“Üç nöqtə” sənədli televiziya filminin təqdimatı keçirilmişdir

 

Yanvarın 15-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) və “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin birgə layihəsi olan “Üç nöqtə” sənədli televiziya filminin təqdimatı keçirilmişdir. AzərTAc xəbər verir ki, MTN-in  Mədəniyyət Mərkəzində təşkil edilmiş təqdimat mərasimində tanınmış elm xadimləri, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri iştirak etmişlər.

Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan mədəniyyətini əks etdirən beş tablo və  “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin və Milli Kulinariya Mərkəzinin banerləri qoyulmuşdur. Burada, həmçinin Azərbaycan mətbəxinə aid nümunələr və milli mətbəximizlə bağlı nəşrlər sərgilənmişdir. Eyni zamanda, qonaqlara “Üç nöqtə” sənədli televiziya filminin rus və ingilis dillərinə tərcümə edilmiş diskləri, həmçinin MTN-in sifarişi ilə hazırlanaraq yenicə çapdan çıxmış Azərbaycan mətbəxinə məxsus ən gözəl təamların adlarının etimologiyasından və hazırlanma qaydasından bəhs edən “Azərbaycan mətbəxi” kitabının rus dilində olan variantı təqdim edilmişdir. Yaxın gələcəkdə kitab Azərbaycan, türk və rus dillərində də nəşr olunacaqdır.

Təqdimat mərasimində çıxış edən MTN-in nümayəndəsi Fərhad Vahabov bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü təkcə hərbi əməliyyatlarla, ərazilərimizin böyük bir hissəsinin işğalı, minlərlə soydaşımızın öldürülməsi, əsir və girov götürülməsi, itkin və doğma torpaqlardan didərgin düşməsi ilə bitmir. Ermənistanın hərbi təcavüzü nəticəsində saysız-hesabsız abidələr məhv edilmiş, ərazilərimizin coğrafi adları dəyişdirilmişdir. Həmçinin bu, folklor nümunələrimizə, dastanlarımıza, musiqimizə,  milli musiqi alətlərimizə, xörəklərimizə və maddi-mənəvi irsimizin bir çox nümunələrinə aiddir.

MTN-in nümayəndəsi diqqətə çatdırmışdır ki, 200 ildən çoxdur  ermənilər təşkilatlanmış şəkildə və formalaşmış diasporları vasitəsilə məqsədyönlü iş aparır, dünya ictimaiyyətini aldatmağa çalışır və bir çox hallarda buna nail olurlar.

Vurğulanmışdır ki, son illərdə Azərbaycan dövləti erməni təxribatına qarşı daha mütəşəkkil və səfərbər şəkildə mübarizə aparmağa başlamışdır. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin  işğalçı Ermənistan dövləti  ilə informasiya mübarizəsində hücum taktikasından istifadə etməklə bağlı verdiyi tövsiyələrdən sonra bu işdə köklü dönüş yaranmışdır. İndi həm dövlət, həm ictimai təşkilatlar, həm də vətənpərvər soydaşlarımız səviyyəsində bu məsələyə xüsusi diqqət yetirilir. Bu sahədə Heydər Əliyev Fondunun səmərəli fəaliyyətini də qeyd etmək lazımdır.

Fərhad Vahabov bildirmişdir ki, hazırda Milli Təhlükəsizlik Nazirliyi bu sahədə bir çox müvafiq təşkilatlarla, o cümlədən Mədəniyyət və Turizm Nazirliyi, Müəllif Hüquqları Agentliyi, Azərbaycan Dövlət Teleqraf Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və digər qurumlarla birgə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Bu gün təqdimatında iştirak etdiyimiz kitab və film də birgə səylərimizin məhsuludur.

Bildirilmişdir ki, “Azərbaycan mətbəxi” kitabını nəşr etməkdə əsas məqsəd milli xörəklərimizin adlarının etimoloji mənasını açmaqdır. Film isə erməni saxtakarlıqlarını çox ustalıqla ifşa edir. Bu kitab və film həm də  Prezident İlham Əliyevin 2011-ci il aprelin 26-da  Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağındakı nitqində erməni təxribatına, Azərbaycanın milli, mənəvi, mədəni irs nümunələrinin düşmənlərimiz tərəfindən mənimsənilməsinə qarşı  mübarizənin gücləndirilməsi ilə bağlı çağırışlarından irəli gələrək hazırlanmışdır. Bundan sonra da mübarizəmiz ardıcıl, düşünülmüş və məqsədyönlü surətdə davam etdiriləcəkdir.

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin prezidenti  Vüqar Qaradağlı demişdir ki, “Üç nöqtə” layihəsi məhz erməni plagiatlığının ifşa olunmasına yönələn, Azərbaycanın tarixi həqiqətlərini əyani şəkildə dünyaya çatdıran layihədir. “Üç nöqtə” milli-mənəvi dəyərlərimizi, maddi sərvətlərimizi təbliğ edən vizual faktlar toplusudur.  Bu layihə “Azad Azərbaycan” televiziyasında yaradılmış “Vətənim” Yaradıcılıq Birliyinin ilk məhsullarındandır. Birliyin yaradılmasında məqsədimiz məhz azərbaycançılıq, Azərbaycan tarixini, mədəniyyətini, xalqımızın görkəmli şəxsiyyətlərini, dövlətçilik ideyalarının təbliğidir.

Vüqar Qaradağlı vurğulamışdır ki, “Üç nöqtə” layihəsinin məhz Milli Təhlükəsizlik Nazirliyi ilə birgə reallaşdırılması bizim üçün qürurverici hadisədir.

Milli Təhlükəsizlik Nazirliyinə təşəkkürünü bildirən natiq demişdir ki, bu film Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verəcəkdir.

 Sonra filmin yaradıcı heyəti - ssenari müəllifi Günel Mehri, rejissoru Svetlana Abdullayeva, operatorları Vüqar Şıxəliyev, Nəsimi Babayev və başqaları  səhnəyə dəvət olunmuşlar.

Filmin ssenari müəllifi Günel Mehri ekran əsərinin ərsəyə gəlməsində onlara kömək göstərən hər kəsə minnətdarlığını bildirmişdir. Sonra “Üç nöqtə” sənədli televiziya filmi təqdim olunmuşdur.

Erməni plagiatlığına uğramış Azərbaycan milli kulinariyası və tarixi həqiqətlərinin üzə çıxarılmasından bəhs edən, milli mətbəximizin tarixi keçmişi və bu gününü özündə əks etdirən 38 dəqiqəlik ekran əsəri böyük maraqla qarşılanmışdır.

Filmlə bağlı fikirlərini bölüşən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Milli Məclisin deputatı Qənirə Paşayeva, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı və Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bütün yaradıcı heyəti təbrik etmiş və bu istiqamətdə işlərin davamlı olmasını arzulamışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında