20 Yanvar yaddaşımızın əbədi ağrısıdır. Biz xalqımızın azadlığı və istiqlalı yolunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini həmişə əziz tutacağıq. Qanlı Yanvar bizim yaxın tariximizdir. Çoxlarımız bu hadisələrin canlı sahidi olmuş, o gecənin ağrısını yaşamışıq. Həmin gecə Azərbaycan xalqı, həqiqətən, böyük qəhrəmanlıq göstərərək, əliyalın imperiyanın qaniçən ordusunun qarşısına çıxdı. Doğrudur, biz şəhidlər verdik, ancaq imperiya bu xalqın azadlıq ruhunu öldürə bilmədi. Əksinə, biz qələbə çaldıq, müstəqil Azərbaycanı yaratdıq.
Tariximizin bu şanlı səhifəsi incəsənətimizdə də dərin iz qoyub. Bunu 20 Yanvara həsr edilmiş təsviri sənət, musiqi, kino və xalça, memarlıq nümunələrində görmək olar. İlk növbədə bu hadisələrə kəskin münasibət bildirən ulu öndər haqqında kinorejissor Vaqif Mustafayevin “Tale” və “Bir həsədin tarixi” filmlərini qeyd etmək yerinə düşərdi. V. Mustafayev ulu öndərin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək bu hadisələrə münasibətini bildirdiyi anları sənədli ekranın dili ilə ustalıqla əks etdirmişdir. Eyni zamanda, müəllif hadisələrin əsas səbəbkarı Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovla söhbətləri də 20 Yanvar faciəsini daha dərindən anlamağa imkan yaradır. Kinorejissorlardan Xamiz Muradov, Ramiz Fətəliyev və başqaları 20 Yanvar gecəsi kinooperatorlarımızın özlərini ölümün cənginə ataraq lentə aldıqları kadrları öz filmlərində əks etdirərək onları dünyaya yayımladılar. “Şəhidlərdən şəhidlərə”, “Azadlığa gedən yollar”, “ 20 Yanvar” və onlarca başqa sənədli filmlərdə faciənin canlı kadrları öz əksini tapmışdır.
Fırça ustalarımız da bu ağrılı mövzuya elə ilk vaxtlardan müraciət etməyə başlamışlar. Bu gün onların ürək ağrısı ilə çəkdikləri əsərlər təkcə ölkəmizin deyil, beynəlxalq sərgi salonlarında Azərbaycan həqiqətlərini dünyaya yayır.
Rəssamlardan Vaqif Ucatayın “Yenidənqurma iblisi”, Rasim Babayevin “Təcavuz”, Hacırza Fərzəliyevin “Ağlı-qaralı dünya”, Fikrət İbrahimovun “Gələcək naminə”, Həmzə Abdullayevin “Çərxi-fələk”, İsmayıl İsmayılovun “Həqq tərəzisi”, Qafar Seyfullayevin “Öncə vətəndir...”, Asim Səmədovun “Ruhlar” və s. tablolarında qanlı gecənin acılı-ağrılı yaşantıları yaddaqalan bədii ifadəsini tapıb. Qrafika ustası Arif Hüseynovun “Qara tağlı natürmort”, Fəxrəddin Məmmədvəliyevin “Qara yanvar” və Arif Ələsgərovun “20 Yanvar” qrafik əsərləri də Azərbaycan xalqının məruz qaldığı qanlı təcavüzə münasibəti təcəssüm etdirir.
Bundan başqa, xalq rəssamlarımızdan Mikayıl Abdullayev, Kamil Nəcəfzadə və başqaları bu mövzuda yaddaqalan sənət əsərləri yaradıblar.
Heykəltəraşlıq sahəsində də bir neçə qiymətli əsərlər yaradılmışdır ki, onlar da artıq xalqımızın daş yaddaşına çevrilmişdir. Xalq rəssamı Xanlar Əhmədov 20 Yanvar mövzusunda “Ana harayı”, “Bir güllə vurulmuş ata və oğul” əsərləri buna bariz nümunədir.
Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi yaradılmışdır. Abidənin memarı Ədalət Məmmədovdur. Regiolarımizda da belə komplekslər tikilmişdir.
Azərbaycan bəstəkarları da bu mövzuya dönə- dönə müraciət etmişlər. Onlardan bir neçəsini xatırlatmaq istərdik. Ramiz Mustafayevin “Bu qan yerdə qalmaz”, “Bakı-90”,Sevda İbrahimovanın “Vətən Şəhidləri”, Arif Mirzəyevin “Yanvar mərsiyələri”, Hacı Xanməmmədovun “Əlimdə sazım ağlar” və basqa onlarla musiqi əsərlərində şəhidlərimizin ruhu yaşayır.
Tarix Muzeyində əbədi eksponata çevrilmiş bir xalça asılmışdır. Bu, sahibkar Əziz Əbdüləzizin muzeyə bağışladığı “Şəhidlər” xalçasıdır.
20 Yanvar mövzusu heç vaxt unudulmayacaq və inanırıq ki, sənət adamlarımız bundan sonra da tarixi həqiqətləri özündə yaşadan qiymətli əsərlər yaradacaqlar.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.