V Qəbələ Beynəlxalq Musiqi Festivalı böyük müvəffəqiyyətlə başa çatmışdır

 

Avqustun 6-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatmışdır.

AzərTAc xəbər verir ki, möhtəşəm incəsənət bayramının bağlanış mərasimində festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək on dörd gün ərzində Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə əsl musiqi bayramının yaşandığını vurğulamışlar.

Belə gözəl bayramı Azərbaycanımıza bəxş edən, bu möhtəşəm tədbirin Qəbələdə keçirilməsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun  və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunmuşdur.

Qəbələ Beynəlxalq Musiqi Festivalının xalqlar arasında dostluq və mədəniyyət əlaqələrinin inkişafında xüsusi rolunu diqqətə çatdıran natiqlər Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu incəsənət bayramının həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitə olduğunu qeyd etmişlər.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə Qəbələdə Beynəlxalq musiqi festivallarının keçirilməsi artıq gözəl bir ənənəyə çevrilmişdir.

Festival çərçivəsində kamera musiqisi və klassik musiqi axşamları, muğam konserti keçirilmişdir. Bu müddətdə Azərbaycan dinləyicilərini və tamaşaçılarını, Qəbələ əhalisini öz uğurlu, gözəl ifaları ilə məftun etmiş sənətkarlara, 12-dən artıq ölkəni təmsil edən dünya şöhrətli musiqiçilərə, Azərbaycanın tanınmış ifaçılarına minnətdarlıq edən natiqlər festivalı möcüzəli layihə adlandırmış və müxtəlif ölkələrdən gələn sənətkarların yerli və xarici tamaşaçıları valeh etdiyini xüsusi vurğulamışlar. Onlar əmin olduqlarını bildirmişlər ki, bu festival ölkələr arasında dostluq və əməkdaşlığın inkişafına yeni təkan verəcəkdir.

Qeyd edilmişdir ki, tədbir həm də Azərbaycan təbiətinin, qonaqpərvərliyinin, musiqisinin nümayişinə çevrilmişdir. Bu möhtəşəm tədbir ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyətə, incəsənətə, sənət adamlarına qayğısı, diqqəti sayəsində mümkün olmuşdur. Məhz dövlətimizin başçısının yeritdiyi siyasət belə möhtəşəm tədbirin keçirilməsinə imkan vermişdir.

Sonra açıq havada davam edən musiqi axşamında “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin maraqlı konsert proqramı təqdim edilmişdir.

ABŞ və Rusiyanın dünya şöhrətli məşhur violonçel ifaçısı, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonskinin dirijorluğu ilə baş tutan konsertdə məşhur rusiyalı pianoçu Boris Berezovski, nüfuzlu “Reine Elizabeth Concours” müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin çıxış etmişlər. Musiqiçilər bəstəkar Dmitri Şostakoviçin “Bayram uvertürası”nı, Edvard Qriqin fortepiano və orkestr üçün konsertini təqdim etmişlər.

Festivalın yekun konserti yerli əhali və xarici ölkələrdən gəlmiş  turistlər tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında