Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm sahəsində əməkdaşlıq yaranır

 

 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Mədinə şəhərinin 2013-cü ildə İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə əlaqədar həmin şəhərdə keçirilmiş mərasimdə iştirak etmişdir.

Tədbir çərçivəsində Ə.Qarayev Krallığın Turizm və Qədim Abidələr üzrə Baş Komissiyasının prezidenti şahzadə Sultan bin Salman bin Əbdüləziz Əl-Səud ilə görüşmüşdür. Bu barədə  nazirliyin rəsmi saytı  (mct.gov.az)  məlumat yaymışdır.

Görüşdə Ə.Qarayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələrin intensiv şəkildə inkişafından danışmış, Prezident İlham Əliyevin salamlarını Kral Abdullah bin Əbdüləziz Əl-Səud və vəliəhd şahzadə Salman bin Əbdüləziz Əl-Səudə çatdırmağı xahiş etmişdir. Nazir iki ölkə arasında dostluq münasibətlərinin və işgüzar əlaqələrin genişlənməsinə mühüm əhəmiyyət verdiyini vurğulayaraq, mədəniyyət və turizm sahəsində əməkdaşlığın daha yüksək xətlə inkişaf etdirilməsinə tərəfdar olduğunu bildirmişdir.

Şahzadə Əbdüləziz Əl-Səud Prezident İlham Əliyevin salamlarını ünvan sahiblərinə çatdıracağını söyləmiş, hər zaman Azərbaycan nümayəndə heyətini ölkəsində görməkdən məmnun olduğunu bildirmişdir. O, Azərbaycanın İslam aləminin bir hissəsi, mədəniyyət sahəsinin inkişaf etdirilməsində hər iki ölkənin geniş potensiala və böyük imkanlara malik olduğunu, əməkdaşlığın bundan sonra daha sıx davam etdirilməsi və münasibətlərin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirmişdir. Şahzadə Azərbaycanın turizm sahəsində təcrübəsindən istifadə edəcəklərini və Bakıya səfər etmək arzusunda olduğunu bildirmişdir.

Görüşün sonunda “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında