Bakıda “Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesi açılmışdır

Dekabrın 11-də Muzey Mərkəzində “Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesinin başlanmasına həsr olunmuş “Müasir incəsənət təcrübəsi bu gün” mövzusunda mətbuat konfransı keçirilmişdir.

Dekabrın 11-də Muzey Mərkəzində “Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesinin başlanmasına  həsr olunmuş “Müasir incəsənət təcrübəsi bu gün” mövzusunda mətbuat konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, biennalenin direktoru Qalib Qasımov dekabrın 11-dən 16-dək Bakıda keçiriləcək tədbir haqqında geniş məlumat vermişdir.

Bildirilmişdir ki, biennalenin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və “YARAT!” Müasir İncəsənət Məkanıdır. Beynəlxalq tədbir Fransanın ölkəmizdəki səfirliyinin, Norveçin “Statoil” şirkətinin və Türkiyənin “Koridoor Contemporary Art Programs” qrupunun dəstəyi ilə keçirilir.

Biennaledə Avropa və Asiya ölkələrindən olan rəssamlar, sənətşünaslar və kuratorlar iştirak edirlər.

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, biennalenin kuratoru, sənətşünas Dilarə Vahabova  ölkəmizdə artıq ənənə halını almış bu beynəlxalq tədbirin əhəmiyyətindən, onun gənc rəssamlar üçün yeni imkanlar yaratmasından danışmışlar.

Konfransda biennalenin iştirakçıları özlərinin əsas bədii layihələrindən  və yaradıcılıq planlarından söz açmış,    görülmüş işlərlə bağlı  fikir və ideyalarını bölüşmüşlər.

Biennalenin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdən, onların dünya xalqları arasında dialoq və mədəniyyət körpüsü rolunu oynamasından,  ölkəmizin bu cür tədbirlərin təşkilində artıq böyük təcrübəyə malik olmasından danışmışdır.

 Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirən nazir vurğulamışdır ki, fondun xətti ilə Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən tədbirlər ölkəmizin və mədəniyyətimizin tanınmasında, təbliğində mühüm əhəmiyyət kəsb edir. Son vaxtlar “YARAT!” Müasir İncəsənət Məkanının mədəniyyətimizin təbliğinə və inkişafına verdiyi töhfələrdən söz açan Ə.Qarayev bildirmişdir ki, biennalenin əlaqələndiricisi  həmin qurumun təsisçisi Aida Mahmudovadır.

Ə.Qarayev bildirmişdir ki, dekabrın 16-dək  davam edəcək biennale çərçivəsində Bakıdakı 15 qalereyada sərgilər təşkil olunacaq və burada  dünyanın 17 ölkəsindən gəlmiş 50-dən çox müəllifin əsərləri   nümayiş etdiriləcəkdir.

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov demişdir ki,  “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına güclü təkan vermişdir.

Sonra tədbir iştirakçıları Azərbaycan ilə yanaşı, Türkiyə, Mərakeş, Pakistan, Fransa, Almaniya, Rusiya, Norveç, Danimarka, İspaniya və digər ölkələri təmsil edən rəssamların əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında