Mədəniyyət xəbərləri

Naxçıvan rəqs kollektivi Türkiyədə uğurla çıxış edib
Naxçıvan Dövlət Filarmoniyasının rəqs kollektivi Türkiyədə keçirilən beynəlxalq festivalda iştirak edib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda bildirilib ki, kollektiv Türkiyədə hər il keçirilən XVIII Beynəlxalq Quşburnu sərgisi, mədəniyyət və sənət festivalına dəvət alıb. İyulun son günlərində başlayan festival üç gün davam edib. Festivalda Naxçıvan Dövlət Filarmoniyasının rəqs kollektivi tərəfindən milli rəqslərimiz təqdim olunub. Qaliblər "Ən yaxşı təqdimat", "Ən yaxşı geyim", "Ən yaxşı performans" və digər nominasiyalar üzrə mükafatlandırılıblar.

{nl}

Xalq artisti Mənsum İbrahimovun 50 yaşı tamam olur
Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov 50 illik yubileyini qeyd edəcək. Muğam ifaçısı bildirib ki, hələlik yubileylə bağlı hansı tədbirlərin keçiriləcəyini bilmir. O, yubiley münasibətilə həyat və yaradıcılığını əks etdirən kitab hazırlandığını söyləyib. Mustafa Çəmənlinin qələmə aldığı kitab "Məcnunun Məcnunu" adlanır. Kitabın təqdimat mərasimi sentyabrda nəzərdə tutulur. Mənsum İbrahimov bu yaxınlarda pedaqoji fəaliyyətlə məşğul olduğu Azərbaycan Milli Konservatoriyasının dosenti olduğunu da açıqlayıb: "Bunu pedaqoji fəaliyyətimdə önəmli hadisə kimi dəyərləndirirəm. Çünki mən ifaçılıqla yanaşı, müəllimliyə də böyük önəm verirəm. Ona görə də bu mənim üçün böyük uğurdur".

{nl}

David Tavare və Cenni Peterson-Velvet Bakıya gəlirlər
Avropanın tanınmış musiqiçiləri İspaniyadan David Tavare və İsveçdən Cenni Peterson-Velvet Bakıda konsert proqramı ilə çıxış edəcəklər. Konsert avqustun 14-də "Yay sevgisi" adı altında keçiriləcək. Konsertdən sonra diskoteka təşkil ediləcək. Qeyd edək ki, ispaniyalı David Tavare pop, haus və eurodanse janrında çıxış edən müğənnidir. O, 1984-cü ildə İspaniyada doğulub. İsveçli Velvetin isə "Mi Amore" hiti və "Finally" albomu gənclər arasında çox məşhurdur.

{nl}

Amazon-döyüşçü qadınlar haqqında sərgi
Bu ilin sentyabrından 2011-ci ilin fevral ayına qədər Almaniyanın Reynland-Pfalz əyalətinin Speyer muzeyində amazonlara həsr edilmiş sərgi açılacaq. Bu barədə Almaniyada yaşayan həmyerlimiz, tədqiqatçı Nuridə Atəşi məlumat verib.
Beynəlxalq tədqiqatçıların birgə iştirakı ilə hazırlanmış sərgidə son illərin arxeoloji tapıntıları ilk dəfə sərgilənəcək, amazonların bir əfsanə deyil, qədim çağların gerçək savaşçı bir qadın toplumu olduqları tarixi-arxeoloji faktlarla dünyaya sübut ediləcək. Sərgi təşkilatçıları sensasiya doğurmuş yeni tapıntıları ilk dəfə olaraq məhz sərgidə nümayiş etdirməyi planlaşdırır. Söhbət Şərqi Avropadan Sibirə qədər çox böyük bir coğrafi məkandan əldə edilmiş arxeoloji tapıntılardan gedir. Speyer muzeyinin yazılı yaydığı xəbərə görə, Altay dağlarından, Yunanıstandan əldə edilmiş materiallar da nümayiş etdiriləcək. Sərgiyə Avropanın və Mərkəzi Asiyanın bir çox muzeylərindən borc alınmış eksponatlar da daxil edilib. "Son 50 il ərzində Qafqazda aparılmış tarixi, etnoqrafik, arxeoloji tədqiqatlara əsasən, amazonların qədim Qafqaz qadınları olmalarını bütün dünyaya sübut etmək mümkündür"-deyə Nuridə Atəşi bildirib.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında