Bakı ikinci dəfə beynəlxalq aşıq festivalına ev sahibliyi edir

 Dünyanı dərk edib özümüz tanıyandan ruhumuza hakim kəsilən səslərin, sözlərin, avazların sırasında aşıq sənətinin öz payı, öz yeri olub. Bizi bizə tanıdan, yurd sevgisini, Vətən məhəbbətini ana südü kimi varlığımıza hopduran bu bənzərsiz sənət möcüzəsi bu gün də öz ali məramına xidmət etməkdədir. Əgər belə olmasaydı, dünyanın müxtəlif ölkələrində saza-sözə könül verib, ömrünü bu sənətə bağlayan bu qədər qonaq beynəlxalq aşıq festivalında iştirak etmək üçün Azərbaycan paytaxtına üz tutmazdı. Deməli hələ də bu sənət öz köhnə ənənəsinə sadiq qalaraq, ruhlara hakim kəsilməkdə, qəlbləri ovsunlamaqdadır...

Noyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə İkinci Beynəlxalq Aşıq Festivalının təntənəli açılış mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev festivalın əhəmiyyətindən danışıb.

Bildirilib ki, Azərbaycanda ikinci dəfə təşkil edilmiş bu beynəlxalq festivala Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Dağıstandan sənətkarlar qatılıb.

Aşıq sənətinin həm Azərbaycan xalq ədəbiyyatının, həm də, ümumiyyətlə, mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biri olduğunu deyən Vaqif Əliyev vurğulayıb ki, bu sahəyə həmişə dövlət qayğısı olub, aşıqlarımız fəxri adlara layiq görülüb, onların konsertləri üçün hərtərəfli şərait yaradılıb. Ulu öndərimiz Heydər Əliyevin xalq yaradıcılığına bəslədiyi həssas münasibətə sadiq qalaraq aşıq sənətinin inkişafı, dünyada tanıdılması üçün əlimizdən gələni edirik. Bu gün aşıq sənətinin inkişafı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyləri sayəsində yeni mərhələyə qədəm qoyub. Muğam sənətindən sonra aşıq sənətinin də UNESCO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilməsi bunun əyani ifadəsidir.

Vaqif Əliyev deyib: “Ulu ozan Dədə Qorqudun xeyir-duaları ilə əsrlərdən bəri yol gələn aşıq sənəti ustad el şairlərinin yetişməsinə, püxtələşməsinə təkan verib. Onların qoşma, gəraylı və bayatıları dillər əzbəridir. Aşıq Qurbaninin, Tufarqanlı Abbasın, Sarı Aşığın, Xəstə Qasımın, Molla Cümənin, Aşıq Ələsgərin, Hüseyn Bozalqanlının, Mikayıl Azaflının, Aşıq Alının, Aşıq Şəmşirin adına bağlı şeirlər, dastanlar bu gün gözəl sənət nümunələridir. Biz belə bir sərvətə soyuq yanaşa bilmərik. Bu sərvət zaman-zaman Azərbaycanın yazılı ədəbiyyatına, çağdaş bəstəkarlığa, xoreoqrafiyaya güclü təsir göstərib, bu gün də təsir göstərməkdədir”.

Diqqətə çatdırılıb ki, festivalın iştirakçıları Azərbaycanın bir çox bölgələrində maraqlı konsert proqramları ilə çıxış edəcəklər.

Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq Şairi Zəlimxan Yaqub bildirib ki, Prezident İlham Əliyevin dəstəyi ilə reallığa çevrilən bu festival milli aşıq sənətimizin beynəlxalq aləmdə tanıdılması və təbliği, mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsi üçün böyük imkanlar yaradacaqdır.

Birliyin sədri deyib ki, xalqımızın bu ölməz sənətinin haqlı olaraq dünya mədəniyyət inciləri sırasında özünə layiq yer tutması qarşımızda yeni üfüqlər açmaqla yanaşı, məsuliyyət hissimizi də artırmışdır. Azərbaycanın ev sahibliyi ilə keçirilən bu festival bütün türk dünyasını əhatə edir.

Gecədə iştirakçı ölkələrin sənətkarları geniş konsert proqramı ilə çıxış ediblər.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında