqının zəngin musiqi xəzinəsinə 22 yaşında "Leyli və Məcnun" operası kimi nadir incini bəxş edən bəstəkar bununla təkcə ölkəmizdə deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur. Üzeyir Hacıbəyli "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları ilə Şərqdə musiqili teatrın banisi kimi tanınmışdır. Üzeyir yaradıcılığının zirvəsi, şah əsəri olan "Koroğlu" operası Azərbaycan musiqi sənəti tarixində yeni bir səhifə açmışdır. Üzeyir Hacıbəyli Azərbaycanda musiqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətimizin inkişafına rəhbərlik etmişdir. Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırmışlar.
Bayram Səfərov xatırlatmışdır ki, bu gün Ü.Hacıbəylinin vətəni Şuşa erməni tapdağı altındadır. Həyatımızın hər sahəsinə zərbə vuran erməni işğalçıları mədəni abidələrimizi də məhv etməkdən çəkinməmişlər. Güllələnmiş heykəllər içərisində Ü.Hacıbəylinin büstü də vardır. Büst dağıla bilər, ancaq Yer üzündə insanlar yaşadıqca böyük sənətkarların irsi əbədi qalacaqdır.
B.Səfərov vurğulamışdır ki, müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar dövlətimizin başçısının müvafiq sərəncamına uyğun olaraq bütün xalqımız, o cümlədən, şuşalılar bu tədbiri musiqi bayramı kimi qeyd edir. Arzu edirəm ki, belə musiqi bayramını tezliklə Şuşada keçirək.
Sonra akademiyanın akt zalında bədii rəhbəri Nizami Zeynalov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov olan "Con Tempo" Solistlər Ansambılının ifasında Ü.Hacıbəylinın və gənc bəstəkarların əsərləri səsləndirilmişdir. Prezident təqaüdçüsü, Əməkdar artist Anar Şuşalının və digər incəsənət ustalarının çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında