Antalyada keçiriləcək beynəlxalq incəsənət simpoziumunda ölkəmiz də təmsil olunacaq
On iki ölkənin iştirak edəcəyi tədbirə Azərbaycandan 6 heykəltəraş, 6 keramika ustası, 6 rəngkar qatılacaq. Bu barədə Azərbaycan Rəssamlar İttifaqından məlumat verilib. Simpoziumda incəsənət mövzusunu əks etdirəcək mövzulara toxunulacaq, eləcə də iştirakçı ölkələrin qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunacaq. Qeyd edək ki, avqust ayında keçiriləcək beynəlxalq incəsənət simpoziumu 15 gün davam edəcək.
{nl}
Xalq artisti Yalçın Rzazadə haqqında toplu hazırlanır
Xalq artisti Yalçın Rzazadənin uzun illər ifa etdiyi mahnılardan ibarət albomu toplu şəklində hazırlanır. Burada müğənninin sənətə gəldiyi gündən indiyədək oxuduğu mahnılar, onlar barədə məlumatlar və fotoşəkilləri yer alacaq. Qeyd edək ki, mahnılar toplusu satışa çıxarılmayacaq. O, xüsusi adamlar və xarici qonaqlar üçün nəzərdə tutulub.
{nl}
"Nadir şah" romanı Londonda ingilis dilində dərc edildi
Tarixi romanlar müəllifi Yunus Oğuzun görkəmli Azərbaycan hökmdarı, böyük fateh Nadir şah Avşarın həyat və fəaliyyətindən bəhs edən "Nadir şah" tarixi romanı Londonda ingilis dilində çap olunub. Əsəri ingilis dilinə Sevil Gültən tərcümə edib. İki hissədən ibarət olan əsərin birinci hissəsi işıq üzü görüb. Kitab ABŞ-ın "Xlibris" nəşriyyatı tərəfindən Avstraliya, Yeni Zelandiya, Kanada və başqa ölkələrdə də yayımlanacaq.
{nl}
"Yaddaş" filminin birinci seriyasının çəkilişləri başa çatıb
Qarabağ müharibəsinə həsr edilmiş "Yaddaş" filminin birinci seriyası bu ilin oktaybrında tamaşaçılara təqdim olunacaq. "Bakıfilm"in istehsalı olan filmin baş prodüseri Vaqif Əsədullayev bildirib ki, real faktlar əsasında çəkilən ekran əsərinin yaradıcı heyəti artıq çəkilişlərinin bir hissəsini bitirərək Şəkidən qayıdıb.
Film iki hissədən ibarətdir. Ekran əsərinin birinci hissəsində Qarabağda gedən döyüşlərdən, ikinci hissəsində isə atəşkəs əldə olunduqdan sonra Bakıda baş verən hadisələrdən bəhs olunur. Film 8 seriyadan ibarət olacaq. Əsas rolları Şövqi Hüseynov, Pərviz Məmmədrzayev, Anar Heybətov və İlqar Musayev oynayırlar. Filmin ssenari müəllifi və rejissoru Vahid Mustafayev, baş operatoru Yuli Varnovski, rəssamı Şahin Həsənlidir.
{nl}
Qara Qarayevin ev muzeyi yaradılacaq
Yaxın vaxtlarda Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin ev muzeyi yaradılacaq. Artıq müxtəlif fondlarda dahi bəstəkara aid materialların siyahısı tutulub. Əldə olunan materialların toplandığı kataloq isə tezliklə işıq üzü görəcək. Bəstəkarın ev muzeyinə təqdim olunacaq eksponatların sayı 1000-dən çoxdur. Bura sənətkarın əlyazmaları, məktubları, şəxsi kitabxanasından üzərində qeydləri olan kitabları, səs yazıları daxildir.
Muzeydə Qara Qarayevin baletlərinə çəkilmiş eskizlər sərgilənəcək. Həmçinin muzeyin yaradılmasıyla əlaqədar respublikadan kənarda da bəstəkarın irsiylə bağlı araşdırma aparılıb. Xeyli materiallar toplanıb. Moskvadakı Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən Qarayevə aid sənədlər, bəzi əlyazmalar, sənətkarın çəkdiyi fotoşəkillər ölkəmizə gətirilib.
{nl}
Gənc xanəndə Qoçaq Əsgərovun yeni diski "Bird walk records"da buraxılıb
Ötən il Səmərqənddə "Şərq təranələri" beynəlxalq müsabiqəsinin qalibi olmuş Qoçaq Əsgərovun növbəti diski Avstraliyanın "Bird Walk Records" şirkəti tərəfindən buraxılıb. Muğam ifaçısının bildirdiyinə görə, ifası Avstraliyanın yerli radio dalğalarında səslənən zaman musiqi şirkətinin təmsilçilərində onun albomunu çıxarmaq ideyası yaranıb. Şirkətlə uğurlu əməkdaşlıqda xanəndəyə YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırova dəstək olub. Albom hazır olan kimi Böyük Britaniyada bu il keçirilən "Womad" beynəlxalq dünya musiqi mədəniyyəti və rəqsləri festivalının iştirakçılarına təqdim edilib. Daha sonra yüksək tirajla buraxılan toplu bu günlərdə Azərbaycana gətirilib.
Albomun ilk səhifəsi "Mugam Ensemble "Turan" Music From Azerbaiyan"la başlayan təqdimatdan daha sonra solist Qoçaq Əsgərov, kamança ifaçısı Elnur Mikayılov və əməkdar artist, tarzən Malik Mansurovun adları qeyd edilib. Albomun məlumat kitabçasında ingilis dilində Azərbaycan muğamının tarixi barəsində ətraflı məlumat dərc olunub. Daha sonra adı hallanan musiqiçilərin bioqrafiyası, nailiyyətləri yazılıb. Toplunun digər səhifəsi isə milli musiqi alətlərimizdən tar, kamança, nağara, qaval, ud haqqındadır. Sonda isə albomda yer alan musiqilərin təqdimatı verilib. Albomda 5 ifa-"Bayatı-Şiraz" və "Cahargah" dəsgahları, "İrəvanda xal qalmadı" xalq mahnısı, "Buludlar" və "Səndən nigaranam" mahnıları yer alır.
{nl}
Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.