İctimai Televiziya 5 yaşına çatdı. Elektron media qurumu üçün bu, o qədər də böyük zaman kəsiyi deyil. Amma bu az müddətdə İctimai TV xalqın sevilən və qəbul edilən televiziyasına çevrilməyi bacardı. Bu uğurun qazanılmasında yüksək peşəkarlıq, təşkilatçılıq qabiliyyəti ilə yanaşı, yaradıcı kollektivin əməyi də az deyil. Yaradıcılıq mətbəxində hazırlanan məhsulların efirdə yerində, vaxtında, ardıcıllıqla yerləşdirilməsi isə bu telekanalda xüsusi önəm verilən məsələlərdəndir.
Müasir elektron media qurumları verilişlərin vaxtını, ardıcıllığını və davamlılığını müəyyənləşdirərkən reytinq amilini əsas götürürlər. Yəni, proqram siyasətini efir məhsullarının populyarlıq göstəricilərinə görə müəyyən edirlər. İndi əksər telekanallar bu prinsiplərlə işləyir və bu qayda həmin telekanalların kommersiya maraqlarına xidmət edir. Amma ictimai yayım təsisatı olaraq bu prinsiplər bizim üçün əsas deyil. Ona görə ki, cəmiyyətin sosial sifarişi var, tamaşaçının yüksək zövqünə söykənən tələbat var, milli adət-ənənələrimizin gözlənilməsi kimi olduqca mühüm öhdəliyimiz var. Bütün bunların fövqündə isə millət və dövlət maraqlarının daim uca tutulması var! İctimai Teleradionun missiyası və təməl prinsipləri məhz bunlardır. Əgər teatr asılqandan başlayırsa, televiziya da proqramdan başlayır. Bu, doğrudan da belədir. Reytinq və populyarlıqdan danışarkən maraqlı bir faktı demək istərdim. Hələ dörd il bundan əvvəl, bir yaşımızın tamamında ATƏT-in müstəqil monitorinq qrupu şirkətimizdə araşdırma aparmışdı. Müxtəlif sosial təbəqələrə mənsub tamaşaçılar arasında keçirilən sorğunun nəticəsindən bəlli olmuşdu ki, İctimai Televiziyada ən çox baxılan və bəyənilən uşaq verilişləridir. Fikrimizcə, efirə yenicə qədəm qoymuş bir telekanal üçün bu, yaxşı göstərici idi. Bu gün isə İctimai TV 7-dən 77-yə hər bir azərbaycanlının sevə-sevə baxdığı bir telekanaldır. Efirə davamlı olaraq 65 adda proqram yayımlayırıq. Bunların arasında operativliyinə və çevikliyinə görə "Carçı"nı, "Yekun"u, "Yeni Gün"ü qeyd etməklə yanaşı, geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmış "Qərib axşamlar"ın, "Bir mahnının tarixçəsi"nin, "Açıq dərs"in, "Ortaq məxrəc"in, "Yeni dalğa"nın, "Körpü"nün, "Muğam albomu"nun, "Virtual rinq" in, "Xəmsə"nin adlarını çəkməyə bilmərəm. Bizə tamaşaçı rəğbəti qazandıran cəmiyyətin bütün sosial təbəqələrinin maraqlarına cavab verən informativ, analitik, musiqili-əyləncəli, xüsusilə də maarifləndirici verilişlərimizin çeşidi və səviyyəsidir. Ötən beş ildə ən böyük qazancımız tamaşaçılarımızın efirimizə olan diqqətidir.
İctimai Teleradio sutkanın 24 saatını işləyir. Verilişlərimiz "Türksat" və "Hordbut" peykləri vasitəsilə dünyanın əksər ölkələrinə yayımlanır. Eyni zamanda, www.itv.az internet saytından həm televiziyamız, həm də radiomuz dünyanın istənilən nöqtəsində izlənilə bilər. Təbii ki, gələcəkdə digər peyklərə qoşulmaqla yayım coğrafiyamızı daha da genişləndirəcəyik. Bütün bunlar isə bizdən telekanalımızın proqram siyasətinə, öz leksikonumuzla desək, efir şəbəkəmizə daha diqqətlə, məsuliyyətlə yanaşmağımızı tələb edir.
Yeri gəlmişkən, verilişlərimizin son monitorinqi onu da üzə çıxardı ki, televiziyamızın efir standartları professional və qüsursuzdur, sabit ardıcıllığa malikdir. Həqiqətən də, İctimai Teleradionun həm ölkəmizdə, həm də onun hüdudlarından çox-çox uzaqlarda izlənilməsində, beynəlxalq əlaqələrin, proqram mübadiləsinin genişlənməsində, təbii ki, İctimai Teleradio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovun fəaliyyəti səmərəli olmuşdur. Bunu bu yaxınlarda Avropa Yayım Birliyinin Bakıda keçirilən 64-cü sessiyası da təsdiqlədi. Dünyanın 60-a yaxın ölkəsinin qabaqcıl teleradio rəhbərlərinin iştirak etdiyi bu beynəlxalq sessiya İctimai Teleradionun qısa müddətdə qazandığı nüfuzun göstəricisidir.
Ötən 5 ilə bu gündən boylananda fəxrlə deyə bilərik ki, İctimai Televiziya Azərbaycan teleməkanında olduqca sürətli inkişaf yolu keçən, xalqla daim sıx təmasda olan həqiqi bir ictimai tribunadır. Şübhəsiz, tamaşaçı və dinləyici marağına söykənən çevik efir siyasətimizi bundan sonra da davam etdirəcəyik.
{nl}
Rafiq NƏBİYEV, İctimai Televiziya və Radio Yayımları Şirkətinin proqram və koordinasiya direktoru
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.