Azərbaycan Mülki Aviasiya Muzeyində “Qadın işvəsinin silahı” adlı sərgi açılmışdır

 

 

Fevralın 14-də Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyində “Qadın işvəsinin silahı” adlı sərgi açılmışdır. Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevin təşəbbüsü ilə açılmış sərgidə Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Elvira Araslının şəxsi kolleksiyası əsasında 80-dən çox yelpik nümayiş etdirilir.

Sərginin açılış mərasimində MAA-nın rektoru, akademik Arif Paşayev, ali təhsil müəssisəsinin professor-müəllim heyəti iştirak etmişdir.

Muzeyin direktoru Firəngiz Hüseynova bildirmişdir ki, sərginin məqsədi akademiyada təhsil alan gəncləri dünya xalqlarının mədəniyyəti və incəsənəti ilə yaxından tanış etmək, onların bədii-estetik zövqünü zənginləşdirməyə və formalaşdırmağa təkan verməkdən ibarətdir.

Vurğulanmışdır ki, bu, MAA-nın rektoru Arif  Paşayevin  təşəbbüsü ilə akademiyada təşkil edilən ilk sərgi deyildir. 2011-ci ildə milli-mənəvi dəyərlərimiz olan xalçaçılıq, misgərlik, zərgərlik, bədii tikmə, milli geyimlər kimi müxtəlif sənət nümunələrimizdən  ibarət “Azərbaycan xalq tətbiqi sənəti nümunələri” mövzusunda   fotosərgi də məhz hörmətli akademikimizin təşəbbüsü ilə reallaşmışdır.

Diqqətə çatdırılmışdır ki, “Qadın  işvəsinin silahı” adlı sərgidə  Çin, Yaponiya, İtaliya, İspaniya və Malayziya istehsalı olan ipək, sandal, lələk, kağız və digər materiallardan hazırlanmış “utiva”, “may-oqi”, “sensu” formalı yelpiklər nümayiş etdirilir.

 

Yelpik qədim tarixə malik bir əşyadır. Onun  yaranması ilə bağlı  müxtəlif rəvayətlər mövcuddur. Başlanğıcda adi sərinlədici vasitə olan yelpik sonralar hakimiyyət simvoluna çevrilmiş, müxtəlif dövrlərdə yalnız adlı-sanlı, kübar təbəqənin istifadə edə biləcəyi bir  əşya  olmuşdur. Bu günədək yelpiklərin müxtəlif ölçü və formaları mövcuddur.

Yelpik sənətinin çiçəklənmə dövrü XVIII əsrə təsadüf edir. XIX  əsrdə xanımlar yaşından və mövqeyindən asılı olaraq yelpiklərə malik idilər. XIX əsrdən başlayaraq Azərbaycanda da yelpikdən geniş istifadə edilməyə başlanılmışdır. Dövrümüzə qədər gəlib çatmış, bir  çox xalqlara məxsus yelpiklər dünya muzeylərinin nadir inciləri  hesab edilərək qorunub saxlanılır.

Sərgi ilə yaxından tanış olan MAA-nın rektoru, akademik Arif Paşayev belə tədbirlərin müxtəlif xalqlara məxsus mədəniyyətlərin öyrənilməsi baxımından əhəmiyyət daşıdığını, tələbə və məktəblilərin böyük marağına səbəb olacağını vurğulamışdır. Sərgi iki ayadək davam edəcəkdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında