DÜNYA NƏDƏN TƏRS DOLANMIR?
{nl}
Bakıya qar gəlmişdi.
Yeni ilin ilk günləri idi.
Gecədən başlayan qar şəhərin küçələrini ağappaq yorğana bürümüşdü, evlərin damlarına bəyaz papaqlar qoymuşdu.
Səhər çağı da qar sakit-sakit yağmağında davam edirdi.
Və 1993-cü ilin yenicə başladığı o yanvar sabahında radioda Hacıbaba Hüseynov oxuyurdu:
{nl}
Gördüm yarın əllərini
Gecə yağmış qar kimi.
Sən haralarda, durnam?
Mən buralarda durmam...
{nl}
İllərdən bəri məftunu olduğu xanəndə Hacıbabanı şair Qabil, sanki, o aydın qış səhərində özü üçün bütün məziyyətləriylə ilk dəfə kəşf edirdi və haçandan bəri ürəyini dolduran sevgini belə ifadə edirdi:
{nl}
Zülfülərin,
Seyidlərin,
Xanların -
Dillərdə dastanların
Bəlkə də son yarpağı...
Son baharısan, Hacı!
{nl}
Qabil Hacıbaba Hüseynovun sözlə dəqiq şəklini çəkirdi (bilmirəm, Hacıbaba ustadın o qədər cazibədar, koloritli siması niyə rəssamlarımızı cəlb etmədi?):
{nl}
Sifətində kişilik,
Səsində məlahət,
Görkəmində siqlət,
Ləyaqət,
İfasında, dilində
Füzulinin kəlamı,
Seyid Əzim qəzəli
Bütün dəm-dəsgahıyla
Bir təhrifsiz əmanət
Hacı!
Arabir təsnif üstündə
Təbəssümü qiyamət...
{nl}
(Soyuq gündə yazdığı həmin isti şeiri Qabil elə isti-isti də bir neçə gün sonra qəzetdə dərc etdirdi).
Sifətindən kişilik yağan Hacıbabanın oxusuna əlavə şuxluq qatan təbəssümünə Qabil heyranlıqla "qiyamət" deyirdi, hansı nakişilərsə Hacıbabanın oxusu bir yana, mimikalarına da mız qoyurdu.
Bütün olanlar artıq keçmişdə qalıb.
Hacıbaba ustad tarixdə sayğılı yerini tutub, onun kölgəsini qılınclayanları kimsə xatırlamır, yada düşəndə də ikrahla anılırlar.
Amma burasını da düşünürəm ki, Hacıbaba Hüseynova efirdə, səhnələrdə, mətbuat səhifələrində özünüifadəsi üçün əlverişli imkanlar cavan vaxtlarında yaransaydı, gör onun verdiyi faydalar, bizə həmişəlik zövqlər bağışlayacaq səs yadigarları nə qədər çox olardı.
Bu, həmin nacinslərin bütövlükdə mədəniyyətimizə vurduğu ziyan, millətimizə etdiyi pislikdir.
Keçmişdəki, indiki və gələcəkdəki bu qəbil xəbis, istedadlara qənim kəsilən çürük ünsürlərin bəd əməllərinə hakimlik etmək fikrindən uzağam.
EEl şənliklərindən daha birisi sona çatıbmış.
Gün boyu çalıb-çağırmış yorğun musiqiçilər üçün süfrə açılıbmış.
Hacıbaba ustad, ətrafında da cavan çalğıçılar, səs qurğularını idarə eləyən işçilər, məclis sahiblərindən bir neçə nəfər.
Cavanlar ağsaqqal sənətkardan üzrxahlıq edirlər: "Hacı, bağışla, sən Allah, icazə versəydin, içərdik".
Ustad qımışır: "İşinizdə olun, onsuz da hərə öz qəbrində yatacaq".
Söz yox, hər kəs öz günahlarına görə Allah, tarix və vicdan qarşısında özü cavabdehdir, amma hamının olan dəyərləri qoruma üçün hamımıza aid olan ortaq bir məsuliyyət də var.
Hacıbaba Hüseynov xalqa məxsus bir sərvət idi.
Hacıbaba Hüseynov nail olduqlarına çatanacan çox nadanlarla üzləşmişdi və onun bu misraları qüssə doğurur:
{nl}
Can yetdi ləbə, ləb ləb-i cananə yetincə,
Tutihəvəs oldum şəkəristanə yetincə.
Hal əhli bilir halını hal əhlinin, ey dil,
Gizlət qəm-i pünhanivü nadanə yetincə.
{nl}
1995-ci ildə "Gənclik" nəşriyyatında 16 min sayda buraxılması düşünülən və artıq bütün tirajı çap edilərək siqnal nüsxələri yayılmış "Musiqişünasın düşüncələri" adlı kitabda Firidun Həsənov ("Şuşinski") hamının etiraf etdiyi Hacıbaba Hüseynovu bir sənətkar kimi danır, hər vəchlə gözdən salmağa cəhd edirdi (XX yüzildə yaşayıb-yaratmış əksər ən qiymətli sənətkarlarımıza, bütövlükdə musiqi mədəniyyətimizə qarşı ən alçaldıcı ifadələrlə dolu olan həmin kitab son olaraq işıq üzü görmədisə, bu, unudulmaz Heydər Əliyevin xidmətidir. Çünki müəllif, guya, xalq musiqisini təbliğ etdiyi iddiası ilə bir sıra yüksək səlahiyyətli və nüfuzlu şəxsləri aldadaraq həmin zərərli kitabı müdafiəyə səfərbər etmişdi. İki nazir o kitabın sponsoru idi. Yalnız kitabın məzmunu ilə tanış olduqdan sonra unudulmaz Heydər Əliyevin qətiyyəti o müdafiəçiləri kənara çəkilməyə vadar etdi və onlarla musiqiçinin iddia ərizəsi məhkəmə tərəfindən araşdırılaraq müsbət cavablandırıldı, ziyankar nəşrin nüsxələri məhkəmə qərarı ilə ləğv edildi, müəllif saysız təhqir və böhtanlara görə cəzalandırıldı).
Həmin "Musiqişünasın düşüncələri" "kitab"ında müəllif musiqinin elmi əsaslarından bixəbər olduğu halda ustad xanəndə Hacıbaba Hüseynova belə "dərs verirdi": "Səsinə güc verməklə, alt çənəni oynatmaqla, ekranda çığırıb-bağırmaqla muğam oxumaq olmaz. Bütün bu şərtləri gözləməyən Hacıbaba Hüseynov bəzən muğamlarda şöbələrin xronoloji ardıcıllığına ("tənqidçi"nin kəmsavadlığı musiqi nəzəriyyəsinə dəxli olmayan bu ifadədən aşkarca görünməkdədir - R.H.) xələl gətirir.
..."Segah" oxuyan xanəndənin səsi son dərəcə incə və yağlı olmalı, tembr orijinallığı, xoş və rəvanlığı ilə seçilməlidir. Bunlardan əlavə, səsi həyatilik, emosiya, təsir və texniki cəhətlərlə zəngin olan xanəndə əsl guşəxan kimi incə xallar, duzlu nəfəslər vurmağı və "şirin xırdalıqlar" etməyi bacarmalıdır. Lakin bu keyfiyyətlərin heç biri Hacıbabanın səsində yoxdur (Diqqət edin, o cəhətləri irnkar edir ki, onların hamısı Hacıbaba ustadda ən yüksək səviyyədə idi. Bu da qarayaxalara, böhtançılara xas işlək fəndlərdəndir ki, qırmızı-qırmızı ağa qara de, hədəfin qalsın yana-yana - R.H.).
Eİfaçılıq sənətində xanəndənin səhnə davranışı və ədası ümdə şərtdir. Xanəndənin birinci növbədə səhnə mədəniyyəti olmalıdır. Bəzi ifaçılar kimi, Hacıbaba Hüseynovda da səhnə mədəniyyəti yoxdur. O, ekranda görünəndə özünü dartır, şit və dingiş hərəkətlərə yol verir, bəzən də tarzənə qaş-göz ataraq özü-özündən razı olan ədabazlar kimi aparır. Bütün bunlar tamaşaçıların acı gülüşlərinə səbəb olur. Tamaşaçı onun dingiş hərəkətlərinə, bir sözlə, təvazökarsızlığına gülür.
Çox gülməli haldır ki, o nəinki televiziya ekranında, bizim muğamların başına oyun açır, hətta "musiqişünaslıq" edir.
EHacıbaba xənəndə deyil, mərsiyəxandır. Nə zənguləsi var, nə guşəxanlığı. Özü də onun oxumağından sidr-kafir iyi gəlir. O oxuyanda adama elə gəlir ki, kimsə ölüb, aparırlar basdırmağa. Hələ bu harasıdır. Səsi olmadığına görə o qədər boğazına güc verir ki, az qalır gözləri çıxsın kəlləsinə. Özü də zənguləsi olmadığına görə havanı salır çənəsinə, elə bil Qala qoyunu gövşəyir.
Belə qondarma, özü də zor ilə xanəndə olmaq istəyənlər gör bizim gül kimi muğamlarımızı nə günə qoyurlar. Bunların qabağını almaq lazımdır".
Nəşr edilən kitabın mətni 2 il əvvəldən hazır idi.
Qarşısını almaq üçün tədbirlər görməyə çağırış edildiyi, haqqında o cür qərəzli sayıqlamaların qələmə alındığı o anlarda isə Hacıbaba Hüseynov 74 yaşında idi və Azərbaycanın xalq artisti idi, ömrünün son aylarını yaşayırdı.
Ömrün bitəcəyində, adı dillərdə əzbər olduğu, ümumxalq sevgisi qazandığı çağlarda belə haqsız, qəddar hücumlara məruz qalırdısa, görün şöhrətlərə gəlib çatanacan keçdiyi yolda belə rəzalətlərlə nə qədər üzləşmişdi?
***
Azərbaycan radiosunun zəngin səs xəzinəsi var.
Yalnız müğənnilərimizin, aktyorlarımızın ifaları deyil, yüzlərlə qiymətli azərbaycanlının canlı söhbətləri də orada qorunur və bunların hər biri illər ötdükcə dəyəri artan incilərdir.
Adətən, sənətçilər maraqlı olurlar ki, onların lentləri efirə tez-tez verilsin.
İndi televiziyalar, radiolar çoxdur.
Sovet dönəmindəsə bircə teleradio vardı və efir sənətkarın xalqla təmasının, tanınmasının, məşhurlaşmasının əsas vasitəsi idi.
O dövrdə Hacıbaba Hüseynov yeganə ifaçı idi ki, radioda, onsuz da, az olan lentlərinin bir neçəsinin efirə getməsinə özü yasaq qoymuşdu.
Həmin musiqi nömrələrinə aid vərəqçələrin üstündə elə belə də yazılmışdı: "İfaçının xahişi ilə efirə verilmir".
Lakin mən xanəndənin istəyinə rəğmən o musiqilərdən birini götürüb radioda səsləndirdim.
"Axşam görüşləri" verilişində bir rubrikam vardı: "Yanlış da bir naxışdır".
Hacıbabanın oxusunu həmin guşədə səsləndirərək dinləyicilərdən soruşdum ki, sizcə, bu ifada yanlış olan nədir? Niyə xanəndə onun efirə verilməsini istəmir?
Müxtəlif cavablar gəldi, əksəriyyət yazmışdı ki, bizi çaşdırmaqçün ifaçının Hacıbaba Hüseynov olduğu elan edildi, əslində isə oxuyan Tələt Qasımov idi.
Səslərində yüngülvari bənzəyiş olsa da, əlbəttə, Tələtlə Hacıbabanı yalnız naşılar qarışdıra bilərdi, çünki bunlar bir-birindən kəskin fərqli ayrı-ayrı səviyyələr deməkdir.
Başqa cavablar da vardı, ancaq həqiqəti aça bilən yox idi.
Növbəti verilişə Hacıbaba Hüseynovun özünü çağırdım.
Söylədi ki, həmin lentlər 1958-ci ildə yaranıb.
Cahangir Cahangirov onu çağırır studiyaya, "Zabul", "Rast", "Şur" oxudur.
Tarı Əhsən, kamançanı isə Fərhad Dadaşovlar çalırlar.
"O vaxt radioda bir səs rejissoru vardı - Sergey Nazarov. Çalıb-oxuyurduq, elə zənn eləyirdim bunlar hələ məşqdir, çünki radioda lent yazdırmaq təcrübəm-filanım yox idi.
Bir də gördüm studiyanın qalın, ağır qapısı açıldı, həmin Nazarov girdi içəri ki, bəs, sağ olun, qurtardıq.
Məəttəl qaldım. Dedim, bəyəm başlamışdıq ki, qurtaraq? Axı mən onları elə-belə oxudum. Bilsəydim yazılır, özümü yığışdırardım. Gəlin təzədən yazaq.
Dedilər ki, yox, ona vaxt yoxdur, bu saata artıq başqa yazılış təyin edilib, indicə gələcəklər.
Daha cınqırımı çıxarmadım. Nə qədər ki başqa lentlərim yox idi, onların radioda səslənməsinə çarəsizlikdən dözürdüm. Sonra təzə lentlərim yarandı, bir çox nöqsanları olan köhnə ifalarımın səsləndirilməməsini xahiş etdim. Birdəfəlik pozmadılar ki, fonda düşüb, bu da bir xatirədir, qoy qalsın.
Həmin təcrübəsiz vaxtlarımın lentlərini radioda dinləyəndə başı çıxanların irad tutması bir yana, ən əvvəl özüm xəcalət çəkirdim".
Hacıbaba ustadın xəcalət çəkdiyi elə peşəkar xırdalıqlardı ki, onları mində bir dinləyici tuta-tutmaya.
Utanırdı ki, tutalım, Füzulinin qəzəlini oxuyanda: "Olmamışdı tirə əyyamım şəb-i hicran" misrasında "tirə" yerinə "tirrə" deyib.
Və belə-belə digər kiçicik qələtlər.
Elə səhvlər ki, o dövrdə ən məşhur oxuyanların hamısının ifasında klassiklərin şeiri bundan onqat artıq yanlışlara düçar olurdu.
Hamısının lentləri qalıb, bu gün də onların hamısını elə həmin xətalarla bəh-bəhlə dinləyirik.
{nl}
Hacıbabasa özünün bircə xətasını da qəbul edə bilmirdi.
Başqa səhvi olanlara da rişxənd edirdi: "Evin yıxılmasın! Gör Füzulini necə bərbad edir:
"Ah ü fəryadın, Füzuli, yandırıfdır aləmi".
Yazıq Füzuli bu "yandırıfdır"ı eşitsəydi, şeirindən imtina edərdi".
Hacıbaba ustadın birinci amansız tənqidçisi özü idi.
Amma başlıca xoşbəxtliyi onda idi ki, tənqidinə inandığı, elminə, iradının dürüstlüyünə etibar etdiyi bilicilər vardı ətrafında.
"Küçədə getdiyim yerdə bir də görürdüm uzaqdan Mirzə Cavadın səsi gəlir:
- Ağa Mirzə Kəblə Hacıbaba bəy!
Belə çağıran kimi özümü yığışdırırdım ki, aha, nəsə "quş" buraxmışam.
- O Füzuli cənabları necə buyurub deyirsən?
Dəhənin deyir nə təhər oldu?
Radioda oxumuşdum ki:
{nl}
Bülbüli qəmzədəyəm, baği baharım sənsən,
Dəhəni qəddi rüxün qönçəvi sərvi səmənim.
{nl}
"O cür olmaz, Hacıbaba.
{nl}
Bülbül-i qəmzədəyəm, bağ ü baharım sənsən,
Dəhən ü qədd ü rüxün, qönçə vü sərv ü səmənim.
{nl}
Burada böyük şair ustalığı var. Nöqsanlı oxunla o sənətkarlığı heçə endirirsən.
Şair deyir ki, dərdə mübtəla bir bülbüləm ki, bağım da, baharım da sənsən.
İkinci misrada bir tərəfdə bənzədilənləri, bir tərəfdə bənzənənləri düzüb.
Bir tərəfdə dəhən - ağız, qədd - boy-buxun, rüx - çöhrə; digər tərəfdə qönçə, sərv, səmən.
Dəhəni qönçəyə, qəddi sərvə, yarın üzünü səmən çiçəyinə qarşılıq qoyur".
Yaxud, bir başqa dəfə yenə görürdün Mirzə Cavad kinayə ilə dilləndi:
- Hacıbaba, badə deyirdin qəmi neynir?
O saat anlayırdım daşı hansı bostana atır. Füzulinin:
{nl}
Dil ki sərmənzili ol zülf-i pərişan olmuş,
Nola cürmi ki, asılmasına fərman olmuş, -
{nl}
mətləli qəzəlindəki bu beyti nəzərdə tuturdu:
{nl}
Dedilər, qəm gətirər badə, çox içdim sənsiz,
Qəm-i hicranə müfid olmadı ol qan olmuş.
{nl}
Təəccüblənərdim: "Mirzə, burada nə səhvim var ki? Kitabda necə yazılıb, o təhər oxuyuram".
- Necə yəni nə səhvim var? Necə yəni kitabda o təhər yazılıb? Məgər hər kitabda yazılan doğrudur? Görmürsən sənin oxuduğun misralarda məntiq itir?
Bir tərəfdən deyirsən ki, badə qəm gətirər, digər tərəfdən də onu içirsən ki, qəmini aparsın. Burada nə məntiq var?
Əslində, "gətirər" yox, "gedirər" olmalıdır, yəni, aparar.
Füzuli məhz belə beyib. O cür olanda məntiq gəlib oturur yerində:
{nl}
Dedilər: "Qəm gedirər badə", çox içdim sənsiz...
***
EO gəmilər, o qayıqlar, o gəmilərdən, o qayıqlardan pərvazlanmış nəğmələr çoxdan keçmişin dumanlarına əriyib itmişdi.
Amma Hacıbaba ustadın gözlərində həmin qeyb olmuş qayıqlar yenə Xəzər sularındaydı.
Atası Hüseynəli babat qarmon çalardı, hərdən zümzümə də edərdi.
O çağlar - Hacıbabanın uşaqlıq illərində 1920-ci illərin əvvəllərində yay axşamlarında Sahil bağında axşamüstü dənizə çıxan, hərəsinin öz qarmonçusu, dəfçisi, xanəndəsi olan yaraşıqlı qayıqlardan ikisi onlarınkıymış.
Biri əmisinin, biri atasının.
Atası ilə, əmisi uşaqlarıyla həmin qayıqlarda dəniz seyrinə çıxarkən zehninə hopub qalmış şərqiləri Hacıbaba o günlərdən 50-60 il sovuşandan sonra xatirələrin qərib dünyasından çəkib bugünə gətirir, onlara yeni libas biçirdi.
Uşaq vaxtı atası onu məscidə, təziyə mərasimlərinə aparardı.
Maqnitofon kimi mötəbər hafizəsində orada eşitdiyi qəmgin oxumaların çoxu həkk olub qalmışdı.
Bir dəfə çox iltimasdan sonra ustadı vadar edə bildim ki, bildiyi köhnə mərsiyələrdən, növhələrdən, sinəzənlərdən bir neçəsini oxusun.
And içdirdi ki, tək özün qulaq as, kimsəyə eşitdirmə.
Narahatlığı boşuna deyildi. Sovet dövrüydü və heç kim təsəvvür etməzdi ki, 10 il sonra bu quruluş tar-mar olacaq.
"Onsuz da düşmənlərim az deyil, əllərinə girəvə düşər, bunları dəstavuz eləyib donquldanarlar ki, mollalığa girişib".
Hələ 1980-ci illər təzəcə başlanırdı.
"Üzeyir bəyin "Leyli-Məcnun"da istifadə elədiyi bir çox musiqilər elə köküylə dini musiqilərdir. O da zamanında məscidlərə gedib belə havacatı dinləməyi xoşlarmış.
{nl}
Ah eylədiyim sərv-i xuramanın üçündür,
Qan ağladığım qönçe-yi xəndanın üçündür.
{nl}
Üzeyir bəyin sözləri dəyişərək operada istifadə etdiyi bu musiqi, əslində, İmam Hüseynin ikinci oğlu Əli Əkbərə həsr olunmuş növhə idi, belə oxunurdu:
{nl}
Aləm niyə bəs olmadı viran, Əli Əkbər,
Ol gün ki səni saldılar atdan, Əli Əkbər.
{nl}
Mənsə bu səhnəni şəbehdə gözümlə görmüşdüm, bu yanıqlı oxuları, hamı kimi, göz yaşı içərisində dinləyə-dinləyə sinə vurmuşdum:
{nl}
Atəş-i ətəş soldurur məni,
Gör nə ləblərim qönçəvəş, əmu.
Dur tədarük et, bircə cürə su,
Əl ətəş, əmu, yandım atəşdən
Əl ətəş, əmu...
{nl}
Bunu mən Ağabala Ağasayıd oğlundan muğamatın yollarını öyrənmiş, mollalıq etsə də, elə bir xanəndə qədər biliyi, həm də yapışıqlı səsi olan Molla Abdulladan eşitmişdim. Molla Abdulla məşhur rəqqas Əlibaba Abdullayevin atası idi.
Həmin gözəl musiqi beynimdə ilişib qalmışdı, elə sözləri də.
Musiqini götürdüm, sözləri dəyişdim:
{nl}
Yar, belin incə, ləblərin qönçə,
Aşiq-i zarın sevdası sənsən.
Bir göyərçinsən, teli çin-çinsən,
Güllü gülzarın şeydası sənsən.
{nl}
Görəndən bəri səni, ey pəri,
Məftunu olmuş divanə könlüm.
Sən hər gələndə, nazla güləndə,
Həsrətlə çıxır seyranə könlüm.
{nl}
Şəhladır gözün, şirindir sözün,
Əqlimi aldı o lalə üzün.
Gəldi nazlı yar, getdi intizar,
Cavan ömrümün baharı sənsən.
{nl}
Bu sözlərlə birləşəndən sonra musiqi də, sanki, bir az canlandı.
Mərmər mərmərdir. Onu yonub qənirsiz bir gözəlin heykəlini də düzəltmək olar, lay-lay kəsərək sadəcə yerə döşəmək də. Asılıdır adamından".
Hacıbaba ustad mərmər kimi parlaq sözləri və oxuları ayaq altına atmağa deyil, onları ucalara qaldıraraq insanları həmin nemətlərə aşağıdan yuxarı baxmağa sövq etməkçün səfərbər olan bir sənət fədaisi idi.
***
1989-cu il mart ayının 17-də Müslüm Maqomayev adına Filarmoniyada Hacıbaba Hüseynovun 70 illiyini keçirdik.
Gecəni mən aparırdım.
Böyük xanəndə o gün ilk dəfə idi ki, filarmoniya səhnəsinə çıxırdı.
Amma elə sərbəst idi ki, sanki, ömrü bu səhnədə keçib.
Bu, fitrətindəki güclü aktyorluq istedadından gəlirdi.
Tədbir başlananacan ürək bulandıran, qanımızı qaraldan hadisələr də baş vermişdi.
Kimlərsə şəhərin bir sıra yerlərində bu gecəyə dəvət edən afişaları cırıb qoparmışdı.
O axşamacan filarmoniya səhnəsində bir çox yaradıcılıq gecələri keçirilmişdi.
Amma Hacıbabanın 70 illiyi onların heç birinə bənzəmədi, hamısını üstələdi, mayın 7-də tədbirin lent yazısı televiziya ilə nümayiş etdiriləndən sonra Azərbaycan boyu o gecədən danışmağa başladılar.
Təsəvvür edin, üstündən 20 il keçir, yenə o gecənin təəssüratı soyumur, Hacıbaba axşamının lent yazıları disklər, kasetlər şəklində kütləvi şəkildə buraxılır, ev-ev gəzir, həvəslə baxılır.
Həmin füsunkar axşamda Şövkət Ələkbərova, Sara Qədimova, Süleyman Ələsgərov, Əlibaba Məmmədov, Hacıbaba ustadın tələbələri Ağaxan Abdullayev, Alim Qasımov səhnəyə çıxdılar, ürək sözlərini dedilər, oxudular...
Qəzəlxan şair Mail Əliyev (o vaxt hələ Hacı deyildi) gecəyə sovqatla gəlmişdi:
{nl}
Əsrimiz ömrümüzə gör nə verib sürət, Hacı,
Yetmiş il keçdi ömürdən sanasan müddət, Hacı.
Otuz ildən çox olar, bəlkə də, ünsiyyətimiz,
Dost kimi eyləmişik bir-birinə hörmət, Hacı.
Ləhn-i Davuda bərabər səsinin vurğunuyam,
Nə ki mən, bəlkə, bu qədrbilən millət, Hacı.
Nə hədiyyə gətirim mən sənə, çox fikr etdim,
Şeiri gördüm hamıdan məclisə pürqiymət, Hacı.
Əvvələn şeir xiridarısan, həm şairsən,
Sən özün sonra verərsən buna bir qiymət, Hacı.
Yetmiş ilçün sənə çox şeir yazanlar olacaq,
İstədim mən də qoyam boynuva bir minnət, Hacı.
Əlli ildən çox olar xidmət edirsən vətənə,
Zəhmətin həm gətiribdir sənə çox şöhrət, Hacı.
Sənətin yolları olmubdu hamar heç bir vaxt,
Bilirik çəkmisən, əlbəttə ki, çox möhnət, Hacı.
Acılıqlar çıxır indi bədənindən bir-bir,
Getməmişdir havayı hər çəkilən zəhmət, Hacı.
{nl}
Düz deyir, acılıqlar başlayırdı bir-bir bədənindən çıxmağa.
Bu 70 illik bayramından sonra onillərcə intizarında olduğu bir çox diləklərinə çatacaq, Allah qısa bir vaxt kəsiyində uzun illərə sığacaq qədər fərəhi Hacıbabaya qismət edəcək.
Acılar bir-bir çıxırdı bədənindən.
Amma nicatsız, həyatını əlindən alacaq məşum xəstəlik də biraddım-biraddım bütün acılarıyla girirdi onun bədəninə...
***
Hacıbabanın şeirindəki misraların, beytlərin ardında əski şairlərin şeirlərində olan sayaq gizlin mənalar, xiridarların duyub dərk edəcəyi nazik mətləblərə işarələr vardı.
Sadə oxucuya bunları izah etmək ehtiyacı vardı və məclislərdə şeir oxuyanda, tələbələrinə dərs verəndə Hacıbaba ustad o şeirləri misra-misra, söz-söz xırdalayırdı və görürdün ki, əslində, bu şeirin həcmi sığışdığı misraların hüdudundan qat-qat genişdir.
{nl}
Eşq mülkündə nigarım özünü şah bilir,
Mən-i dərvişi də həm hüsnünə məddah bilir.
Etmişəm çah-i zənəxdanına gizlincə nəzər,
Nə bəlalar gələcək başıma, Allah bilir.
Dedim, eşq əhlinə, aşiqlərə bəs çarə nədir?
Dedilər: "Eşqin əlacın Əsədullah bilir".
Çeşm-i cadusu könül mürğünü əfsuna salıb,
Gahi bilmir özün ol vahimədən, gah bilir.
Pir-i meyxanə verər sağər-i səhbanı mənə,
Hansı mey sağəridür, zahid-i gümrah bilir.
Kimdir ol kəs ki, demiş: "Musiqi şeytan işidir"?
Hansı nakəsdi o kəs, qoy desin hərgah bilir.
Musiqi sövti çəkib, ruhu gətirmiş bədənə,
Deyilib Hacıya bu söz, onu, billah, bilir.
{nl}
Elə bircə bu son beytin dərinindəki anlama yetməkçün əsatirin söylədiyi bir əhvalatdan agah olmaq gərəkdir.
Hacı da bu sözü kitabdan-dəftərdən oxumamışdı, bu söz ona deyilmişdi.
Əli Fəhmidənmi, Əkrəm Cəfərdənmi, Vahiddənmi, Mirzə Cavaddanmı, ya bəlkə, daha gənc yaşlarında gördüyü, eşitdiyi hansısa axunddan, hikmət sahibi şeyxdən, kamil bir dərvişdən (məsələn, o cür köksü dolu, avazı şirin dərvişlərdən biri Mirzə Əliqulu idi ki, sonra onun özünün iki övladı müğənni oldu. Biri Töhfə Əliyeva, digəri "Sail" təxəllüsü ilə şeirlər də yazmış aktyor-xanəndə Məmmədəli Əliyev) mənimsəmişdi.
Əsatir söyləyir ki, Adəm Peyğəmbərin vücudu palçıqdan yapılandan sonra Ruha əmr edilir: "Varid ol bu bədənə!"
Ruh müqavimət göstərir, bədən qəfəsinə girmək istəmir.
Bu anda mələk Adəmin vücuduna daxil olaraq oradan bir musiqi səsləndirir.
Bu ecazkar sədalar Ruhu heyran qoyur, aldadaraq bədənin içərisinə daxil olmağa cəzb edir.
{nl}
(ardı var)
{nl}{nl}
Rafael HÜSEYNOV, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.