Latviyalı qonaqlar Qobustan Milli Tarixi-Bədii Qoruğunda olmuşlar

Latviya Respublikasının Baş naziri Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində noyabrın 30-da Qobustan Milli Tarixi-Bədii Qoruğunda olmuşdur.
Qonaqlar əvvəlcə qoruğun muzeyində nümayiş etdirilən eksponatlara baxmışlar. Nümayəndə heyətinə məlumat verilmişdir ki, muzeyin rəqəmsal dizaynı Latviyanın "Dd-studio" şirkəti tərəfindən hazırlanmışdır.
Bildirilmişdir ki, Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin üst paleolit və mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınmışdır. Burada 40-dan artıq kurqan aşkar olunmuş və 105 mindən çox maddi-mədəniyyət nümunəsi tapılmışdır. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilmişdir. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir.
Diqqətə çatdırılmışdır ki, buradakı qavaldaş daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın "Yallı" rəqs səhnələri təsvir olunmuşdur. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğu vurğulanmışdır. Qayalardakı Roma yazısı eramızın 81-96-cı illərinə aiddir və altı sətirdən ibarətdir. Bu, Roma imperatoru Domisianın dövründə 12-ci Roma legionunun burada olduğunu göstərir.
Qeyd edilmişdir ki, Qobustan Milli Tarixi-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyev martın 4-də qoruq muzeyinin yeni binasının tikilməsi üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayrılması ilə bağlı sərəncam imzalamışdır.
Latviyalı qonaqların diqqətinə çatdırılmışdır ki, 4 min hektardan artıq ərazidə yerləşən, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilmişdir.
Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan Baş nazir ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla maraqlanmışdır.
Latviya Respublikasının Baş naziri Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyəti Qobustan Milli Tarixi-Bədii Qoruğundan xoş təəssüratla ayrılmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında