Yeni kitablar

Qış gününün isti xatirələri{nl}

Novruz Nəcəfoğlunu ilk dəfə yaxından on beş il öncə, şaxtalı bir qış günündə Lerikdə tanımışam. Həyatında baş vermiş tarixi hadisənin bir illiyi kiçik bir dairədə qeyd olunurdu. Mən də məclisə dəvətli idim. Onun taleyində həlledici rol oynamış çox böyük bir şəxsiyyətlə unudulmaz görüşündən elə ürəklə, elə səmimi danışırdı ki, heyranlıqla qulaq asırdıq. Bayırın qarı-şaxtası vecimizə deyildi.
Onun nə dərəcədə vətənpərvər, duyğusal, istiqanlı, riyasız bir adam olduğunu mən həmin məclisdə kəşf elədim. Və özlüyümdə düşündüm ki, özü də təbiətin bir parçasına - dəmirağaca bənzəyən, amma danışdıqca üzündə güllər açan incə qəlbli bu adam, çox güman ki, şeir də yazır. Duyğu və düşüncələrini misralarda ifadə eləyir.
O zaman müəllimdən bu barədə heç nə soruşmamışdım. Amma bu yaxınlarda Novruz Nəcəfoğlu imzası ilə "Bir qış gününün xatirəsi" adlı kitabı əlimə düşəndə həmin qış gününün isti xatirələri yadıma düşdü. Zənnimdə yanılmamışdım: o nəinki şeir, üstəlik hekayə, xatirə, esse də yazırmış.
Kitabda Novruz Nəcəfoğlunun cəmi otuz yeddi şeiri və on beş hekayəsi yer alıb. Say az olsa da, sanbal böyükdür. Oxuduqca özünü istedadlı, bişkin bir qələm sahibinin əlvan söz bağçasındakı kimi hiss edirsən:
Düz yeri, asta yeri,
Düz yolla dosta yeri.
Sinəm gül xırmanıdır,
Dər, bağla dəstə, yeri.
Düşünürsən ki, bu hazır şair bəs indiyə kimi harda qalıbmış, niyə ədəbi təmaslardan qaçıb, nədən gözə görünməyib? Müəllifin sözə necə ehtiyatla və ciddi yanaşmasını, sözü necə urvatlandırmasını, sözdən necə "söz çıxarmasını" görəndə sualın cavabını da tapırsan:
Bir qucaq küləyəm, bir əlçim bulud,
Qovuşa bilmirəm yağışa, dünya!
Tanrı qismətimi tərsinə yazıb,
Qarışa bilmirəm gərdişə, dünya!
Bu poetik etiraf göstərir ki, Novruz Nəcəfoğlu əsərlərində yaşantılarını,taleyini, özünü yazır. Ağlı və qəlbi nəyi süzgəcindən keçirirsə, onu qələmə alır. Kitabın redaktoru İslam Qəriblinin də qeyd elədiyi kimi, bir çox şeirlərini onun daxili monoloqu da adlandırmaq olar və bu şeirlərin hər biri, əslində, müəllifin portretinin ayrı-ayrı cizgiləridir ki, bir yerə cəm olunanda gözlərimiz önündə şairin öz obrazı canlanır.
"Bir qala ziyarəti", "Bir kaha önündə", "Lirik lövhələr" və sair şeirlərdə insan kimi təbiət də, sanki, dilə gəlib danışır, qəmli hekayətlərini söyləyir. Təbiətlə bağrıbadaş şairin dağ-daşa sevgi etirafları, həsrət nəğmələri rişəsindən güc aldığı torpağın ilahi qüdrətindən söz-sənət səltənəti yaratdığına şahidlik edir:
O göyümsov buluddan
Bir çəngə ver, bir əlçim.
Qarışsın göz yaşıma,
Qətrə-qətrə mən içim...
"Bu dünyada yaxamı dartanlar o dünyada mənə pencək geyindirib günahlarını yuyacaqlar"- deyən, "Arxalı nadanla Yaradan bilər, fəqirin, məzlumun ahından qorun" öyüdü verən, bir sözlə, ictimai mövzularda daha sərrast görünən Novruz Nəcəfoğlu insanın kamilləşməsinə xidmət eləyən fəlsəfi şeirləri ilə də, bəşər övladının təbii hiss və həyəcanlarından yoğrulan sevgi şeirləri ilə də yadda qalır:
Gah ümiddir, gah intizar,
Gah sevincdir, gah da qubar.
Harda, nə vaxt tutar qərar
Mənim vaxtsız məhəbbətim?
Müəllifin "Atamı oğulsuzmu görübsünüz?", "Bir qış gününün xatirəsi", "Yuxu", "Zalım oğlunu öldürürdüm", "Toxdaq sürsənə" kimi hekayələri mövzusu real həyatdan götürülmüş əsərlər kimi diqqət çəkir. Təkcə hadisələrin ustalıqla düzülən, oxucunu sonadək intizarda saxlayan ardıcıllığı və uğurlu bədii sonluğu ilə deyil, həm də və ən vacibi yığcam, axıcı dili ilə yadda qalan bu hekayələr böyük maraqla oxunur.
Qələmə alınan xatirə-portrertlər də, adi əhvalatlar da, acı həqiqətlər də ibrətamiz təsiri ilə güclüdür,- desək, yanılmarıq. Bu hekayələrin bir çoxunda el-oba həsrətinin göynərtiləri, od-ocağa bağlılıq, ilkinliyə qayıdış istəyi aşkar hiss edilir. Problemlər bədii həllini tapır. "Atamı oğulsuzmu görübsünüz?"də atasını nadan qohumlarının hücumundan mətanətlə qoruyan Fatmanın qəmli taleyi, yarı bədii, yarı sənədli "Bir qış gününün xatirəsi"ndə qayğısız uşaqlığın "at"ını çapan Turalın, Nəcəfin, Nicatın, Bəhruzun hərəkətləri fonunda yada düşən, ömrün "uzaq, yaşıl ada" olan keçmiş çağları, dağların dumanına qarışıb göylərə çəkilən ata ruhu, ana duaları, "Bir ana tanıyırdım"da qıtlıq illərində arpanı buğdatək qovurub çərəz kimi uşaqlara paylayan naəlac qadının əyilməz heykəli, "Toxdaq sürsənə"də sözə qulaq asmadığına görə müdir Əmrah Rəsulovun qəzəbinə tuş gələn sürücü Qurbanın təbii təlaşları... ustalıqla qələmə alınan, uzun müddət oxucunu təsirində saxlayan həyat lövhələridir.
Şeirlərinin birində Novruz Nəcəfoğlu deyir:
Bu aləm tanrı mülküdür,
İnsanla sevgi ilkidir,
Əzab həyatın yüküdür-
Daşımayan kül olacaq!
Yayın bu isti günlərində oxucu ürəyinə "Bir qış gününün xatirəsi" ilə həzin duyğular çiləyən, sərinlik gətirən Novruz Nəcəfoğluna yeni-yeni yaradıcılıq axtarışları və uğur sevincləri arzulayırıq!

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında