O, öz sənətinin fədaisi idi Xatırlama.

Azərbaycan kino sənətinin görkəmli yaradıcılarından biri, kinorejissor, xalq artisti, Dövlət mükafatı laureatı Muxtar Baba oğlu Dadaşov böyük və mənalı həyat yolu keçmişdir.

Azərbaycan kino sənətinin görkəmli yaradıcılarından biri, kinorejissor, xalq artisti, Dövlət mükafatı laureatı Muxtar Baba oğlu Dadaşov  böyük və mənalı həyat yolu keçmişdir.Onun yaratdığı  filmlər dəfələrlə ümumittifaq və beynəlxalq kinofestivalların qalibi olmuş, mükafatlara layiq görülmüşdür. Bu filmlərdə tariximizin  çox əhəmiyyətli hadisələri canlandırılır, dövrün aktual problemləri  öz əksini tapır.

Muxtar müəllim 1913-cü ilin sentyabr ayında Bakıda dünyaya göz açmışdı. Hələ uşaq ikən  Milli Dram Teatrının səhnəsində çıxış edən  Muxtarın arzusu böyük sənətə gəlmək, görkəmli sənət ustaları ilə bir yerdə çalışmaq idi. 1929-cü ildə artıq Gənc Tamaşaçılar Teatrında işləyirdi. Kiçik rollar oynayır, rejissor assistenti kimi fəaliyyət göstərirdi. Kinoya maraq  onu  1931-ci ildə Bakı kinostudiyasına gətirdi. Həmin il artıq o, burada operator assistenti  kimi çalışırdı.

Amma onun arzusu ali kino təhsili almaq idi. Beləliklə, bir sıra sənədli filmlərdə çalışdıqdan sonra  Muxtar Dadaşov ali operator təhsili almaq üçün 1933-cü ildə Moskvaya gedir. Üç il ərzində operator kimi təkmilləşir, Moskvada bir sıra filmlərin çəkilişlərində iştirak edir, hətta görkəmli rus kinematoqrafçısı M. Vernerin “Canlı Allah” bədii filmində aktyor M. Ştrauxila birgə baş rolda çəkilir.

Azərbaycan kinosunun yaranmasında və formalaşmasında öz xidmətlərini göstərmək, qiymətli filmlər çəkmək onun  böyük arzusu idi. Vətənə qayıdandan sonra  o, bir bir müddət Azərbaycan kinosunda operator kimi sənədli filmlər çəkməklə məşğul olur.

Onun yaratdığı sənədli filmlər həmişə öz aktuallığı ilə seçilmiş, dövrün çox mühüm ictimai-siyasi hadisələri bu filmlərin əsas mövzsunu təşkil etmişdi. “Sovet Azərbaycanı”, “Bizim Azərbaycan”, “Ana yurdum, Azərbaycan”, “Sovet Azərbaycanının 50 illiyi”, “Respublika haqqında həqiqət” və s. filmlərində rejissor doğma torpağa məhəbbət hisslərini, Azərbaycanın əsrarəngiz təbiətini, tarixi şəxsiyyətlərimiz haqqında həqiqətləri ecazkar kinonun dili ilə tərənnüm edir.

1939-cu ildə M. Dadaşov rejissor-operator kimi “Samur-Dəvəçi kanalı” kinooçerkini çəkir. Bu, çox məsuliyyət tələb edən bir film idi.Böyük tikintidə çalışan insanların  gərgin əməyini, quruculuq əzmini böyük ustalıqla ekrana gətirə bilmişdı.

Muxtar müəllim Azərbaycanın məşhur ziyalıları ilə həmişə yaxın dostluq edərdi. O, Mirzə İbrahimov, Süleyman Rəhimov, İmran Qasımov, Ənvər Məmmədxanlı, Tofiq Quliyev və başqaları ilə tez-tez görüşər, yaradıcı söhbətlər aparardı. Muxtar müəllim deyirdi: “Kino həyatın aynasıdır. Bu ayna böyük Sabir demişkən: “düzü-düz, əyrini-əyri” əks etdirməyə qadir olan möcüzədir. O, təmiz, ləkəsiz, pak duyğularla canını sənətə fəda edən istedadlı, namuslu, bacarıqlı, professional şəxslərin əlində olmalıdır”.  O, kinoya həqiqətən bütün qəlbi ilə bağlanmışdı, ona görə də yaratdığı filmlərdə qəribə bir özünəməxsusluq var idi. 1953-cü ildə lentə aldığı “Arazın o tayında” filmində qaldırdığı problem bütöv Azərbaycan ideyasından güc alırdı. Muxtar müəllim həmişə bu problem ətrafında düşünər, filmlərində, kiçik epizodda olsa belə, bu mövzuya toxunardı.

Muxtar Dadaşov operator və rejissor kimi bədii filmlərdə də çalışmışdır. 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmində o, operator köməkçisi olmuşdu. Leyla xanım Bədirbəyli filmin çəkilişlərini xatırlayaraq deyirdi: “Muxtarla ilk işim “Arşın mal alan” filmində olub. Filmin çəkilişləri zamanı rejissor Rza Təhmasib tez-tez soruşardı: “Nəyə görə istəyirsən ki, sənin planlarını, xüsusilə iri planlarını Muxtar Dadaşov çəksin?” Bir dəfə mən bu sirri açdım. Dedim, düzdür, Əlisəttar Atakişiyev təcrübəli operatordur. Ondan fərqli olaraq Muxtar aktyorun daxili aləminə nüfuz edir. Mənim bu sözlərim Təhmasibin xoşuna gəldi, sonra daha bu mövzuya qayıtmadı”.

Quruluşçu rejissor kimi ilk bədii filmi “Qanun naminə” kinoəsəri oldu. Bu filmi Süleyman Rəhimovun “Mehman” povesti əsasında çəkmişdi. Filmdə əsərdən fərqli cəhətlər çoxdur. Amma ideya bütövlükdə saxlanılmış və uğurlu bir film yaranmışdır. Muxtar Dadaşov çəkiliş üçün dağ rayonlarından birini seçmiş, baş rola isə Orta Asiya respublikalarından aktyor dəvət etmişdi. Filmin digər aktyor ansamblı da maraqlıdır. Adil İsgəndərov, Mustafa Mərdanov, Rza Təhmasib, Nəsibə Zeynalova, Əliağa Ağayev, Nəcibə Məlikova və başqalarının yaratdığı rollar filmin səviyyəsinə öz təsirini göstərmişdi.

Muxtar Dadaşovun “Bakıda küləklər əsir” filmi Böyük Vətən müharibəsi mövzusunda çəkilmiş çox dəyərli filmlərimizdəndir. Kinorejissor müharibə mövzusunda hələ 1943-cü ildə “Bakı döyüşür” adlı sənədli film çəkmişdi. Maraqlıdır ki, o, müharibənin gedişi vaxtı S. Vurğunu, Üzeyir bəyi, kimyaçı alim Y.Məmmədəliyevi, eləcə də neftçilərdən G.Əliyevi, A.Nematullanı, R. Rüstəmovu və başqalarını bu filmə daxil etmişdi. Bu tarixi kadrlar milli kinomuzun nadir epizodları kimi çox əhəmiyyətlidir. Sonradan bu filmi daha da genişləndirərək “Bakı-42” adlı çox gözəl film yaradan rejissor, nəhayət, 1974-cü ildə “Bakıda küləklər əsir” bədii filmini yaratdı. Filmdə istedadlı rejissor xalqımızın müharibə illərində arxa və ön cəbhədə göstərdiyi hünəri, casusların ifşa edilməsində qəhrəman çekistlərimizin ayıq-sayıqlığını, onların çox cəsarətli əməliyyatları nəticəsində Bakının neft mədənlərinin partladılmasının qarşısının alınmasını ustalıqla əks etdirmişdi.

Muxtar Dadaşov operator kimi də bədii filmlərdə işləmişdi. “Rəqs edən tısbağalar”, “Kəndlilər”, “Yeni horizont”, “Vətən oğlu”, “Sualtı qayıq T-9” filmləri məhz onun operator kamerası vasitəsilə həyata vəsiqə almışdır.

Muxtar müəllim tədqiqatçı rejissor idi. Çəkdiyi tarixi filmlər üçün zəngin material toplayır, alimlərlə məsləhətləşir, sonra onları lentə alırdı. Elə “Nəriman Nərimanov” filminin çəkilişi zamanı da belə olmuşdu. N.Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapıb, filmə gətirmişdi.

Ömrünün son illərinə qədər böyük həvəslə filmlər çəkir, filmlərdə məsləhətçi kimi iştirak edirdi. O, öz məktəbini yaratmışdı. Bu böyük sənətkar Azərbaycan Kinematoqrafçılar İttifaqının bütün tədbirlərində iştirak edir, milli kinomuzun problemlərinin həlli yollarını göstərirdi. O, həmişə Rusiyanın məşhur kino xadimləri ilə əlaqə saxlayırdı. Romen Karmen, Esfir Şub, Qriqori Aleksandrov, Nikolay Renkov və başqaları tez-tez Muxtar müəllimi yad edir, onun filmlərinə münasibətlərini məktub və teleqramla bildirirdilər.

Muxtar Dadaşovun yaradıcılığı Azərbaycan kinosunun 50 ildən artıq bir dövrünü əhatə edir. Onun əsərləri dünyanın bir sıra ölkələrində göstərilmiş, böyük maraqla qarşılanmışdır. Rejissorun gərgin, yaradıcı əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülmüşdür. Muxtar müəllim, həm də Dövlət mükafatı laureatıdır.

Onun sənət irsinin tədqiq olunmasına bu gün böyük ehtiyac vardır. Onun əsərlərində öyrənilməli cox şeylər var və yəqin ki, kinoşünaslarımız  bu məsələyə biganə qalmayacaqlar.  

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında