Azərbaycan Respublikasının Mədəniyət Naziri Əbülfəs Qarayevin 2 fevral 2012-ci il tarixli 37 saylı əmrinə əsasən Masallı şəhəri Azərbaycanın Folklor Paytaxtı elan edilmişdir. Bu, Masallının zəngin ağız ədəbiyyatı nümunələri - nağıl, dastan, bayatı, nəğmə, tapmaca, yanıltmac, atalar sözü, zərb-məsəllər və bölgələrinin digər folklor incilərinə, tarixi abidələrinə, xalq sənətinə verilən qiymətdir.
İnsanın qəlbində sözü olanda, onlar çıraq kimi yananda, ocaq kimi alışanda, quş kimi qanadlananda, bahar kimi çiçəklənəndə o ovqatını ifadə edir. Sözü sözə tutanda, sözü sözlə ahəngləşdirəndə şirin nəğməyə dönür. Bir ürəkdə çağlayan mahnılar digər ürəkləri də ehtizaza gətirir.
Masallının uzaq əsrlərdən bu günə düzənlənən söz inciləri: zərb məsəllər, bayatılar, əmək nəğmələri, halaylar, holavarlar, mərasim mahnıları, rəqslər karvan-karvan yol yorub, qərinələr, əsrlər keçib zamanımıza gəlib çıxıb. Bu zəngin karvanın, əvəzsiz mənəvi dəyərlərin sarvanı insanlardır, bu zəngin xəzinəni xalqın faydasına çevirmiş, onun ovqat görüntüsünə döndərə bilənlərdir. Əlbəttə, bu proses “Sim-sim” qapını aç qədər əl altında, asan başa gələn olmamışdır. Nəsil-nəsil atadan, anadan övlada miras qalan bu zəngin xəzinə insanların yaddaşında ötürülə-ötürülə gəlib bu günümüzə çıxmışdır.
Qədim mədəniyyətə, qatı açılmamış xalq yaradıcılığına çoxsaylı abidələrə malik olan, son otuz ildə folklor inciləri ilə dünyanın 30-dan artıq ölkəsinin dinləyicilərini ram edən Masallının respublikanın rayonları arasında seçilib sananması reallıq idi.
Burada hər qaya, hər daş tarix yaradır. Bir ovuc torpaq peşəkarlar əlində ecazkar sənət əsərinə dönür. Kəndlərin hamısında xalq sənəti maddi-mədəniyyətimizin ən qiymətli inciləri kimi qorunur. Məhz bu xüsusiyyətinə görə ilin əvvəlində seçim zamanı münsiflər Masallının namizədliyinə hamılıqla səs verdilər.
Masallı bu adı əsil mənada doğrultdu. Ağsaqqalların, ağbirçəklərin bayatı boxçası açıldı, nə açıldı. Folklor ansambllarının yarışları başladı. Bir kəndin, bir məhəllənin halayına, qonşu yaşayış yerlərindən səs verdilər. Sən demə, hər kənd yox, hər məhəllə xalq incilərinə bir cür rövnəq verirmiş. Bir bayatının, atalar sözünün, laylanın, mahnının, əmək nəğməsinin müxtəlif çalarları aşkar edilib toplandı. Ancaq hamısı bir ruhun diktəsi, bir ürəyin döyüntüsü kimi ipə-sapa düzüldü. Folklorşünaslar Masallıda oldular. Kəndbəkənd, məhəllə-məhəllə gəzib bu zəngin xəzinəni sinədəftərlərin dediyi kimi kağıza köçürdülər.
Bu işlər Masallıda keçirilən “Azərbaycan Folkloru mənəvi sərvətimizdir” mövzusunda elmi-praktik konfransda müəyyən qədər yekunlaşdı. Masallı folklor nümunələri kitablarda çap edildi. Filmlərdə, xüsusilə “Halay” haqqında çəkilən sənədli ekran əsərlərində bunlardan daha çox istifadə olundu.
Folklor ili çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri Folklor paytaxtının kubokunun və loqosunun təqdimetmə mərasimi idi. Mərasim vaxtı kubok və loqos rayon icra hakimiyyəti başçısının müavini, Təşkilat Komitəsinin sədri Nəsir Muxtarlı və Mədəniyyət və Turizm şöbəsinin müdiri, Respublikanın əməkdar mədəniyyət işçisi Lətifə Mövsümovaya təqdim edildi.
Təqdimat mərasimində iştirak edən millət vəkili Elmira Axundova dövlətimizin mədəniyyət sahəsinə qayğısını YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın muğam sənətinin inkişafı sahəsində həyata keçirdiyi qlobal layihələrlə səciyyələndirdi. Bu tanınmanın ikinci mərhələsi olaraq regionların foklorunun, ayrı-ayrı ansambl və kollektivlərin dünya miqyasında tanındığını qeyd etdi.
Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, əslən Masallıdan olan xalq artisti İlham Əsgərov ümid ifadə etdilər ki, Masallı Azərbaycanın layiqli folklor paytaxtı olacaq. Həmin tədbir dağ çaylarına qüvvət verən yazın gəlişinə bənzəyirdi. Bundan sonra şəhər mərkəzində, qəsəbə və kəndlərdə bir-birindən maraqlı tədbirlər keçirilməyə başladı. Proqramın məramına uyğun olaraq keçirilən bu tədbirlər sübut etdi ki, insanların ovqatını yüksəltməkdə, xüsusilə gənc nəslin hərtərəfli inkişafında xalq yaradıcılığı qaynaqlarından istifadə etməyin böyük faydası var.
Masallıda respublika muğam festivalı təntənəli keçdi. “Masallı” rəqs, incəsənət məktəbinin “Sara”, yaşlılardan və gənclərdən ibarət “Halay” ansamblları, Şərəfənin “Həcər”, Xırmandalının, Öncəqalanın, Sərçuvarın, Gəyəçölün, Qodmanın xalq kollektivləri rəngarəng tədbirlərdə uğurla çıxış etdilər. Tədbirlər get-gedə daha da kütləviləşirdi. Ulu öndərin anadan olmasının 89-cu ildönümü və qurtuluş günü münasibəti ilə keçirilən tədbirlərdə rayonun bütün musiqi kollektivləri iştirak etdi.
Sonra yaz festivalı, turizm mövsümünün açılışı, xalq sənəti, el təranələri, xalq yaradıcılıq bayramları təmtəraqla keçirildi. Bir sözlə, rayonun 118 bədii özfəaliyyət kollektivi, onların 2800 üzvü tədbirlərdə iştirak etdi. Folklor ili çərçivəsində ən böyük tədbir isə Masallıda keçirilən Beynəlxalq Folklor festivalı idi.
Sentyabrın 7-si Masallı xüsusi ilə təmtəraqlı görünürdü. Küçə və meydanlar şəhərdən, rayonun ayrı-ayrı kənd və qəsəbələrindən gələnlərlə dolu idi. Masallı Beynəlxalq folklor festivalına gələnləri isti-hərarətli salamlayırdı. Festival başlamazdan əvvəl Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin üzvləri, Dövlət rəsmiləri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular.
Bayraq Meydanından başlayan görüş arasıkəsilməyən dəstələrlə Heydər Əliyev parkının önündən keçib getməsi ilə start götürdü.
Folklor kollektivləri təmsil etdikləri ölkələrin bayraqlarını dalğalandırdılar...
İlk olaraq meydanda Azərbaycan bayrağı dalğalanır. Yaşlılardan və gənclərdən ibarət “Halay” folklor kollektivi, “Masallı” rəqs qrupu, Naxçıvanın rəqs ansamblı, Rusiya Federasiyasının Dağıstan respublikasının Kabarda-Balkar, Türkiyənin, İranın, Latviyanın folklor kollektivləri üç gün rayonda, Boradigah qəsəbəsi və Şərəfə kəndində, istirahət obyektlərində zəngin proqramlarla çıxış etdilər.
Konsertlər zamanı Masallının tələbkar tamaşaçıları da mahnılara nəqarət tutur, rəqslərə ahəng verirdilər.
Rayon mərkəzində keçirilən yekun konsertində Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov zəngin folklorumuzun dünyaya tanıtdırılmasını dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirdi.
Respublika Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədli iştirakçılara uğurlar arzuladı. Festival müddətində hər yerdə Masallının bacarıqlı əl ustalarının əsərləri nümayiş etdirildi.
Masallı Olimpiya İdman Kompleksində keçirilən yekun konsertində də “Halay” və digər kollektivlər, Naxçıvanın “Şərur” ansamblı, Türkiyə, İran, Latviya, Dağıstan və Kabarda-Balkar folklor qruplarının ifaları xoş təsir bağışladı. Ansabl üzvləri Masallı qonaqpərvərliyini yüksək qiymətləndirib, festival günlərini unutmayacaqlarını bildirdilər. Burada bu fikir dəfələrlə təkrarlandı ki, Masallı beynəlxalq tədbirlərə inamla sahiblik edə bilər.
Festivalda Masallıda nəfis şəkildə hazırlanan saxsı qablar, müxtəlif suvenirlər, köynəklər, qələmlər, döş nişanları iştirakçılar üçün maraqlı idi və hamısı öz ölkələrinə bu qiymətli hədiyyələri məmnuniyyətlə apardılar.
Festival müddətində hazırlanan fotoalbomlar, disklər və s. maraqla qarşılandı.
...Dekabrın 15-i Masallı yenidən izdihamlı idi. Rayonumuza dövlət rəsmləri, mədəniyyət nazirliyinin nümayəndələri, jurnalistlər gəlmişdilər. Bu, bir növ folklor paytaxtının keçirdiyi çoxsaylı tədbirlərə qiymət vermək məqsədi daşıyırdı.
Rayon Gənclər Mərkəzində keçirilən tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini, Təşkilat Komitəsinin sədri Nəsir Muxtarlı açdı. O, Folklor ilində keçirilən tədbirlərdən geniş danışıb bildirdi ki, bu sahədə görülən işlər bütün rayonu əhatə edib. Xalq folklorunu öyrənməyə, bu qiymətli incilərin araşdırılıb tapılmasında bütün masallılar tədqiqatçı olublar. Ayrı-ayrı kənd və qəsəbələrdə keçirilən folklor tədbirlərində minlərlə insan iştirak etmiş, yeni kollektiv və ifaçılar meydana çıxmışdır.
Mədəniyyət və Turizm nazirliyinin mədəniyyət və siyasət şöbəsinin müdiri Fikrət Babayev folklor ilində Masallıda bir-birindən zəngin, maraqlı, çoxsaylı tədbirlərin keçirildiyi barədə danışmış, qeyd etmişdir ki, Masallıda keçirilən Beynəlxalq Folklor Festivalında iştirakçıların yüksək qonaqpərvərliklə qarşılanması barədə nazirliyə və rayona təşəkkür məktubları gəlməkdədir. Masallı rayon rəhbərliyinin festivalla, eləcə də folklor ili çərçivəsində gördüyü tədbirləri təqdir edən natiq bu fikirdə olduğunu bildirdi: Masallı hər cür beynəlxalq tədbirlərə ev sahibliyi edə bilər.
Respublika Folklor İnstitutunun direktoru Muxtar İmanov rayonun zəngin folkloru olduğunu qeyd etdi. O, bu folklorun toplanılıb çap etdirilməsi barədə iş görüldüyünü bildirdi.
Millət vəkili Fəzail İbrahimli folkloru xalqın mənəvi dəyərinin zənginliyi adlandırıb, Masallı sakinlərinin bu sahədə qazandıqları uğurları gündəmə gətirdi. Tədbirdə folklor ilində fərqlənənlərə Diplomlar, Fəxri fərmanlar və mükafatlar təqdim edildi. Mükafatları Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov təqdim etdi.
Yenə səhnə incəsənət ustalarına verildi. Folklor ansamblları, ayrı-ayrı ifaçılar, rəqs kollektivlərinin çıxışları bir-birini əvəz etdi.
...Bu ardıcıllıq onu sübut etdi ki, folklor ili başa çatmayıb, bir folklor ilinin sərhədində digərinin başlanğıcı dayanır.
Tədbirdən sonra rayon icra hakimiyyətinin başçısı respublikanın aparıcı mətbuat orqanlarının və televiziya kanallarının jurnalistləri ilə birgə mətbuat konfransı keçirdi.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.