Azərbaycan kino həftəsinin təntənəli açılış mərasimi olmuşdur

Aprelin 6-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə reallaşdırılan Azərbaycan kinosu həftəsinin təntənəli açılış mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkəmizdə kino sənətinin inkişafı, yeni filmlərin çəkilişi istiqamətində görülmüş işlərdən danışmışdır.
Nazir demişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" təsdiq olunmuş və bu istiqamətdə işlər uğurla davam etdirilir. Hazırda hər il dövlət büdcəsindən yeni filmlərin çəkilişinə 6 milyon manat vəsait ayrılır. İl ərzində ölkəmizdə 10-dan çox yeni ekran əsəri istehsal edilir ki, bu da olduqca yaxşı haldır. Bütün bunlara baxmayaraq, filmlərimizin təbliği istiqamətində müəyyən problemlərimiz vardır. Bu problemləri aradan qaldırmaq üçün ilk dəfə olaraq kino həftəsinin keçirilməsinə qərar verilmişdir.
Nazir demişdir ki, həftə müasir Azərbaycan kinosunu təbliğ və yeni çəkilmiş filmlərimizi geniş tamaşaçı auditoriyasına təqdim etmək məqsədi ilə təşkil olunmuşdur.
Aprelin 10-dək davam edəcək həftə çərçivəsində son illər istehsal olunmuş milli filmlərin respublikanın müxtəlif yerlərində nümayişi reallaşacaqdır. Bakıda, bölgələrdə, islah əmək müəssisələrində və hərbi hissələrdə nümayişi nəzərdə tutulan filmlər əsasən, vətənpərvərlik və tərbiyəvi xarakter daşıyır. Əsas məqsədlərdən biri də son illər çəkilmiş filmləri tamaşaçılara təqdim etməkdir. Bunun üçün film göstəriləcək ərazilərdə tədbirin reklam-plakatları yapışdırılmışdır.
Nümayiş olunacaq filmlərin tərbiyəvi xarakter daşıdığını və məkanlara görə seçildiyini vurğulayan nazir demişdir ki, digər yerlərdən fərqli olaraq hərbi hissələrdə "Cavad xan", islah əmək müəssisələrində "Niyyət", qadın cəzaçəkmə müəssisəsində isə "Məhkumlar" bədii filmlərinin nümayişi planlaşdırılır.
Tədbirdə 2009-cu ildə elan olunmuş "Vətən and yerimizdir" devizi altında vətənpərvərlik mövzusunda ən yaxşı bədii filmin ssenari müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.
Münsiflər heyətinin yekdil qərarına əsasən, İsmayıl Səfərəliyevin "Mən evimə qayıdıram" ssenarisi 1-ci, Səidə Vəliyevanın "Böyüyən övladlar" ssenarisi 2-ci, Leyla Tarıverdiyevanın "Qarabağ. Dörd gün" ssenarisi isə 3-cü yerə layiq görülmüşdür.
Bu il müsabiqədə birinci yeri tutmuş "Mən evimə qayıdıram" ssenarisi əsasında film çəkiləcəkdir.
Tədbir çərçivəsində "Mozalan" satirik kino-jurnalının 187-ci nömrəsinin təqdimatı keçirilmişdir.
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə rejissor Samir Kərimoğlunun ekranlaşdırdığı "Niyyət" filmi nümayiş etdirilmişdir. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş filmin ssenari müəllifi Yavər Rzayevdir.
Ekran əsərində baş rollarda gənc aktyorlar Fuad Axundov, Rövşən Məmmədov və başqaları çəkilmişlər.
Filmin qəhrəmanlarından biri qumar oynayır, içki içir, gününü boş və mənasız keçirir, o birisi isə əyləncələrdən imtina edərək xoş bir niyyətlə yaşayır. Bu iki gənc həyat yollarında toqquşur və sonda hər ikisi düzgün yolla addımlamağa başlayır.
Ekran əsəri böyük maraqla qarşılanmışdır.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında