Azərbaycanın qədim abidələri Avropa Şurasının diqqətində

 

Avropa Şurası Parlament Assambleyası (AŞPA) özünün qış sessiyasına qurumun Mədəniyyət, elm, təhsil və mətbuat komitəsinin xətti ilə təqdim ediləcək bir neçə məruzə ilə gedir.

Bu mövzular zahirən mədəniyyətin, elm və təhsilin, jurnalistikanın ayrı-ayrı istiqamətləri ilə bağlı olsa da, mahiyyətinə görə onlar müasir Avropada və dünyada siyasi həyatın ən ciddi problemləri ilə birbaşa əlaqədardır.

Təsadüfi deyildir ki, komitənin bu dəfə dekabrın 18-də və 19-da AŞPA-nın Parisdəki mərkəzi qərargahında, eləcə də Fransa Senatında keçirilən iclasları 2 gün davam etmişdir. Bu iclaslar çərçivəsində əsas məruzələrdən əlavə, 5 mövzu ətrafında müxtəlif ekspertlərin və dəvət edilmiş siyasi xadimlərin iştirakı ilə dinləmələr keçirilmişdir.

 Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov həmin toplantılarda iştirak etmiş, müzakirə edilən məsələlərlə bağlı mövqeyini bildirmişdir. Qeyd etmək lazımdır ki, deputat Rafael Hüseynov qurumun payız sessiyasında “Avropada ali təhsil məkanının vahidliyi və beynəlxalq açıqlığı” mövzusunda məruzəsini uğurla təqdim etdikdən sonra qəbul edilmiş qaydalara müvafiq olaraq Avropa Şurası Nazirlər Komitəsi artıq AŞPA-da müzakirə edilərək təsdiqlənmiş hesabat və qətnamə ilə əlaqədar üzv ölkələr üçün tövsiyə və təkliflərini hazırlamışdır.

Nazirlər Komitəsinin rəyində R.Hüseynovun müəllifi olduğu məruzə yüksək qiymətləndirilmiş, araşdırmanın bir çox müddəalarının Avropa təhsil məkanında tətbiq edilməsi məqsədəuyğun sayılmışdır.

 Rafael Hüseynov Mədəniyyət, elm, təhsil və mətbuat komitəsinin son iclasında Azərbaycanla bağlı daha bir mövzunun yer aldığını diqqətə çatdıraraq demişdir: “Hər il Avropa Şurası Avropa Muzeylər Forumu ilə birgə mədəniyyətlərarası dialoqun mühüm tərkib hissələrindən hesab edilməyə layiq olan əhəmiyyətli bir tədbir keçirir. Müfəssəl təhlil və ekspertizalardan sonra hər növbəti il üçün qitənin ən yaxşı muzeyi müəyyənləşdirilərək Avropa Şurasının muzey prizinə layiq görülür. Təbii ki, Avropada muzeylər çoxdur və hər il də iddiaçılar yetərincə bol olur. Çoxsaylı iddiaçılar arasında seçim çox gərgin fikir mübadilələri əsasında aparılır.

 2013-cü ildə qitənin ən yaxşı muzeyi sayılaraq Avropa Şurasının mükafatına layiq görülmək üçün hələ iyul ayında 41 namizəd irəli sürülmüş, ilk seçimdən sonra siyahıda onlardan 31-i saxlanmışdı. Daha sonrakı müzakirələrdə isə iddiaçılar siyahısında həmin namizədlərdən 8-i qalmışdı. Avropa Şurası Parlament Assambleyası Mədəniyyət, elm, təhsil və mətbuat komitəsinin dekabrın 19-da keçirilən iclasına təqdim olunan yekun hesabatda isə artıq cəmi 3 ölkənin 3 muzeyinin adı yer alır. Bunlar İspaniyanın San Sebastian şəhərindəki San Telmo muzeyi, Böyük Britaniyadakı Liverpul muzeyi və Azərbaycanın tarixi sənət qoruğu olan Qobustandır. Əlbəttə, Qobustan açıq səma altında bir muzey olaraq və əhatə etdiyi sənət incilərinin qədimliyi baxımından tamamilə bənzərsizdir. Qobustan qaya rəsmlərinin yaşı 20 min illik qədimliyə malikdir. Mən komitədə hazırladığım sənədlərdə də bu fikri ifadə etmişəm ki, belə incilər - Qobustan, Azıx mağarası kimi qədim tarixi yadigarlar yalnız Azərbaycanın iftixarı deyil, bütövlükdə Avropa insanının mədəni təşəkkülünün təməl kərpicləridir. Qobustanın qayaüstü yazı və rəsmləri 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmişdir və bu nailiyyətdə həmin qurumun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Çünki hadisələrin gedişi prosesinə bələd olan şəxs kimi yaxşı bilirəm ki, Azərbaycan tərəfi, o cümlədən Mədəniyyət və Turizm Nazirliyimizin uzun illər boyu Qobustanın UNESCO-nun həmin siyahısına daxil edilməsi üçün ciddi səy göstərsə də qeyri-obyektiv, ədalətsiz, bəzi məqamlarda qərəzli münasibətlər ucbatından arzulanan nəticəni əldə etmək mümkün olmamışdı.

Mehriban xanım Əliyeva həm bu problemin həllində, həm də ümumən Qobustanın tədqiqi və təbliğində yeni sıçrayışın gerçəkləşməsi üçün müstəsna əmək sərf etmişdir. Həmin ardıcıl səylər olmasaydı, bu gün Qobustanın adının Avropanın ən yaxşı muzeyləri sırasında ön cərgəyə çıxması da mümkünsüz olardı. Bu hadisə də zahirən sırf mədəniyyətimizin uğuru, Avropa Şurasının, Avropa Muzeylər Forumunun qədim abidələrimizə, incəsənətimizin əbədiyaşar nümunələrinə diqqətinin təzahürü kimi başa düşülsə də, mahiyyət etibarı ilə siyasi məna daşıyır. Çünki bu uğur həm azərbaycanlıların bir xalq, məmləkətimizin bir ölkə olaraq qədimliyini, intellektual və mədəni zənginliyini, dünya sivilizasiyasında üstün məqamını nümayiş etdirir, həm də Vətənimizin Avropada və dünyada daha yüksək səviyyədə tanınıb qəbul edilməsində əsas yardımçıya çevrilir".

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında