Qəbələdə ikinci Beynəlxalq Musiqi Festivalı

Son dövrlərdə Azərbaycanın bir sıra beynəlxalq festival və mədəni tədbirlərə ev sahiblik edir. Bu dəfə isə ölkəmiz II Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edəcək.
İyulun 25-dən avqustun 5-dək davam edəcək festival Qəbələdə baş tutacaq. Bu möhtəşəm tədbir Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Musiqi Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilir. Təşkilat komitəsindən verilən xəbərə görə, artıq festivalın proqramı hazırlanıb. Festivalda London Kral Orkestrinin ifasında görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Tofiq Quliyev, eləcə də dünya bəstəkarları P. Çaykovski, S. Raxmaninov, V. A. Motsart, F. Şubert və digərlərinin musiqiləri səslənəcək. Festival çərçivəsində iyulun 25-də xalq artisti Fərhad Bədəlbəyli və əməkdar artist Murad Adıgözəlzadənin birgə konserti, eləcə də məşhur Rusiya pianoçusu B.Berezovskinin konserti də nəzərdə tutulur. Tanınmış pianoçu dünyanın ən yaxşı musiqi kollektivləri ilə əməkdaşlıq edir. Onlar arasında Nyu-York və Rotterdam Filarmoniya orkestrləri, Fransa və Rusiyanın milli orkestrləri, Dallas, Birminqem, yeni yapon simfonik orkestrləri mühüm yer tutur. Musiqiçi ailəsində dünyaya göz açan Boris Berezovskinin ifaçı kimi debütü Londonda 1988-ci ildə uğurla gerçəkləşib. Fransada Luvr konsert zalında baş tutmuş çıxışı isə onu məşhurlaşdırıb. Çaykovski adına doqquzuncu Beynəlxalq müsabiqənin birinci mükafatına layiq görüləndən sonra "Gramophone" jurnalı onun istedadını bu cür qiymətləndirmişdi: "O, şübhəsiz böyük rus fortepiano məktəbinin əsl davamçılarındandır." Boris Berezovski mütəmadi olaraq bir sıra beynəlxalq nüfuzlu festivallarda iştirak edir. Bu dəfə isə o, Beynəlxalq Qəbələ Festivalında ecazkar ifası ilə Azərbaycan musiqisevərlərinin zövqünü oxşayacaq. Festival tamaşaçıları klassik musiqi ilə yanaşı həm də caz musiqisini dinləyə biləcəklər. Belə ki, festivalda dünya şöhrətli ABŞ musiqiçisi, cazmen Al Cerro konsert proqramı ilə çıxış edəcək. O, artıq bir dəfə Bakı Caz Festivalında iştirak edib. Tanınmış musiqiçinin bu dəfəki gəlişi isə Qəbələ festivalına təsadüf edir. Caz ifaçısı yeddi dəfə Amerikanın ən yüksək musiqi mükafatına - "Qremmi" mükafatına layiq görülüb.
Festivalda həmçinin Rusiyanın tanınmış musiqiçisi Yuri Başmet də iştirak edəcək. Moskva Konservatoriyasını bitirmiş musiqiçi 1976-cı ildən böyük səhnədə fəaliyyətə başlayıb. 1986-cı ildə "Moskva solistləri" kamera orkestrininin əsasını qoymuş musiqiçi həm də Rusiya beynəlxalq alt müsabiqəsinin yaradıcısı, İngiltərə alt müsabiqəsinin münsiflər heyətinin sədri, Münhen və Fransa alt müsabiqələrinin münsiflər heyətinin üzvüdür. 2002-ci ildən başlayaraq, o, Rusiya Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijorudur. Musiqi sahəsində xidmətlərinə görə Rusiya, Ukrayna, İtaliya, Fransa və digər ölkələrin nüfuzlu mükafatlarına layiq görülüb. Festivalda həmçinin gənc musiqiçilər üçün ustad dərsləri keçiriləcək. Tədbirin təntənəli bağlanış mərasimi iyulun 30-da gerçəkləşəcək. Ötən ilki festivaldan fərqli olaraq, bu dəfə festival çərçivəsində müsabiqə təşkil olunmayacaq.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında