Bəstəkar Arif Məlikovun obrazlı bir deyimi var: “Musiqi bəşərin Allahla danışan dilidir”. O adamlar xoşbəxtdirlər ki, bəşərin Allahla danışan dilini bilmək onlara qismət olub və bunun sayəsində həyatda iz qoyublar, hər zaman yada düşürlər.
Haqqında söhbət açdığım insan, musiqi aləmində tanınan, el-obamızın sevimli sənətkarı Teymur Adil oğlu Hüseynovdur. Yaşasaydı, indi 80 yaşı olacaqdı.
Teymur Hüseynov Neftçala rayonunun Haqverdili kəndində sadə bir ailədə dünyaya göz açıb. Bu ocaqda xanəndəlik sənətinə bələd olan, çalıb-oxuyan, yaxşı səsi ilə tanınan kimsə olmamışdır. Bəs, onda bu ilahi səs, boğazdakı xırdalıqlar hardandı? Bəlkə dünyaya göz açanda mələklər qulağına pıçıldayıb ki, sən nəğməkar olacaqsan, məlahətli səsinlə el-obanın sevimlisinə çevriləcəksən, incə rübabınla Allahla danışa biləcəksən? Bəlkə bu ilahi sevgi müqəddəs ana laylası, ana südü ilə keçib? Bəlkə də...
Teymur ağlı kəsəndən toylara, məclislərə gedir, aşıqların, xanəndələrin bir məclisini belə buraxmır, onların hər birindən ən yaxşı cəhətləri görüb-götürürdü. Gecə-gündüz evdə öz-özünə zümzümə etməkdən usanmır, simlərdən taxta parçası üzərində düzəltdiyi “tarı” çalmaqdan bezmirdi.
Tədricən el məclislərində sərbəst oxumağa başlayır, tanınır. Bununla belə musiqi təhsili almaq arzusu onu Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinə gətirib çıxarır. İmtahanları uğurla verib məktəbə daxil olur. Teymur burada başqa bir aləmə düşür, sanki sehirlənir, özünü nağıllar aləmində hiss edir.
Teymur burada həm tar (Əhməd Bakıxanov), həm də xanəndəlik (Seyid Şuşinski) siniflərində oxuyur. Tar çalmağın sirlərini, xanəndəlik peşəsinin incəliklərini öyrənməyə ciddi səylər göstərir. İslam Rzayev, Əlibaba Məmmədov, Ağasaleh Abasəliyev Teymurun sinif yoldaşları idi. T.Hüseynov 1957-ci ildə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbini bitirib doğma Nefçalaya gəldi. Ona qədər Nefçalada ixtisaslı musiqi müəllimi yox dərəcəsində idi, musiqi məktəbi fəaliyyət göstərmirdi. Teymur musiqi məktəbinin yaradılmasından ötrü qapı qalmadı açdı. İlk növbədə bina məsələsini, kadr məsələsini həll etmək, avadanlıq əldə etmək üçün yollar arayıb axtardı. Nəhayət, 1957-ci ildə musiqi məktəbinin açılmasına nail oldu. 7 illik musiqi məktəbinin ilk direktoru da özü oldu. Məktəbdə tar, qarmon, fortepiano, xanəndəlik sinifləri açıldı.
Teymur hələ uşaq yaşlarından dastanları sevə-sevə oxuyar, oradakı poeziyanın sehrinə düşər, onları əzbərləyər, yeri gələndə qoşma, gəraylı, təcnis və aşıq şerinin başqa növlərindən məclislərdə, toylarda məharətlə istifadə edərdi. Onun Aşıq Şəmşirlə böyük Səməd Vurğunun deyişməsini, S.Rüstəmin “Xatirat dəftərim durur qarşımda” misrası ilə başlanan “Yadıma düşdü” qoşmasını və başqa aşıq şeirlərini çox böyük məharətlə oxuduğu indi də yaddaşlardadır.
Teymur Hüseynov başqa xanəndələrdən nə ilə fərqlənirdi? Onu tanıyanların qənaətinə görə, Teymur müəllimdə çox gözəl tar çalmaq məharəti vardı, özü çalıb, özü də oxuyardı. Bu xüsusiyyət tək-tək xanəndələrə nəsib olub. Zəngin söz ehtiyatı vardı. Klassiklərimizdən tutmuş, müasir dövrə qədər yazıb-yaradan şairlərimizin çoxlu şeirlərini əzbər bilirdi. Özü də sözləri çox aydın şəkildə, olduğu kimi dinləyiciyə çatdırırdı. Zildən-bəmə, bəmdən-zilə, pərdədən-pərdəyə, muğamın bir şöbəsindən digərinə ustalıqla keçə bilirdi. Çox sadə insan idi. Məclisi, auditoriyani ələ almağı və məharətlə idarə etməyi bacarırdı. Məşhur tarzən Əhsən Dadaşovun xalq çalğı alətləri ansamblının müşayiətilə oxuduğu 17 təsnif və mahnısı Azərbaycan radiosunun “Qızıl fond”unda saxlanılır. Çox təəssüf ki, onun onlarla digər muğam, təsnif və mahnıları itib batmışdır. Amma bu, dəyərli xanəndə, ustad tarzən və gözəl insan Teymur Hüseynovun musiqi sahəsindəki xidmətlərini azaltmır, o həmişə hörmət və məhəbbətlə yada düşür. İki il əvvəl haqq dünyasına qovuşmuş Teymur müəllim musiqiyə olan hədsiz sevgisinə görə övladlarından ikisinə muğamlarımızın adlarını vermişdir: Təsnif və Müxalif. Elə onlardan biri - Müxalif atasının yolunu davam etdirir.
...Dili söz, əli mizrab tutandan ömrünün sonuna qədər musiqi ilə nəfəs aldı, muğamlarla yaşadı. “Guş qıl, ey ki bilirsən özüvi vaqifi kar, Agah ol, gör ki, nədir naleyi ney, nəğmeyi tar” - dedi Teymur müəllim. Bakıya köçsəydi, bəlkə daha çox tanınar, populyar bir sənət adamı olardı. Amma o, doğma Neftçalaya üstünlük verdi, yurddaşlarının musiqi savadının artmasına, istedadların üzə çıxarılmasına yardımçı olmaqdan hədsiz məmnunluq duydu.
Tələbəlik illərinin dostları onun haqqında gözəl fikirlər bildiriblər.
Xalq artisti Əlibaba Məmmədov:
— Əgər 50-ci illərdə kimsə Seyid Şuşinskinin tələbəsi olubsa, deməli, birmənalı şəkildə istedadlı olub. Rəhmətlik Qulu Əsgərov, xalq artisti Zeynəb Xanlarova, mən, Teymur Hüseynov, ümumiyyətlə, 19 nəfər idik Seyid Şuşinskinin tələbələri. Teymurun yumşaq səsi vardı, boğaz xırdalıqları əla idi. Güləndə qızıl dişləri görünür, onu işıqlı göstərirdi...
Əməkdar artist Süleyman Abdullayev:
— Teymur İslam Rzayevlə dostluq edirdi. Bizdən bir kurs yuxarıda oxuyurdu. Gözəl səsi vardı. Əlibabanın “Sevgilim, el bilir, mən əhli-dərdəm” misrası ilə başlanan təsnifini necə oxumasını xatırlayıram. Muğam parçalarını çox ustalıqla ifa edirdi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, xanəndə Zakir Əliyev:
— Eyni rayondan olsaq da, yaşca çox böyük olduğundan onu görməmişəm. Amma haqqında çox eşitmişəm. Mən Arif Babayevin tələbəsi idim, amma bəzən rəhmətlik İslam Rzayevin də sinfinə dinləmələrə gedirdim. İslam müəllim Teymur Hüseynovdan xatirələr danışardı. “Şahnaz” təsnifini əla oxumasını hey tərifləyərdi. Deyərdi ki, güclü səsi vardı Teymurun...
Bu yaxınlarda mərhum musiqi cəfakeşinin 80 illik yubileyini keçirməyə hazırlaşanlar onun haqqında əbəs yerə demirlər: “Unutmaz bu oba, bu mahal səni...”
Tədbir MAHMUDOV,
əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.