Hökümə xanım çox qəribə taleyi olan sənətçilərdəndir. O, milli səhnəmizin əvəzsiz faciə aktrisası olub. Tükənməz ehtiraslı, temperamentli, coşğun emosiyalı bu aktrisa milli aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb. Onun tamaşalarına baxanlar, yəqin ki, bu aktrisanın necə böyük istedad sahibi olduğunun şahidi olmuşlar. Hökümə xanım uzun illər Azərbaycan səhnəsində qadın rollarının əvəzsiz ifaçısı olmuşdur.
Hökümə Abbasəli qızı Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulmuşdu. 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirmiş, həmin il Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq iki il fortepiano sinifində təhsil almışdı. Onun istedadı böyük dramaturq və teatr xadimi Cəfər Cabbarlının diqqətini çəkmiş, gənc Höküməni “Almaz” filmində Yaxşı roluna dəvət etmişdi. Aktrisanın yaradıcılıq karyerası Milli Dram Teatrı ilə bağlı olub. Əvvəllər bu teatrın tamaşalarında ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. Hökümə xanımın xırda-para epizodik rollarını nəzərə almasaq, o, ötən əsrin 40-cı illərindən əsas rolların ifaçısına çevrilib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Tamaşaçı salonunun arxa sıralarında əyləşən sənətsevərlər də onun məşəl kimi yanan, alovlu və ağıllı gözlərindəki mənaları aydınca görür, duyur və dərk edirdilər. Aktrisa lazım gələndə səhnədə dəqiqələrlə mərmər abidə kimi “donub” qala bilirdi (məsələn, Şekspirin “Qış nağılı”nda Hermiona rolunda olduğu kimi). Pauzaları baxış və hərəkətləri ilə ustalıqla “doldururdu”.
Teatrşünas alim İlham Rəhimli bu aktrisa haqqında yazır: “Ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvi kəsiklərində çarpazlaşan Kleopatra səpkili mürəkkəb faciə obrazlarının ən dramatik səhnələrində də aktrisa səslə daxili ehtirasını paralel işlətməkdə, onları obrazın mürəkkəb, psixoloji, ziddiyyətli mənəvi aləminin açılmasına istiqamətləndirməkdə mahir ustad idi.” Hökümə xanım müxtəlif janrlı səhnə əsərlərində məharətlə rollar oynayırdı. O, faciəni də, komediyanı da, dramatik janrlı əsərlərdə də eyni həvəslə çıxış edirdi. Psixoloji rolların da mahir ifaçısı idi. Hökümə xanım. Komediya rollarında (Bənovşə, Xanuma...) səhnəyə çıxan Hökümə Qurbanovanın məlahətli yumoru, sərrast və dürüst istiqamətli satirası sanki səhnəyə sığmırdı, vəziyyətin ovqatı bütün salona sirayət edirdi. Onun yumorlu ifası əsərin məhvərinə çevrilir, tamaşadakı bütün personajları öz gülüşünün oxu ətrafında fırlanmaq cazibəsinə salırdı. Cazibəli plastikası var idi, Hökümə xanımın. Bütün səhnəni ələ almaq bacarığı aktrisanı başqalarından fərqləndirirdi. Hərəkətlərini personacın ictimai-sosial mənsubiyyətinə, mənəvi-əxlaqi xüsusiyyətlərinə, hadisələrin psixoloji dramatizmınə ahəngdar həssaslıqla bağlayıb əlaqələndirirdi. Dramatik rollarında qəhrəmanların həyat amallarını insanpərvərliklə, xeyirxah əməllərlə birləşdirə bilirdi. Hökümə xanımın Hüseyn Cavidin “Şeyx Sənan” (Xumar), “Səyavuş” (Südabə), Vilyam Şekspirin “Antoni və Kleopatra” (Kleopatra), “Qış nağılı” (Hermiona), Fridrix Şillerin “Orlean qızı” (Canna d’Are), Səməd Vurğunun “Fərhad və Şirin” (Şirin və Məryəm), Cəfər Cabbarlının “Od gəlini” (Solmaz) faciələrində oynadığı mürəkkəb obrazlar bu gün də teatrsevərlərin yaddaşından silinmir.
Süleyman Sani Axundovun “Eşq və intiqam”ında Zöhrə, Səməd Vurğunun “İnsan”ında Səhər, Qeybulla Rəsulovun “Qarabağ əfsanəsi”ndə Günəş, Anatoli Boryanovun “O tayda”sında Valentina Nikolayevna rollarının ifası realist faciə janrında köklənib. Gülbahar (“Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov), Xuraman (“Vaqif”, Səməd Vurğun), Afaq (“Nizami”, Mehdi Hüseyn), Oliviya (“On ikinci gecə”, Vilyam Şekspir), Cenevrə (“Dərin köklər”, Ceyms Qou və Arno D’Nyusso), Nataşa (“Şərqin səhəri”, Ənvər Məmmədxanlı), Reyhan (“Cavanşir”, Mehdi Hüseyn) və başqa romantik-dramatik rolları ona əsl mənada şöhrət gətirmişdir. Hökuümə xanım realist- dramatik polların da mahir ifaçısı idi. Sona, Yaxşı (“1905-ci ildə” və “Almaz”, Cəfər Cabbarlı), Həyat, Maral (“Həyat” və “Közərən ocaqlar”, Mirzə İbrahimov), Məhmənə banu (“Məhəbbət əfsanəsi”, Nazim Hikmət), Nataşa (“Mühəndis Sergeyev”, Vsevolod Rokk) obrazları tamaşaçılar tərəfindən böyük hörmət və məhəbbətlə qarşılanmışdı.
Aktrisa “Azərbaycanfilm”in istehsal etdiyi “Bir ailə” filmində Leyla, “Onu bağışlamaq olarını?” Laçın, “Mən rəqs edəcəyəm” kinolentlərində Mahmudun anası, “İnsan məskən salır”da ana rollarına çəkilib. “Onu bağışlamaq olarmı?” filmindəki Laçın rolunu sənətşünaslar yüksək dəyərləndirmişlər.
Hökümə xanımın qızı Vəfa Fətullayeva Akademik Teatrın tanınmış aktrisalarından olub və 42 yaşında dünyasını dəyişib.
Hökümə Qurbanova iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 may 1960-cı ildə Azərbaycan SSR-in xalq artisti, 2 mart 1965-ci ildə SSRİ xalq artisti fəxri adlarına layiq görülüb.
O,1988-ci il noyabr ayının 2-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.Onun əziz xatirəsini xalqımız heç vaxt unutmayajaqdır.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.