Mədəni irsin qorunması və inkişafına dair 2014-2020-ci illər üzrə dövlət proqramı təsdiq edilib

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda dövlət proqramının milli-mədəni irsin qorunmasını təmin etmək, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə hazırlandığı vurğulanır.

Proqramın   preambulasında deyilir:  “Dövlət proqramının əsas məqsədi  daşınmaz  tarixi və mədəniyyət abidələrinin   bərpasını,  qorunmasını, tarix və mədəniyyət qoruqlarının  fəaliyyətinin  təkmilləşdirilməsini   və  inkişafını təmin etməkdir”.

Dövlət Proqramında qeyd olunur ki, hazırda Azərbaycan Respublikasının ərazisində 6308 tarix və mədəniyyət abidəsi dövlətin mühafizəsindədir, 27 dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir. Azərbaycan Respublikasının beynəlxalq qurumlara üzv olması və mədəni irs sahəsində beynəlxalq müqavilələrə tərəfdar çıxması daşınmaz mədəni irsin qorunması istiqamətində tədbirlərin davamlı inkişafı zərurəti yaradır.

2000-ci ildə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, o cümlədən Şirvanşahlar sarayı kompleksi və Qız qalası, 2007-ci ildə “Qobustan” dövlət tarixi-bədii qoruğu UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

Son illər ölkə Prezidentinin sərəncamları ilə “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu, “Atəşgah məbədi” dövlət tarix-memarlıq qoruğu, “Keşikçidağ” dövlət tarix-mədəniyyət qoruğu və “Xınalıq” dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu yaradılıb. Heydər Əliyev Fondu tərəfindən yaradılan “Qala” arxeoloji-etnoqrafik muzey kompleksi Azərbaycanın tarixi keçmişini qoruyub saxlamaqla yanaşı, bu məkanın turizm mərkəzlərindən birinə çevrilməsinə imkan verir.

Bakıda “Şirvanşahlar Sarayı Kompleksi”, “Məhəmməd” məscidi, “Kiçik Karvansaray”, Şəkidə “Kiş” alban məbədi, “Aşağı Karvansaray”, “Şəkixanovların evi”, Qubanın Xınalıq kəndində “Əbu-Müslüm” və “Xıdır Nəbi” məscidləri, Şərur rayonunda “Qudi-Xatun” türbələri, Culfada “Xanəgah” memarlıq kompleksi, Babək rayonunda “Əshabi-Kəhf” ziyarətgahı dini-mədəni abidə kompleksi, Qusarda “Şeyx Cüneyd” türbəsi, Qax rayonunda “Kürmük” məbədi, Hacıqabul rayonunda “Pir Hüseyn” xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri başa çatdırılıb.

Dövlət proqramı milli mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilinə, daşınmaz mədəni irsin bərpası və inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilib.

M. MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında