"Nezavisimaya qazeta": Qəbələ Verbye ilə rəqabət aparır

"Qəbələ Verbye ilə rəqabət aparır. Azərbaycan musiqi forumu ümumdünya festivalına çevrilir". Rusiyanın "Nezavisimaya qazeta" nəşrinin müxbiri, Qəbələ Musiqi Festivalını işıqlandıran əcnəbi jurnalistlər qrupunun üzvü Viktoriya Panfilovanın məqaləsi belə adlanır.
Məqalədə deyilir: "İyulun 25-dən avqustun 5-dək Azərbaycanın Qəbələ şəhərində II Beynəlxalq musiqi festivalı keçirilirdi. Artıq ikinci ildir ki, dünyanın hər yerindən ifaçılar, klassik musiqi biliciləri və pərəstişkarları buraya toplaşırlar. Bu yaxınlaradək Qəbələ ölkənin rayon mərkəzlərindən biri idi, indi isə artıq Azərbaycanın musiqi və mədəni mərkəzinə çevrilir".
Festivalın bədii rəhbəri, SSRİ-nin və Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli qəzetə müsahibəsində demişdir ki, festival onunla əlamətdardır ki, məsələn, Rostropoviç festivalı kimi Bakıda deyil, Qəbələdə keçirilir. Bu şəhərin çox qədim tarixi vardır. Bura uzun müddət Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Bu diyar nadir təbiəti, mənzərəli dağları, mehriban insanları ilə məşhurdur. Təsadüfi deyildir ki, Qəbələni "kiçik İsveçrə" adlandırırlar. Musiqiçilər və festivalın qonaqları burada İsveçrədə keçirilən Verbye festivalını yada salırlar. Yuri Başmet isə demişdir ki, "bura Verbyedən də yaxşıdır".
V.Panfilova yazır ki, festivalın Qəbələdə keçirilməsi ideyası təsadüfi yaranmamışdır. İki il əvvəl burada Hollandiyanın "BELTMANN" markalı pianolarının istehsalına başlanmışdır. Qəbələdə yüksək səviyyəli turizm kompleksi fəaliyyət göstərir. Bunlardan hansının - piano fabriki, otel, yaxud festival ideyasının əvvəl yarandığı məlum deyildir. Təkcə bu aydındır ki, hər şey festival ətrafında yaranmışdır. İndi bu festivalda iştirak etmək böyük şərəf sayılır.
Qəbələyə gəlmiş musiqiçilərin siyahısı da bunu göstərir: London Kral Filarmonik Orkestri, dünyaşöhrətli ifaçılar - skripkaçı Xloye Xanslip, tenor Emilio Pons, pianoçu Boris Berezovski, vieolonçel çalan və dirijor Dmitri Yablonski, pianoçular Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə, dirijor Rauf Abdullayev festivalı əsl musiqisevərlər üçün əlamətdar hadisəyə çevirmişlər. Qəbələ səhnəsində gənc ulduzlar da parlayır. Bəlkə də Bariton Cavid Səmədov festivaldan sonra bütün dünyada tanınacaqdır.
Fərhad Bədəlbəylinin sözlərinə görə, festivala təkcə klassik musiqi həvəskarları deyil, bəlkə də Motsartın, Çaykovskinin, Şubertin, Bramsın, Hacıbəylinin ilahi musiqisini simfonik orkestrin ifasında canlı olaraq ilk dəfə dinləyən Qəbələ sakinləri də gəlirlər. Onlar özləri üçün yeni dünya açırlar. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva demişdir: "Bu günlər bizim hamımızı - həm tamaşaçıları, həm ifaçıları bir amil - musiqi birləşdirəcəkdir. Musiqinin dili tərcümə tələb etmir. Bu dil millətdən, dindən asılı olmayaraq hər kəs üçün aydındır". Azərbaycanda beynəlxalq musiqi festivallarının keçirilməsinin təşəbbüskarı da məhz Mehriban xanımdır. YUNESKO-nun baş direktoru İrina Bokova mədəniyyətlərarası dialoqun qurulmasında xidmətlərinə görə Mehriban xanıma "Qızıl Motsart" medalı təqdim etmişdir.
İştirakçıların yekdil rəyinə görə, festival getdikcə şöhrətlənir.
Bu il festival ötənilkindən qüdrətli keçmiş, gələn il isə builkindən daha genişmiqyaslı və parlaq olacaqdır. Festival dünyanın hər yerindən musiqiçiləri cəlb edir. 2011-ci il festivalının iştirakçılarının siyahısı artıq tərtib edilmişdir. Arzu edənlərin bəziləri, yer olmadığından tədbirə növbəti il qatıla biləcəklər. Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov qəzetə müsahibəsində demişdir: "Ölkəni daha nə ilə tanıtmaq olar? Siyasətlə, mədəniyyətlə və idmanla. Bu, ən yaxşı vizit kartıdır".{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusu müxbiri
Moskva

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında