Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

 

2013-cü ilin 29 may - 01 iyun tarixində Bakıda növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm  Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan, YUNESKO, İSESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin nümayəndələrindən ibarət forumun beynəlxalq işçi qrupu tədbirlə bağlı hazırlıq işlərinə başlamışdır.

Xatırladaq ki, sözügedən qurumların tərəfdaşlığı ilə birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2011-ci ilin 7-9 aprel tarixində Bakıda keçirilmişdir. Birinci forumda 102 ölkədən nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, 20-yə yaxın ölkədən nazir, dünyanın bir çox nüfuzlu beyin mərkəzlərinin və media təşkilatlarının əməkdaşları, ümumilikdə, dünyanın bütün qitələrindən 500-ə yaxın xarici ölkə vətəndaşı iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli fərmanına əsasən, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iki ildən bir Azərbaycanda keçirilməsi qərara alınmış, tədbirin əlaqələndirici qurumu funksiyası isə Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunmuşdur.

Azərbaycan Prezidenti  İlham Əliyev  Bakıda keçirilən I  Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində  demişdir: “Mən ümid edirəm ki, Mədəniyyətlərarası Dialoq Forumu ənənəvi xarakter alacaqdır. Bundan sonrakı illərdə də Azərbaycanda belə tədbirlər keçiriləcək və mən tam əminəm ki, hər bir belə tədbir böyük məna daşıyır. Sadəcə olaraq, görüşüb fikir mübadiləsi aparmaq kifayətdir ki, artıq müsbət bir impuls verilsin. Nəzərə alsaq ki, bugünkü tədbirin çox dəqiq və konkret nəticələri olacaq, mən buna əminəm, əlbəttə ki, bu, xalqları daha da birləşdirəcək və insanlar arasında dostluq, mehriban qonşuluq əlaqələrini daha da gücləndirəcəkdir”.

İkinci Bakı Forumu “Dünyanın gələcəyini necə quraq” devizi altında keçiriləcək və ali qonaqların iştirakı ilə ilk plenar sessiya bu mövzuda aparılacaqdır. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “5-A” Qitələrarası Əməkdaşlıq Platforması çərçivəsində (Azərbaycan dilində bütün qitələrin adları “A” hərfi ilə başladığı üçün simvolik olaraq bu platforma 5 A adlanır) sessiyanın keçirilməsi nəzərdə tutulur.

Heç şübhə yoxdur ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal layihənin növbəti dəfə Azərbaycanda reallaşması, başqa sözlə, ölkəmizin mədəniyyətlərarası dialoq brendinə sahib olması ilə torpaqlarımızın 20 faizini işğal etməklə dünyada özünəməxsus işğalçı obrazı yaradan Ermənistanı bu dünyəvi humanitar prosesdən bir daha təcrid etmiş olacağıq. Bununla yanaşı, Azərbaycan həqiqətlərini bir daha dünyaya bu kontekstdə təqdim etməklə beynəlxalq ictimaiyyəti hadisələrə konstruktiv yanaşmaya və ən əsası Azərbaycan dövlətinin etdiyi kimi dünya dövlətlərinin ali siyasi hakimiyyətlərini sivilizasiyalararası dialoq və anlaşmaya dəstək verməyə dəvət edəcəyik.

Dünyanın mədəni həyatında mühüm hadisə olacaq Bakı forumu ərəfəsində gedən proseslər belə  bir nikbin fikir söyləməyə əsas verir ki, bu mötəbər tədbirdə müzakirəyə çıxarılacaq məsələlər, qəbul olunacaq sənədlər və hesabatlar gələcəkdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bilavasitə davamlılığını təmin edəcək, onu daha da inkişaf etdirməyə təkan verəcəkdir. Son nəticədə isə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusuna malik Azərbaycanda bu istiqamətdə real nəticələrə söykənən yeni proseslər  formalaşacaq.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında