Mətbuat tariximizdən bəhs edən yeni nəşr
"Azərbaycan mətbuat tarixi" kitabının ikinci hissəsi işıq üzü görüb. Akif Aşırlının müəllifi olduğu növbəti kitab Azərbaycan mətbuatının 1920-1990-cı illəri əhatə edən dövrünün tədqiqinə həsr edilib. Kitabda həmin illərdə respublikamızda fəaliyyət göstərmiş mətbuat orqanlarının hansı zərurətdən yarandığı və onların fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilir. Kitabda həmçinin keçən əsrin 80-ci illərinin sonlarında çağdaş jurnalistikaya keçid dövrü təhlil olunur.
Tanınmış jurnalist, tədqiqatçı Akif Aşırlı həmin dəyərli kitabın birinci hissəsinə görə, bu il milli mətbuatımızın 135 illik yubileyində Həsən bəy Zərdabi mükafatına layiq görülüb. Qeyd edək ki, Akif Aşırlının "Azərbaycan mətbuat tarixi" kitabının I hissəsi mətbuatımızın 1875-ci ildən 1920-ci ilə qədərki dönəmini əhatə edir.
{nl}
Beynəlxalq konfrans YUNESKO səviyyəsində keçiriləcək
Dekabr ayında Pianoçuların Qara Qarayev adına I Beynəlxalq İfaçılıq Müsabiqəsi və elmi konfransın keçirilməsi nəzərdə tutulur. Bu beynəlxalq müsabiqə və konfrans YUNESKO-nun tədbirlər siyahısına da salınıb. Bu barədə YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Daimi Katibliyinin Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə ünvanlanan məktubunda bildirilir. Məktubda qeyd olunur ki, BMT Baş Məclisinin 2010-cu il üçün Mədəniyyətlərin yaxınlaşması beynəlxalq ili çərçivəsində YUNESKO tərəfindən çoxmüxtəlifliyin təşviq edilməsi məqsədilə bir sıra beynəlxalq, regional və milli tədbirlərin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Pianoçuların Qara Qarayev adına I Beynəlxalq Elmi-İfaçılıq Müsabiqəsi və pianoçuların "Fortepiano Qara Qarayev yaradıcılığında" I Beynəlxalq elmi-ifaçılıq konfransı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illiyinə həsr olunacaq. Hər iki tədbir Heydər Əliyev adına Fondun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilir.
{nl}
Animasiya filmi istehsal olunub
"Azanfilm" kinostudiyası bir neçə yeni animasiya filmi istehsal edib. Bu barədə məlumat verən "Azanfilm"in direktoru Elçin Hami Axundov bildirib ki, cizgi filmlərindən birinin- "İt sərgisi" animasiya filminin istehsalı artıq başa çatıb və bu günlərdə ekranlarda nümayişi nəzərdə tutulur. Filmin quruluşçu rejissoru və rəssamı Arif Məhərrəmovdur. Yaxın vaxtlarda "Tərtələn arzusu" adlı animasiya filminin də istehsalı başa çatacaq. Sözügedən cizgi filminin ssenari müəllifi Gülşən Tofiqqızı, rejissoru isə Firəngiz Quliyevadır. Hazırda daha 5-6 cizgi filminin ssenarisi üzərində iş gedir. Elçin Hami Axundov yeni istehsal olunan animasiya filmlərinin beynəlxalq festivallarda iştirakını istisna etməyib.
{nl}
"Qafqaz qartalının uçuşu" filmi payızda nümayiş olunacaq
İkinci Dünya müharibəsinin qəhrəmanlarından biri, hərbi pilot Hüseynbala Əliyev barəsində film hazırlanıb. Azərbaycanın "Salnamə" və Sankt-Peterburqun "Lennauçfilm" kinostudiyalarının birgə istehsalı olan sənədli film "Qafqaz qartalının uçuşu" adlanır. "Salnamə" kinostudiyasından verilən xəbərə görə, filmin ssenari müəllifi Valentina Qurkalenkodur. Filmin mətnini Rusiyanın xalq artisti İvan Krasko və əməkdar artist Ludmila İvanisenko səsləndirib. Çəkilişlər Sankt-Peterburq və Bakı şəhərlərində aparılıb, montaj və səsləndirmə işləri Sankt-Peterburqda həyata keçirilib. Filmin payız aylarında Sankt-Peterburq və Bakıda ilk nümayişi nəzərdə tutulur.
{nl}
Film Fonduna materiallar təqdim edilib
Azərbaycanın ilk qadın kinomexaniki Nailə Bədəlovanın sənədləri, orden-medalları və başqa arxiv materialları Dövlət Film Fonduna təqdim edilib. Dövlət Film Fondundan verilən məlumata görə, bu materialları fonda onun qızı Sevinc Bədəlova təqdim edib. Qeyd edək ki, Nailə Bədəlova 30-cu illərdən Bakı kinoteatrlarında kinomexanik işləməyə başlayıb. O, Bakının o zaman məşhur kinoteatrlarından "Təyyarə", "Forum" və "Nizami"də keçən əsrin 50-ci illərinin sonlarına qədər kinomexanik kimi fəaliyyət göstərib. Böyük Vətən Müharibəsinin iştirakçısı olub və bir çox orden, medallarla təltif olunub. Dövlət Film Fonduna həmçinin tanınmış kinoşünas, sənətşünaslıq namizədi Arzu Bağırovun şəxsi kitabxanası və arxivi verilib. Arzu Bağırov Akademiyanın Memarlıq və İncəsənət İnstitutunda çalışıb. Sənədlər və kitabxana onun qohumu, tanınmış bəstəkar Eldar Mansurov tərəfindən fonda təqdim olunub.
{nl}
Tanınmış tarzən Niaqarada çıxış edəcək
Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev Kanadanın Niaqara şəhərində beynəlxalq musiqi festivalında iştirak edəcək. Bu barədə danışan musiqiçi bildirib ki, festival avqustun üçüncü ongünlüyündə baş tutacaq. Festivalda tarzəni İsmayıl Hacıyevin dirijorluq etdiyi orkestr müşayiət edəcək. Ramiz Quliyevin həmçinin xalq artistləri Azər Rzayevin 80, Sevda İbrahimovanın 70 illiyi ilə bağlı yubiley tədbirlərində tar və orkestr üçün yeni bəstələri ilə çıxış edəcəyi gözlənir.
{nl}
Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.