Xələclər və qədim Naxçıvan tarixi

Azərbaycanın ayrılmaz hissəsi, ən gözəl güşələrindən biri olan ulu Naxçıvan torpağı həmişə səyyahların, tarixçilərin, tədqiqatçıların böyük marağına səbəb olmuşdur. Lakin keçmiş sovet dövründə bu torpağa gələn alimlər ərazini öyrənmək əvəzinə, onu dağıtmış və talamışlar. Bir çox hallarda yüksək elmi dairələr, xüsusilə də ermənipərəst alimlər tarixi istədikləri kimi təqdim etmiş, faktları saxtalaşdırmışlar. Respublikamız müstəqilliyini əldə etdikdən sonra Azərbaycan tarixçiləri həqiqətə, faktlara və obyektivliyə əsaslanan tədqiqatlara başladılar.
Son illərdə Azərbaycan tarixçilərinin və arxeoloqlarının gərgin səyləri nəticəsində bir çox mühüm həqiqətlər aşkarlanmış, milli tariximizdə yeni-yeni səhifələr açılmışdır. Üzə çıxarılan tarixi faktlar nəinki Azərbaycanın, bütün regionun, ümumiyyətlə, insanlığın tarixinin öyrənilməsinə işıq salır, qədim xronologiyanın yenidən tərtib edilməsinə şərait yaradır. Söhbət elə sübutlardan gedir ki, bunların aşkarlanması Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının dünyaya çatdırılmasında, Azərbaycanın beynəlxalq ictimaiyyət arasında mövqelərinin, dünya xalqları ilə dostluq əlaqələrinin daha da möhkəmlənməsində, milli maraqlarının müdafiəsi istqamətində əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikasında aparılmış son arxeoloji qazıntılardan birinin materialları əsasında yazılmış yeni kitab bütün bu deyilənlər baxımından son dərəcə dəyərlidir. "Xələc" arxeoloji ekspedisiyasının rəhbəri Abbas Seyidovun Vəli Baxşəliyev və Vəfa Mahmudova ilə birlikdə yazdığı "Xələc" kitabı bu yaxınlarda işıq üzü görmüşdür. "Xələc" kitabının nəşri Azərbaycanın, xüsusilə də Naxçıvan diyarının tarixinin araşdırılması istiqamətində növbəti dəyərli addımdır. İllüstrasiyalarla zəngin kitabda mətnlər Azərbaycan, rus və ingilis dillərində təqdim edilmişdir. Bu, kitabın ölkə daxilində və beynəlxalq aləmdə yayılmasına, populyarlıq qazanmasına imkan verir. Yeni nəşr müvafiq qurumların köməyi ilə dünyanın 20-dən artıq ölkəsinin 40-dan çox elm, təhsil və mədəniyyət mərkəzlərində yayılmaqdadır.
Xələc qədim Naxçıvan torpağının Şərur - Dərələyəz mahalında, Azəbaycanı iki yerə bölən Araz çayının sol sahilində yerləşir. Naxçıvanda qədim türksoylu tayfaların adını daşıyan yaşayış məskənlərindən biri olan Xələcin tarixi keçmişin dərin qatlarına gedib çıxır. Xələc - Xalaç adının mənşəyi, türk xalqlarının qədim ədəbi abidəsi "Oğuz Kağan dastanı"nda da yer almışdır. Dastandan görünür ki, Xələc,kalac,xalaç bacarıqlı, qabiliyyətli deməkdir. Bu soydan olanlar cəsurluğu, etibarı, sədaqəti, inamı ilə tanınmışlar. Şimali və Cənubi Azərbaycanın, Şərqi Anadolunun müxtəlif yerlərində bu adda bir çay da var. 1296 - 1320-ci illərdə Dehli sultanları da Xələc sülaləsindən olublar.
1982-ci ildə arxeoloqlar Abbas Seyidovun və Vəli Əliyevin Naxçıvanın Xələc yaşayış yerində qeydə aldıqları abidələrdə sonrakı illərdə maraqlı araşdırmalar aparılmışdır. Burada eneolit, erkən tunc, orta tunc dövrünə aid keramika məmulatları əldə edilmişdir. Təəssüf ki, abidələrin əsas hissəsini sovet dövrü zamanı burada fəaliyyət göstərən daş karxanası dağıtmışdır. Prezident İlham Əliyevin elmə, təhsilə və mədəniyyətə himayədarlığı bütün regionlarda olduğu kimi, Xələc kəndində də arxeoloji qazıntıların yenidən aparılması üçün şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun tarixi abidələrimizə və tarixçi alimlərə qayğısı da Xələcin gizlin qatlarının öyrənilməsinə kömək etmişdir.
Son arxeoloji tədqiqatlar Naxçıvanın abidələrlə zənginliyini və qədim tarixi olduğunu bir daha təsdiqləmişdir. Nəticələr göstərir ki, Xələc son eneolit dövründən başlayaraq dəmir dövrünədək böyük bir zaman fasiləsində qədim insanların yaşayış yeri olmuşdur. Burada aşkar olunan eneolit, proto Kür -Araz, Kür - Araz mədəniyyəti dövrlərinə aid keramika məmulatlarının bənzərlərinə Azərbaycan Urmiya hövzəsi və Şərqi Anadolu abidələrində də rast gəlinir. Lakin "Xələc keramikası" özünəməxsus xüsusiyyətləri ilə fərqlənir.
Müəlliflər bildirirlər ki, Azərbaycan eneolit abidələrində boyalı keramikanın meydana çıxmasını tədqiqatçılar Mesopotamiya mədəniyyəti ilə əlaqələndirirlər. Bir çox araşdırıcı bunu Mesopotamiya əhalisinin şimala doğru miqrasiyası ilə bağlamışdır. Bu miqrasiyaların və mədəni əlaqələrin Azərbaycanın eneolit mədəniyyətinin inkişafında müəyyən rolu olsa da, yerli mədəniyyətlərin də inkişafı davam etmişdir.
Kitabda əksini tapan araşdırmalar qədim Mesopotamiya mədəniyyətlərinin Azərbaycan mədəniyyətlərinə müxtəlif istiqamətlərdə təsir etdiyini, bu təsirin eyni dərəcədə olmadığını və mədəniyyətlərin fərqli yolla inkişaf etdiyini göstərir. Bu baxımdan "Xələc keramikası" müəyyən xüsusiyyətləri ilə qonşuluqda yerləşən, o cümlədən Naxçıvanda olan son eneolit abidələrindən fərqlənir və bir növ müxtəlif mədəniyyətlərin sintezi kimi ortaya çıxır.
Belə hesab edilir ki, Xələc Mesopotamiya və Azərbaycan mədəniyyətlərinin qovuşduğu bir abidədir. Xələc yaşayış yeri müxtəlif mədəniyyətlərin özəlliklərini özündə birləşdirən və özünəməxsus xüsusiyyətləri olan bir abidə kimi Naxçıvanın qədim tarixini və son eneolit dövründə baş verən tarixi-mədəni prosesləri öyrənmək üçün olduqca mühüm əhəmiyyətə malikdir.
Yeni kitabın ərsəyə gəlməsində filologiya elmləri namizədi Əbülfəz Əzimli, Xələc ağsaqqalı Qabil Mərdanəliyev müəlliflərə öz mülahizə və məsləhətləri ilə kömək etmişlər. Bu dəyərli nəşr vətənpərvər ziyalı, müharibə veteranı, əslən xələcli Zahid Nəzərovun dəstəyi ilə işıq üzü görmüşdür.
Xatırladaq ki, müasir Azərbaycan tarix elminin aparıcı mütəxəssislərindən biri, nüfuzlu arxeoloq Abbas Seyidov elmi fəaliyyətinin əksər hissəsini Naxçıvanın qədim tarixinin tədbiqinə həsr edib. O, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan tarixi kafedrasının professorudur. Tarix elmləri doktoru Abbas Seyidov 150-dən çox elmi məqalənin, 20 elmi kitab və dərs vəsaitinin müəllifidir.
Tariximizi dərindən öyrənmək gərəkdir. Öyrənmək və nəticə çıxarmaq lazımdır. Bəlkə, bundan sonra biz də Qız qalasını indi olduğu kimi yox, Abbas müəllimin hesab etdiyi kimi, Oğuz qalası, Ğüz qalası, Quz qalası adlandıraq? Bu, xalqımızın, torpağımızın türk mənsubiyyətini bir daha təsdiqləyər.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında