Parisdə Azərbaycan incəsənətinin incisi muğam səsləndirilmişdir

 

 

Fevralın 11-də Parisdəki Azərbaycan mədəniyyəti mərkəzində Heydər Əliyev Fondunun, ölkəmizin Fransadakı səfirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə incəsənətimizin incisi olan muğam musiqisi konserti olmuşdur.

  Fransa paytaxtı ictimaiyyətinin nümayəndələrinin, akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarının, diasporumuzun təmsilçilərinin və muğam həvəskarlarının iştirak etdiyi konserti açan səfir Elçin Əmirbəyov ötən ilin sentyabrından fəaliyyətə başlayan mərkəzdə ilk dəfə xalqımızın ənənəvi muğam konsertinin səsləndiyini,   konsertin martda Bakıda keçiriləcək Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində təşkil olunduğunu, festivalın Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Muğam Mərkəzi tərəfindən təşkil edildiyini xatırlatmışdır.

 Azərbaycan xanəndələrinin xüsusi sənətkarlıqla əsrlər boyu ifa etdikləri muğamın UNESCO-nun şifahi və qeyri-maddi mədəni irsi kimi bəşəriyyətin şedevrləri siyahısına daxil edildiyini diqqətə çəkən diplomat muğam sənətini yaşatmaq və inkişaf etdirmək məqsədi ilə  2005-ci ildə ölkə Prezidentinin dekreti əsasında Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başladığını və 2009-cu ildən Bakıda Beynəlxalq Muğam Festivalının keçirildiyini, bu il  üçüncü dəfə belə festivalın təşkil olunacağını  diqqətə çatdırmışdır.

  Muğamın əsasən ölkəmizin müxtəlif bölgələrində, xüsusilə Bakı,   Gəncə, Naxçıvan şəhərlərində daha çox ifa edildiyini, Azərbaycanın əzəl ərazisi Qarabağın bir növ muğamın tarixi vətəni olduğunu, regionun paytaxtı Şuşada bütün Azərbaycanda məşhur olan  muğam məktəbinin fəaliyyət göstərdiyini bildirmişdir.

  Gənc xanəndələr Nigar Şabanova və Elnur Zeynalov muğam və təsniflər ifa etmişlər. Onları tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, nağarada Kamran Kərimov, kanonda Çinarə Mütəllibova və balabanda Coşqun Sadıqov müşayiət etmişlər.

  İncəsənət ustalarının çıxışı fransız musiqisevərlər tərəfindən alqışlarla qarşılanmışdır.

  Tamaşaçı Fransuaz Daqona konsertdən aldığı təəssürat barədə demişdir: Mən muğam musiqisi ilə uzun müddətdir ki, tanışam. Fransanın Azərbaycandakı səfiri P.Ginyüt tərəfindən Azərbaycan incəsənət ustalarının konserti mütəmadi  təşkil edilirdi. Mən demək olar ki, həmin konsertlərin birini də buraxmırdım. Elə o dövrdən Azərbaycan incəsənətinin tarixən necə zəngin və rəngarəng olduğunu öyrəndim və muğam musiqisini sevdim. Əvvəllər muğamı müşayiət edən musiqi alətlərini tanımırdım. İndi onların adlarını bir-bir sadalaya  bilərəm.

  Mən hər il onlarla azərbaycanlı uşağı Fransaya gətirir və onları ölkəmizlə tanış edirəm. Həmin uşaqlar arasında balaca bir oğlan muğamı məharətlə ifa edirdi. Amma təəssüflər olsun ki, onun səsi tez bir vaxtda tutuldu.

  Bu gecə fransızlar qarşısında muğamı ifa edən xanəndələrin çıxışına isə söz ola bilməz.

Əsgər ƏLİYEV
AzərTAc-ın xüsusi müxbiri
Paris

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında