Qəbələ İkinci Beynəlxalq musiqi festivalı yaddaşlarda silinməz izlər buraxmışdır

Sentyabrın 6-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevənlər Klubu üzvlərinin Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş Qəbələ İkinci Beynəlxalq musiqi festivalının iştirakçıları ilə görüşü olmuşdur.
Niyazinin mənzil-muzeyində keçirilən görüşdə festivalın iştirakçısı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, pianoçu, xalq artisti, beynəlxalq müsabiqələr laureatı Fərhad Bədəlbəyli bildirmişdir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 12 gün davam edən Qəbələ İkinci Beynəlxalq musiqi festivalında klassik musiqi həvəskarları ABŞ, Rusiya, İngiltərə, Fransa və İtaliyadan gəlmiş istedadlı musiqiçiləri, o cümlədən Yuri Başmet, Boris Berezovski kimi korifeyləri, festivalın fəxri qonağı olan Böyük Britaniyanın London Kral Filarmonik Orkestrinin ifasında ölməz əsərləri dinləmək imkanı qazanmışlar.
F.Bədəlbəyli festivalın paytaxt Bakıda deyil, əyalət şəhəri olan Qəbələdə keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirmişdir. Bildirmişdir ki, bu şəhərin çox qədim tarixi vardır. Bu diyar uzun müddət Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qəbələ nadir təbiəti, mənzərəli dağları, mehriban insanları ilə məşhurdur. Təsadüfi deyildir ki, Qəbələni "kiçik İsveçrə" adlandırırlar. Musiqiçilər və festivalın qonaqları burada İsveçrədə keçirilən Verbye festivalını yada salırlar. Yuri Başmet isə demişdir ki, "bura Verbyedən də yaxşıdır".
Musiqi bayramında sənətçilər klassik musiqi həvəskarlarına Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini təqdim etmişlər. Festivala təkcə klassik musiqi həvəskarları deyil, həm də Motsartın, Çaykovskinin, Şubertin, Bramsın, Hacıbəylinin ilahi musiqisini simfonik orkestrin ifasında canlı olaraq ilk dəfə dinləyən Qəbələ sakinləri də gəlmişlər. Çox sevindirici haldır ki, bu il festivala insanlar tam könüllü olaraq gəlirdilər. Açıq havada bir-birindən gözəl ifaları eşidən musiqisevərlər son ana qədər bu musiqiləri dinləyirdilər.
F.Bədəlbəyli demişdir ki, festivalın yüksək səviyyədə keçirilməsində Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir. İnanırıq ki, bu ənənə bundan sonra da uğurla davam etdiriləcəkdir. Bu il festival ötənilkindən qüdrətli keçmiş, gələn il isə bu ildəkindən daha genişmiqyaslı və parlaq olacaqdır.
Tədbirdə respublikanın əməkdar artistləri - beynəlxalq müsabiqələr laureatları Yeganə Axundova, Murad Hüseynov, pianoçu Səidə Tağızadə, violonçelist Aleksey Miltıx, Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, əməkdar artist, beynəlxalq müsabiqələr laureatları Gülnaz İsmayılova, Səbinə Əsədova, Fəridə Məmmədova və başqaları Qəbələ musiqi bayramı ilə bağlı təəssüratlarını bölüşmüş, musiqilər ifa etmişlər.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında